Hər dəfə eyni situasiyalarla qarşılaşanda özümə verdiyim bir sual var: “Biz niyə özümüzə qarşı bu qədər ögey münasibət bəsləyirik?”
İllərdir bu ölkədə həm öz sahəm üzrə, həm əməkdaşlıq etdiyim platformalar vasitəsilə sosial fəaliyyətlə məşğulam. Öz sahəm üzrə fəaliyyətlərimi kənara qoyub, sırf platforma fəaliyyətindən danışmaq istəyirəm. Böyük zəhmətlərin nəticəsində bir neçə elmi platforma ərsəyə gətirmişik. Bu platformaların əsas iki fəaliyyət istiqaməti var: Kitab nəşri və elmi konfranslar. Tək məqsədimiz var – Azərbaycanda elmi-kütləvi ədəbiyyatın zənginləşməsinə xidmət etmək və müasir dünya düşüncəsinə uyğun elmi-mədəni mühitin formalaşmasına töhfə vermək.
Ölkədə hər cür əyləncə tədbirləri, şou proqramlar təşkil olunur. Niyə bu geniş iştirakçı kontingenti olan əyləncə tədbirlərinə alternativ olaraq bir elmi tədbir olmasın? Niyə elmə maraqlı olan azərbaycanlıların bir araya gəldiyi, zaman-zaman sosiallaşdığı, elmi düşüncə ətrafında birləşdiyi bir elmi platforma olmasın? Bizə sərhəd baxımından ən yaxın ölkələrdən tutmuş, Avropa ölkələrinə, ABŞ-a kimi, Çinə kimi bütün ölkələrdə fəaliyyət göstərən, dövlət, şirkətlər, müxtəlif təşkilatlar tərəfindən dəstək hesabına fəaliyyət göstərən bu cür platformalar mövcuddur. Niyə bizdə olmasın?!
Götürək, qardaş ölkə Türkiyəni; hal-hazırda Türkiyənin könüllü gənclər tərəfindən qurulan 3 elmi platforması var ki onlar ölkənin ən nüfuzlu universiteti səviyyəsində dünya universitetləri ilə əməkdaşlıq edirlər. Bəs biz? Biz öz ölkəmizdə belə ögey münasibətlə qarşılaşırıq. İllərlə nə qədər rəsmi təşkilata, nazirliklərə, şirkətlərə müraciət etmişəm. Əməkdaşlıq etdiyim və ya təsisçisi olduğum platformalar üçün bir maliyyə dəstəyi təşkil edə bilmədim.
Keçən ilə qədər əsasən Türkiyədən elm adamlarını dəvət edib, onların Bakıda respublika səviyyəli elmi konfranslarını təşkil edirdik. Bu tədbirlərin xərclərini ödəmək üçün bəzi tədbirləri bilet satışı hesabına etməyə məcbur idik. Bəli, bəzi həmvətənlərimiz düşünə bilər ki, biz burada qaz vurub, qazan doldururuq. Qətiyyən belə deyil. Hansı tədbirlər ki, ödənişli olub, bu ödəniş sadəcə tədbirin xərcini ödəməyə hesablanıb. Nəşr etdiyimiz kitabları isə sadəcə nəşr qiymətinə oxucuya təqdim etmişik və etməkdəyik. Zaman-zaman bu fəaliyyətlər müxtəlif mövqelərdə qərarlaşan bəzi həmvətənlərimizin paxıllıq hisslərinin qabarmasına səbəb olurdu.
Keçən il bir qərar verdim. Artıq ölkəmizə dəvət etdiymiz türkiyəli alimlərlə yanaşı, azərbaycanlı elm adamlarının və sinxron tərcüməylə xarici elm adamlarının dəvətini gerçəkləşdirmək vaxtıdır. Doğrudur, indiyə qədərki fəaliyyət dövründə çoxspikerli layihələrdə azərbaycanlı spikerlər olub, ancaq ilk dəfə bir azərbaycanlı spikerin tək geniş kontingenti olan auditoriyada tədbiri təşkil olunacaq.
