Neftçalada qanvermə aksiyası keçirilib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyevanın təşəbbüsü, Neftçala Rayon İcra Hakimiyyətinin, Respublika Qan Bankının Şirvan Regional Bölməsinin və Neftçala Rayon Mərkəzi Xəstəxanasının birgə təşkilatçılığı ilə mayın 13-də Neftçala Rayon Heydər Əliyev Mərkəzində qanvermə aksiyası keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkəmizdə xüsusi karantin rejiminin tətbiq olunduğu müddətdə talassemiya və hemofiliya xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün keçirilən qanvermə aksiyasında rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon icra hakimiyyəti başçısı aparatının kollektivi, idarə, müəssisə və təşkilatların nümayəndələri, gənclər və ictimaiyyətin təmsilçiləri iştirak ediblər.

Respublika Qan Bankının Şirvan regional bölməsinin xüsusi tibb briqadasının həkim-hematoloqları mərkəzi rayon xəstəxanasının tibb heyəti ilə birgə könüllü donorları müayinə etdikdən sonra onlardan qan götürüblər.

Gün ərzində davam edən humanitar aksiya çərçivəsində onlarla könüllü donorlardan qan götürülüb. Toplanan qan nümunələri laboratoriyada müayinə olunduqdan sonra Qan Bankına təhvil veriləcək.

ƏvvəlkiPrezident İlham Əliyev Azər Qocayevi Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunması ilə əlaqədar videoformatda qəbul edib
NövbətiKarantin dövründə ən çox uşaq Cəlilabadda doğulub