Pakistanda yağış və daşqın qurbanlarının sayı 330 nəfəri ötüb

Pakistanda iyulun ortalarından bəri davam edən musson yağışları və daşqınlar nəticəsində ölənlərin sayı 337 nəfərə çatıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Dawn qəzeti Pakistanın fövqəladə hallar idarəsinə istinadla məlumat yayıb.

Qəzetin məlumatına görə, son sutka ərzində daha 35 nəfər həlak olub. Daşqınlar 8,6 mindən çox evə və inzibati binaya ziyan vurub, onlardan 3,3 mini tamamilə dağılıb. Sel suları 50 körpünü uçurub, ümumi uzunluğu 650 kilometr olan magistral avtomobil yolları su altında qalıb.

İdarədən bildiriblər ki, təbii fəlakətdən ən çox Bəlucistan əyaləti ziyan çəkib. Xab çayının daşması nəticəsində regionda 104 nəfər ölüb. Əyalətin paytaxtı Kvetta şəhərinə dünən 200 millimetr yağıntı düşüb. Pəncab əyalətində həlak olanların sayı 71 nəfərə, Sind və Xayber-Paxtunxva əyalətlərində isə müvafiq olaraq 81 və 67 nəfərə çatıb.

Sinoptiklər Pakistanın əksər ərazilərində leysan yağışların həftənin sonunadək davam edəcəyini bildirirlər.

ƏvvəlkiBP-nin Azərbaycan üzrə yeni vitse-prezidenti təyin olunub
NövbətiYeni tədris ilindən Zəngilanda ilk dərslər başlayacaq