Oqtay Gülalıyevin son durumu: “Əzab içində mübarizə aparır”- OĞLU

Müalicə üçün Türkiyəyə aparılan hüquq müdafiəçisi Oqtay Gülalıyevin durumunda hər hansı dəyişiklik yoxdur. Bu barədə məlumatı Cebhe.info-ya Oqtay Gülalıyevin oğlu Təbriz Gülalıyev verib.

Atasının son durumundan danışan oğlu deyib ki, Oqtay Gülalıyev hələ də koma vəziyyətindədir: “Atamın beynində 3 hüceyrə təmamilə zədələnib. Bərpası mümkün olmayacaq. Bundan sonra atam ancaq bu vəziyyətdə yaşayacaq. Hələ ki, stabil ağır olaraq koma vəziyyətindədir. Komadan nə vaxt çıxacağını heç kim deyə bilməz. Hərəkət belə etməyib. Əzab içində mübarizə aparır”.

Qeyd edək ki, Oqtay Gülalıyev noyabrın 6-da Bakıdan AZAL-ın xüsusi ambulans təyyarəsi ilə Türkiyəyə aparılıb və Avrasiya Xəstəxanasına yerləşdirilib. Hüquq müdafiəçisi oktyabrın 29-da avtomobil vurması nəticəsində ağır kəllə-beyin travması alıb. Həkimlər beyinə qansızma diaqnozu qoyublar. Oktyabrın 30-da beyindən gematomanın çıxarılması üzrə əməliyyat olunub. Həkimlərin proqnozlarına görə, nəticə müsbət olsa, bir neçə həftə sonra hüquq müdafiəçisi komadan çıxa bilər və bundan sonra aylarla reabilitasiya kursu keçməlidir. Noyabrın 5-də birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondu hüquq müdafiəçisinin müalicəsi ilə bağlı məsələlərin həllini öz üzərinə götürüb.

Alçina Amilqızı

ƏvvəlkiGürcüstanda zəlzələ olub
NövbətiLüksemburqun Milli Təhlükəsizlik naziri “Düdelanj” – “Qarabağ” oyunundakı erməni təxribatı ilə bağlı deputatların sorğusuna cavab verib