Nazir Kəmaləddin Heydərov Türkiyənin daxili işlər naziri Ali Yerlikaya ilə görüşüb

Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin fövqəladə halların idarə edilməsi üzrə nazirlərinin ikinci iclasında iştirak etmək üçün ölkəmizə səfərə gəlmiş Türkiyə Respublikasının daxili işlər naziri Ali Yerlikaya ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Fövqəladə Hallar Nazirliyində keçirilən görüşdə nazir K.Heydərov iki qardaş ölkə arasında münasibətlərin prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın birgə səyi və siyasi uzaqgörənliyi sayəsində strateji müttəfiqlik səviyyəsinə yüksəldiyini və bu əməkdaşlığın bütün sahələrdə ildən-ilə genişləndiyini diqqətə çatdırıb.

Bildirilib ki, həm 44 günlük Vətən müharibəsi zamanı Azərbaycana qardaş Türkiyə tərəfindən ən yüksək səviyyədə mənəvi və siyasi dəstəyin verilməsi, həm də 2021 və 2022-ci ilin yayında Türkiyədə baş vermiş meşə yanğınları ilə mübarizə zamanı, həmçinin bu ilin fevral ayında qardaş ölkədəki dəhşətli zəlzələnin nəticələrinin aradan qaldırılması və axtarış-xilasetmə işlərində Azərbaycanın göstərdiyi həmrəylik qardaşlıq münasibətlərinin bariz nümunəsidir.

Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyevin “Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan qaldırmaqdan daha asandır” müdrik kəlamını xatırladan nazir, bu istiqamətdə qarşılıqlı fəaliyyətin və təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıb. Bu çərçivədə, K.Heydərov qardaş ölkənin nümayəndə heyətinin Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin Bakıda keçirilən fövqəladə halların idarə edilməsi üzrə nazirlərin ikinci iclasında, habelə iclas çərçivəsində təşkil olunan beynəlxalq təlimdə Fövqəladə Halların İdarə olunması Agentliyinin (AFAD) qüvvələrinin iştirakının yüksək qiymətləndirildiyini qeyd edib.

Nazir diqqətə çatdırıb ki, Azərbaycan Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətlərinə uyğun olaraq Türkiyənin aidiyyəti dövlət strukturları ilə əməkdaşlıq əlaqələri daim genişlənməkdədir. Türkiyə daxili işlər nazirinin ölkəmizə səfərinin qurumlar arasında mövcud sıx əməkdaşlıq münasibətlərinin daha da inkişaf etməsinə xüsusi töhfə verəcəyinə əminlik ifadə olunub. Ölkələrimizin müvafiq qurumları arasında ikitərəfli əməkdaşlıq çərçivəsində Azərbaycan FHN-in Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin Beynəlxalq Axtarış-xilasetmə Məşvərət Qrupunun (INSARAG) sinifləndirilməsindən keçməsi və beynəlxalq humanitar əməliyyatlarda ölkəmizi layiqincə təmsil etməyə hazırlığının daha da yüksəldilməsi istiqamətində AFAD-la birgə təşkil edilən təlimlərin mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb.

Səmimi görüşə görə təşəkkür edən Türkiyə Respublikasının daxili işlər naziri Ali Yerlikaya Türkiyədə baş vermiş təbii fəlakətlər, o cümlədən cari ilin fevral ayındakı dağıdıcı zəlzələ zamanı Azərbaycanın göstərdiyi qardaşlıq dəstəyini xatırladıb. İki ölkənin fövqəladə hallarla mübarizə üzrə uyğun qurumları arasında əlaqələrin daha da genişləndirilməsinin əhəmiyyətini qeyd edən türkiyəli nazir Bakıda təşkil edilmiş Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin fövqəladə halların idarə edilməsi üzrə nazirlərinin ikinci iclasının istər ikitərəfli, istərsə də çoxtərəfli formatda münasibətlərin möhkəmlənməsinə xidmət etdiyini vurğulayıb. Bu mənada, iclas çərçivəsində təşkil olunmuş beynəlxalq təlimin gələcəkdə baş verə biləcək irimiqyaslı fövqəladə hadisələrlə birgə koordinasiyalı mübarizə üçün mühüm töhfə verəcəyinə əminlik ifadə edib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər geniş müzakirə edilib.

Görüşdən sonra türkiyəli nazir FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin Əməliyyat zalının fəaliyyəti ilə yerində tanış olub.

ƏvvəlkiNigeriya müxalifəti prezident seçkilərinin nəticələrinin ləğvini tələb edir
NövbətiProkurorluq binasında intihar edən keçmiş polislə bağlı açıqlama