Ötən gün polis və Daxili Qoşunların hərbi qulluqçuları yaşayış yerlərini tərk edən 27 koronavirus xəstəsini saxlayıblar

Karantin rejimi tələblərinin təmin edilməsi məqsədilə polis və Daxili Qoşunların hərbi qulluqçuları respublikanın bütün şəhər və rayonlarında gücləndirilmiş iş rejimində çalışırlar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətdən AZƏRTAC-a bildiriblər ki, infeksiyanın ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi ağır fəsadların qarşısının alınması məqsədilə paytaxt ərazisində, eləcə də bölgələrdə nəzarət–profilaktik tədbirlər davam etdirilir. Keçirilən tədbirlərdə əsas məqsəd əhalinin sağlamlığı, sanitariya-gigiyena və sanitar-epidemioloji qaydalarla bağlı məsuliyyət hissinin artırılmasıdır.

Dekabrın 10-da polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən respublika ərazisində ictimai yerlərdə yaşayış yerlərini tərk edən 27 aktiv COVID-19 xəstəsi müəyyən olunaraq saxlanılıb.

Tibbi prosedurlar gözlənilməklə görülən tədbirlərlə onlardan 26-sı evə qaytarılıb, 1 nəfər xəstəxanaya yerləşdirilib, 20 nəfər barəsində isə cinayət işi başlanılıb.

Faktlarla bağlı Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə istintaq araşdırmaları davam etdirilir.

ƏvvəlkiAŞPA-nın qış sessiyası qarışıq formatda keçiriləcək
Növbəti“İcazələrin Alınması və Monitorinqi Sistemi” yenidən aktivləşdirilib