İlk spiker kimi isə Azərbaycanı elmi müstəvidə dünya nüfuzunda təmsil edən, Təbriz və Siegen Universitetlərinin fəxri professoru, ADNSU-nun professoru və MBA proqramlarının direktoru, ABŞ-nin Corciya Dövlət Universitetinin professoru, “Zadə və Süni İntellekt Assosiasiyası”nın prezidenti, texnika elmləri doktoru Prof. Dr. Rafiq Əliyev seçilmişdi. Məncə, elə ilk dəfə olan layihə üçün ən layiqli elm adamı da Rafiq müəllimdir. Ola bilsin ki, biz toplu şəkildə tanımırıq, onun elmi yaradıcılığından faydalanmırıq, ancaq Rafiq müəllimin adı və imzası dünyan nüfuzlu elm adamlarının sırasında yer alır. Dünyanın bütün elm mərkəzləri onu elm adamı kimi tanıyır. Sadəcə bir misal: Prof. Dr. Rafiq Əliyevin 4 akademik kitabı dünyanın ən yaxşı 100 universitetində dərs vəsaiti kimi istifadə edilir. Özünü isə qiyabi olaraq illərdir tanıyıram. Tərifləndiyi yerdən uzaqlaşan, şöhrətpərəstlikdən uzaq, istər pedeqoji fəalliyyətində, istər müstəqil elmi yaradıcılığında, görüşlərində, konfranslarında adı maddiyyatla bağlı bütün məsələlərdən tamamilə uzaq insandır.
Platformamız tərəfindən Bakıda onun konfransını təşkil etməyi, Rafiq müəllimə iki il öncə bildirmişdim. Ancaq bu layihə olaraq hələ qərarlaşmamışdı. Bu iki il müddətində Rafiq müəllimin iki kompakt görüşündə iştirak etmişdim. Onun gənclərlə xoş ünsiyyəti, həm də yeni dövrə düşüncəsiylə adaptasiya olması məndə xüsusi maraq oyatmışdı.
Nəhayət ki, iki ay öncə Rafiq müəllimə öz təklifimi bildirdim. O da çox sağ olsun, təklifimi qəbul etdi və belə bir görüşün baş tutmasına razılıq verdi. Doğrusu, onun mənə etimad etməsi məni çox sevindirdi. İndiyə kimi dünya nüfuzlu elm adamlarının, xüsusilə türkiyəli alimlərin tədbirini təşkil etmişik, ancaq bir azərbaycanlı alimin, xüsusilə də, Professor Rafiq Əliyevin bu auditoriyada tədbirini təşkil etmək mənim üçün xüsusi qürurverici haldır.
Təsisçisi olduğum “Sosium” platforması elmlə yanaşı, həm də ədəbiyyat yönümlüdür. Rafiq müəllimin görüşüylə yanaşı bir layihə də xalq şairi, ssenarist, esseist Ramiz Rövşənin müzakirə formatında görüşünün təşkil edilməsidir.
Öncəki layihələrdə kifayət qədər maddi, mənəvi çətinliklərlə, maneələrlə qarşılaşmışam, müxətlif insanların paxıllıq hissini əks etdirən davranışlar məni üzüb. Ancaq sırf bu görüşlərlə bağlı olan qısqanclıq məndə təəsssüf hissi yaradır. Xüsusilə də, Rafiq müəllimin konfransı fonunda onun adının kimlərləsə yanaşı çəkilməsi, maddiyyatla hallandırılması məni üzür.
Qəti şəkildə bildirirəm: Təsisçisi olduğum “Sosium” platforması müstəqil elm və ədəbiyyat platformasıdır. “Science Talks” isə bizim tərəfimizdən tək-tək panel çıxışılarını əks etdirən, Azərbaycanın adından qurulmuş və artıq qlobal konfrans platformasıdır. Bu platformaların hər hansısa maliyyə dəstəyi olmadığı üçün bəzi görüşlər sadəcə xərclərin ödənilməsi məqsədilə ödənişli təşkil edilir. Əksər layihələrimiz isə ödənişsiz olur. Kitablarımız sadəcə nəşr qiymətinə oxuculara təqdim edilir.

