Nazir: Azərbaycanın COP29-a ev sahibliyi ilə bağlı bütün ölkələrə göstərdikləri dəstəyə görə minnətdarıq

“Azərbaycan qlobal səylərə töhfə verməyə tam sadiqdir və iqlimə təsirlərin azaldılması üzrə fəaliyyətlərdə fəal iştirak edir. Bu fəaliyyətlərə ümumi elektrik enerjisi qoyuluşunda bərpa olunan enerji mənbələrinin payının əhəmiyyətli dərəcədə artırılaraq 2030-cu ilə qədər 30 faizə çatdırmağı hədəfləyirik. Biz, həmçinin enerji səmərəliliyinin artırılması, aşağı emissiyalı nəqliyyata keçid, şəhər nəqliyyatında innovativ həllər, sənayedə aşağı karbonlu təmiz texnologiyaların tətbiqi, tullantıların idarə edilməsinin təkmilləşdirilməsi və meşələrimizin artırılması üzrə tədbirlər həyata keçiririk”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən AZƏRTAC-a bildirilib ki, bunu ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci Sessiyasındakı çıxışında deyib.

İqlim dəyişikliyinin inkişaf etmiş və ya inkişaf etməkdə olan, böyük və ya kiçik olmalarına baxmayaraq bütün ölkələrə təsir edən və sərhəd tanımayan təhlükə olduğunu deyən nazir bildirib ki, iqlim dəyişikliyinin təsirləri getdikcə kəskinləşdikcə, biz səylərimizi birləşdirmək, qlobal əməkdaşlığı möhkəmləndirmək və fəaliyyətimizi vəziyyətin ağırlığına adekvat olmasını təmin etməliyik.

Qlobal istiləşmə ilə bağlı ölkəmizin götürdüyü öhdəliklər barədə danışan nazir deyib: “Qlobal istixana effekti yaradan qazların emissiyalarının cəmi 0,15 faizi ölkəmizin payına düşür. Buna baxmayaraq emissiyaları azaltmaq üzrə ölkəmiz iddialı hədəflər qəbul etmişdir. Ssenarilərə uyğun olaraq qlobal istiləşməni 1,5 dərəcə daxilində saxlamaq məqsədilə, 1990-cı il ilə müqayisədə istixana effekti yaradan qazların emissiyalarının 2030-cu ilə qədər 35 faiz azaltmağı hədəf götürmüşük. Bununla yanaşı, biz bu il Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrimizi (NDC) yeniləyərək 2050-ci ilə qədər istixana effekti yaradan qazların emissiyalarının 40 faiz azaldılması olmaqla daha uzunmüddətli hədəf qoymuşuq”.

Nazir Muxtar Babayev azad edilmiş ərazilərimizdə münaqişə sonrası həyata keçirilən genişmiqyaslı bərpa, yenidənqurma və reinteqrasiya işləri barədə də konfrans iştirakçılarını məlumatlandırıb. “Bu fəaliyyətlər iqlimə dost, ekoloji cəhətdən təmiz texnologiyalara, həmçinin “ağıllı” və “yaşıl” yanaşmalara əsaslanır. “Yaşıl enerji” zonasının yaradılması, dayanıqlı kənd təsərrüfatı, ekoloji cəhətdən təmiz nəqliyyat, ağıllı şəhərlər, ağıllı kəndlər kimi innovativ yanaşmalar və minlərlə hektar sahədə meşələrin bərpası vasitəsilə azad edilmiş əraziləri 2050-ci ilə qədər “Karbon neytral” zonasına çevirmək əzmindəyik.

Qlobal problemlər qlobal həllər tələb edir. Buna görə, ölkəmiz də iqlim dəyişikliyi ilə bağlı mühüm addımlar atmaqdadır. Emissiyaların atılmasında tarixi məsuliyyəti və iqlim dəyişikliyinə qarşı mübarizədə ölkələrin müxtəlif imkanlarını nəzərə alaraq, fəaliyyətimizin əsasını təşkil etməli olan ümumi, lakin fərqli məsuliyyət prinsipini dəstəkləyirik. Həmçinin iqlim fəaliyyətinin sürətləndirilməsi üçün vacib olan adekvat maliyyə dəstəyinin və texnologiya transferinin vacibliyini vurğulayırıq”.

Nazir Azərbaycanın iqlim dəyişikliyi ilə bağlı hədəfə sadiqliyini bir daha vurğulayaraq deyib: “Sevindiricidir ki, Azərbaycanın COP29-a ev sahibliyi etmək üçün namizədliyi ilə bağlı qrup daxilində ümumi konsensus var. Biz bütün ölkələrə, xüsusən də Şərqi Avropa Qrupuna və ev sahibi Birləşmiş Ərəb Əmirliklərinə göstərdikləri dəstəyə görə minnətdarıq. Biz COP29-un uğurunu təmin etmək üçün hər kəslə əməkdaşlıq çərçivəsində inklüziv işləyəcəyik. Qoy COP28 bizi hamı üçün daha davamlı və təhlükəsiz gələcəyə aparsın”.

ƏvvəlkiAzərbaycan Prezidenti İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib
NövbətiBƏƏ Ermənistan və Azərbaycan arasında sülh quruculuğu səylərini alqışlayır