Naxçıvanda “I Beynəlxalq İpək Yolu” konfransı keçirilib

Naxçıvan Dövlət Universitetində (NDU) “I Beynəlxalq İpək Yolu” konfransı keçirilib.

“Report”un yerli bürosu xəbər verir ki, NDU, Türkiyənin Qars Qafqaz Universiteti və İqtisadi İnkişaf və Sosial Tədqiqatlar İnsitutunun (İKSAD) birgə təşkilatçılğı ilə keçirilən tədbirə 15 ölkədən 300-dən çox məruzəçi qatılıb.

Konfrans şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, Azərbaycan və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

NDU-nun rektoru Elbrus İsayev tədbiri açıq elan edib, müzakirələrin əhəmiyyəti barədə danışıb.

Rektor qeyd edib ki, Avropa ilə Asiyanı birləşdirən, keçdiyi ərazilərdə yaşayan xalqların həyatında mühüm rol oynayan Böyük İpək Yolu ölkəmizin iqtisadi və mədəni inkişafına da öz müsbət təsirini göstərib. E.İsayev vurğulayıb ki, bu yol ticarətin və bazar münasibətlərinin inkişafına xidmət etməklə yanaşı, həm də bir sıra ölkələr və xalqlar arasında mədəni əlaqələrin inkişafında mühüm rol oynayıb. Bu mənada, beynəlxalq konfransın keçirilməsi strateji mövqedə yerləşən, beynəlxalq nəqliyyat dəhlizi kimi diqqətləri cəlb edən Naxçıvanın iqtisadi-mədəni əlaqələrinin inkişafı məsələlərinin aktuallığını ön plana çıxarır.

O diqqətə çatdırıb ki, İpək Yolunun bərpası Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, Ulu Öndərin tarixi İpək Yolunun bərpası üzrə beynəlxalq konfransın keçirilməsi haqqında imzaladığı 1998-ci il 7 iyun tarixli sərəncamı Azərbaycanın dünya birliyi ölkələri ilə inteqrasiyasının gücləndirilməsində müstəsna rol oynayıb.

Zəngəzur dəhlizinin fəaliyyətə başlamasının gələcək perspektivlərindən danışan rektor əlavə edib ki, bu tarixi nəaliyyət türk dünyası ilə Türkiyə arasında ticarət əlaqələrini genişləndirəcək. “Türk qapısı” adlandırılan Naxçıvan bu məsələdə mühüm rol oynayacaq.

Qars Qafqaz Universitetinin rektoru Hüsnü Kapu çıxışında belə konfransların keçirilməsinin türkdilli xalqların bir-birinə daha da yaxınlaşması, eləcə də ümumtürk mədəni irsinin təbliğ edilməsi baxımından əhəmiyyətinə toxunub. O, diqqətə çatdırıb ki, bugünkü konfrans bəşər sivilizasiyasının inkişafında çox mühüm rol oynamış, öz əhəmiyyətini müasir dövrümüzdə də getdikcə daha inadla təsdiqləyən bir tarixi gerçəkliyə həsr olunub. Böyük İpək Yolu insanlığın inkişaf tarixində əvəzsiz rol oynadı. Müasir dövrdə bu yolun bərpasının zəruriliyi daha çox gündəmdə olan bir məsələdir.

Konfransda Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq Əlaqələr üzrə prorektoru, filologiya elmləri doktoru, professor Mahirə Hüseynova əməkdaşlıq çərçivəsində türk dünyası ilə bağlı tədbirlərin, eyni zamanda tarixi İpək Yolunun canlandırılmasına dair müxtəlif layihələrin həyata keçirilməsinin vacibliyini qeyd edib.

Konfransda AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevin, İqtisadi İnkişaf və Sosial Tədqiqatlar İnsitutunun prezidenti Mustafa Latif Emekin, Naxçıvan Müəllimlər İnsitutunun rektoru Azad Novruzovun, Atatürk Universitetinin professoru Hüseyn Yurtdaşın, AMEA Naxçıvan Bölməsinin akademiki Hacıfəxrəddin Səfərlinin, Özbəkistanın İpək Yolu Araştırma Akademiyasının sədri Azamat Akbarovun, onlayn formatda konfransa qoşulan Beynəlxalq Türk Akademiyasının prezidenti, akademik Şahin Mustafayevin, ABŞ-nin Purdue Universitetinin professoru Jamaluddin Husainin, Adana Çuxurova Universitetinin professoru Hakkı Çiftçinin mövzu ətrafında çıxışları dinlənilib.

Sonda Universitetin İncəsənət fakültəsi müəllim və tələbələrinin ifasında konsert proqramı nümayış olunub.

İqtisadi İnkişaf və Sosial Tədqiqatlar İnsitutunun prezidenti Mustafa Latif Emek konfransın təşkilatçılarına plaket təqdim edib.

Qeyd edək ki, konfrans ənənəvi və onlayn formatda olmaqla 23 bölmədə davam edib.

Əvvəlki“Günay Bank”ın əmanətçilərinə kompensasiyanın veriləcəyi tarix məlum olub
NövbətiAzay Quliyev pulu görün, KİMLƏRƏ VERDİ… – ETİRAZ