Orxan Nəzərli: Süni intellekt modulları əsasında informasiya sistemləri qurulacaq

Qarşıdakı dövrdə vergi inzibatçılığında yeni çağırışlara uyğun olaraq rəqəmsal platformaların təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdiriləcək.

AZƏRTAC xəbər verir ki, bu sözləri İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli bu gün keçirilən “Vergi sistemi yeni inkişaf dövründə: davamlı iqtisadiyyat üçün strateji hədəflər” mövzusundakı forumda bildirib.

O bildirib ki, burada əsas xətt vergi qanunvericiliyindəki dəyişiklikləri qəbul edə bilən yeni administrativ xidmətlər yaratmaq, rəqəmsallaşma səviyyəsinin dərinləşdirilməsinə nail olmaqdır.

“Dövlət Vergi Xidməti vergi ödəyicilərinə göstərilən elektron xidmətlərin avtomatlaşdırılması ilə yanaşı, vergi nəzarəti proseslərinin avtomatlaşdırılması üzərində də işləyir. Vergi inzibatçılığının rəqəmsallaşma hesabına sadələşdirilməsi, vergi məlumatlarının əlçatanlığının və keyfiyyətinin artırılması nəticəsində biznesin vergi əməletməsinə sərf etdiyi vaxtın azaldılması və süni intellekt modulları əsasında informasiya sistemlərinin qurulması imkanları əsas hədəf istiqamətlərindən olacaq”, – deyə Orxan Nəzərli əlavə edib.

DVX rəisini sözlərinə görə, ötən il qeyri-neft sektoru üzrə dövriyyələrin həcmində artım göstəriciləri 10,2 faizdən, ƏDV üzrə dövriyyələrdə 10,6 faizdən, o cümlədən elektron qaimə-faktura üzrə dövriyyələrdə 15,6 faizdən çox olub: “Dövriyyələrin şəffaflaşmasında mühüm rol oynayan yeni nəsil nəzarət-kassa-aparatları üzrə dövriyyələrin həcmi 2023-cü ildə 22 milyard manata çatıb”.

ƏvvəlkiPrezident İlham Əliyev: Azərbaycanla Serbiya arasında strateji tərəfdaşlığın gündən-günə genişlənməsi bizi çox sevindirir
Növbəti“AzərEnerji”: 2024-cü ildə Laçında daha 5 SES istismara veriləcək