Pakistanda xarici ölkələrin səfirliklərinin yerləşdiyi diplomatik anklavda erməni terrorunun fəsadlarını əks etdirən guşə yaradılıb

Ermənistan tərəfindən Azərbaycanın mülki əhalisinə qarşı məqsədli şəkildə törədilmiş terrorizmi dünya ictimaiyyətinə çatdırmaq və bu terror nəticəsində ölkəmizin Gəncə, Mingəçevir və digər yaşayış məskənlərində həlak olan həmvətənlərimizin əziz xatirəsini yad etmək məqsədilə Azərbaycanın İslamabaddakı səfirliyinin binası önündə yaradılan guşəni Pakistanın bir sıra rəsmi şəxsləri, bu ölkədə yerləşən diplomatik missiyaların və beynəlxalq təşkilatların rəhbərləri, diplomatlar, Pakistan ictimaiyyətinin və KİV-lərinin nümayəndələri, eləcə də bu şəhərdə yaşayan azərbaycanlılar ziyarət edirlər.

Ziyarətçilər erməni terrorunu özündə əks etdirən posterlərin, şəkillərin və şüarların yer aldığı guşə ilə tanış olur, orada şam yandırır, eləcə də gül-çiçək qoyur, qətlə yetirilənlərin xatirəsinə ehtiramlarını ifadə edirlər.

Səfirliyin binasının yerləşdiyi yolun kənarında quraşdırılmış böyük monitorda Gəncə və digər şəhərlərimizin dinc əhalisinə qarşı həyata keçirilən çoxsaylı raket hücumlarının nəticələrini və fəsadlarını əks etdirən sənədli filmlər nümayiş etdirilir, digər məlumatlar çatdırılır.

Guşəyə baş çəkən ziyarətçilər Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərini, o cümlədən beynəlxalq humanitar hüququ, Cenevrə Konvensiyasının öhdəliklərini, eləcə də elan olunmuş humanitar atəşkəsi kobud şəkildə pozaraq Azərbaycanın mülki əhalisinə qarşı törətdiyi vəhşilikləri pisləyərək Azərbaycanla həmrəyliyini və ölkəmizin özünü müdafiə hüququna dəstəyini ifadə edirlər.

ƏvvəlkiTürkiyədən növbəti addım: idmançıları da Azərbaycanı dəstəklədi
NövbətiPrezident İlham Əliyev İtaliyanın Rai-1 televiziya kanalına müsahibə verib