Prof. Dr. Rafiq Əliyevin və in görüşlərinə gəldikdə, bu tədbirlər təsisçisi olduğum “Sosisum” platforması tərəfindən təşkil edilib. Öncə hər iki aydınımıza, mənə bu imkanı yaratdıqları, bu şansı verdikləri və bu qədər etimad etdikləri üçün təşəkkür edirəm. Xüsusilə, bu tədbirlə bağlı adı hallandırılan Prof. Dr. Rafiq Əliyev, nəinki bu tədbir, bütün pedeqoji, elmi fəaliyyətlərini araşdırsanız, qatıldığı beynəlxalq, ölkədaxili konfranslar, görüşlər də daxil, heç kimdən bir qəpik maddi marağı olmayan, tamamilə təmənnasız xidmətlər göstərmiş insandır. Rafiq müəllimlə bağlı iki məqamı da qeyd etmək istəyirəm:
- Rafiq müəllim dünyanın elm mərkəzlərinin və nüfuzlu universitetlərin standartlarına əsasən referansı araşdırılmadan, etibar olunan, tək-tük elm adamlarından biridir. Və şəxsən mənim bildiyim nə qədər azərbaycanlı tələbə var ki, onun tərəfindən tam təmənnasız referans alıb, xarici universitetlərə qəbul alıb, təqaüd əldə edib və ya güzəşt əldə edib. Bizdə gərək yaxşılığı car çəkəsən ki, insanlar sənin yaxşılıq etdiyini bilsin. Rafiq müəllim isə sadə və sakit insan olduğu üçün bunu çox adam bilmir.
- Xüsusilə jurnalistlərə bildirmək istəyirəm ki, professor Rafiq Əliyev öz sahəsindən əlavə, Azərbaycanda təhsil tədqiqatı sahəsində dünya təcrübəsinə malik tək adamdır. Çalışın o, həyatda olduğu müddətdə biliklərindən yararlanın.
Yekun olaraq bildirmək istəyirəm, mənim məqsədim xaricdən dəvət etdiyim elm və ədəbiyyat adamalrıyla yanaşı öz auditoriyamızda, səhnəmizdə azərbaycanlı elm və ədəbiyyat adamlarını da görməkdir. Bizi bizdən yaxşı anlayan və anladan olmayacaq. Paxıllıq və kin insanı içdən yeyir. Paxıl olmayın. İçinizdəki əksiklik kompleksindən azad olmağa çalışın. İlk azərbaycanlı elm adamı kimi “Sosium”un səhnəsində Prof. Dr. Rafiq Əliyevin, ədəbiyyat adamı kimi Ramiz Rövşənin görüşü baş tutacaq. Onların bu tədbirlərdən heç bir maddi marağı yoxdur. Mən təşkilatçı olaraq bu tədbirləri təşkil etmək üçün konfrans salonunu icarəyə götürürəm. İndiyə kimi layihələrin xərcləri və kontingentinə hesablanaraq Gənclər Mərkəzi, Gənclər Evi, Heydər Əliyev adına Respublika Sarayı, Opera Studiyası, Nizami Kino Mərkəzi, Dram Teatrı, Avropa Azərbaycan məktəbi kimi məkanlarda tədbirlərimiz baş tutub və tutmaqdadır. Bu tədbirlərlə salon rəhbərlərinin heç bir əlaqəsi yoxdur. Biz o salonları icarəyə götürür, icarə haqqını ödəyib, tədbirimizi təşkil edirik.
Mən nə platforma, nə də şəxsim üçün heç kimdən heç nə ummuram, istəmirəm, elə bir gözləntim yoxdur. Bu platformaya dəvət etdiyim elm və ədəbiyyat adamlarının da heç bir gözləntisi yoxdur. Bizim sadəcə bir məqsədimiz var, elmin və elmi düşüncənin populyarlaşmasına xidmət etmək.
Müharibə vaxtı ön cəbhədə sərgilənən vətənpərvərlik hissi, sülh şəraitində arxa cəbhədə milli və ictimai şüura çevrilmirsə, əhəmiyyətsiz olur…

13.05.2025-ci il