Neftçalada avtomobil marketə çırpılıb, ölən və xəsarət alanlar var

Neftçalada ölümlə və xəsarətlə nəticələnən yol qəzası olub.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə Salyan-Neftçala avtomobil yolunun rayonun Aşağı Surra kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, rayonun Xıllı qəsəbə sakini İbrahim İbrahimovun idarə etdiyi “VAZ-2106” markalı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxıb. Nəticədə avtomobil əvvəlcə yolun kənarında dayanmış “KİA” markalı avtomobilə, sonra isə mağazaya çırpılıb. Hadisə zamanı “VAZ-2106”-nın sərnişinləri, Xıllı qəsəbə sakinləri – 43 yaşlı Mədinə Babayeva, 3 yaşlı Nərminə Babayeva və 7 yaşlı Ləman Məmmədova müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, L.Məmmədova xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Əvvəlkiİlham Zəkiyev səkkizinci dəfə Avropa çempionu olub
NövbətiSon sutkada Azərbaycanda COVID-19 infeksiyasına 612 yoluxma faktı qeydə alınıb