Ombudsman Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində ölkəmizdə tətbiq olunan yeniliklər barədə danışıb

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın Macarıstana işgüzar səfəri davam edir.

Ombudsman Aparatının mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində Müvəkkil Macarıstan Ombudsmanının təşkilatçılığı ilə Türk Dövlətlərinin Ombudsmanlar və Milli İnsan Hüquqları İnstitutları Assosiasiyasının Budapeştdə keçirilən beynəlxalq konfransında iştirak edib.

Macarıstan, Türkiyə, Qazaxıstan, Özbəkistan ombudsmanlarının və nümayəndələrinin də iştirak etdiyi konfransda məruzə ilə çıxış edən Səbinə Əliyeva ölkəmizdə Milli Preventiv Mexanizm (MPM) fəaliyyəti çərçivəsində həyata keçirilən tədbirlər, qanunvericiliyin təkmilləşdirilməsi və tətbiq olunan bir sıra yeniliklər barədə məlumat verib.

Müvəkkil çıxışında azadlıqdan məhrum edilmiş şəxslərlə rəftara dair məsələlərin Ombudsman və Milli Preventiv Qrup tərəfindən müntəzəm olaraq monitorinq edilməsindən, penitensiar müəssisələrə, saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi digər yerlərə əvvəlcədən xəbərdarlıq edilmədən plan üzrə və ya plandankənar həyata keçirilən başçəkmələrdən danışıb. O, ötən il şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərə ümumilikdə 201 başçəkmənin həyata keçirildiyini konfrans iştirakçılarının diqqətinə çatdırıb.

Başçəkmələr zamanı saxlanılan şəxslərin Ombudsman və Milli Preventiv Qrupun üzvləri tərəfindən fərdi qəbul olunduğunu, həmçinin kollektiv görüşlərin və maarifləndirmə tədbirlərinin keçirildiyini də söyləyib.

Müvəkkil MPM fəaliyyəti ilə bağlı illik hesabatların dərc olunduğunu bildirib. O, indiyə qədər hazırlanmış hesabatlarda qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı 200-dən artıq tövsiyə və təklifin öz əksini tapdığını qeyd edib. Ombudsman məhkumların sağlamlıq hüquqlarının təmini, onlara ailə üzvləri və qohumları ilə videoəlaqə imkanı yaratmaq və digər istiqamətlər üzrə tövsiyə və təkliflərin irəli sürüldüyünü diqqətə çatdırıb.

ƏvvəlkiÇin “G7”nin bəyanatları ilə qəti şəkildə razılaşmır
NövbətiMayın 20-də Azərbaycanda COVID-19 infeksiyasına 11 yoluxma faktı qeydə alınıb