Naxçıvanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının nümayəndələri üçün seminar təşkil edilib

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin və İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) aparatının 2021-ci il üçün təsdiq etdiyi birgə tədbirlər planının icrası ilə əlaqədar muxtar respublikada fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının nümayəndələri üçün seminar təşkil edilib.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, hər iki dövlət orqanının əməkdaşlarının çıxış etdiyi seminarda bu sahəyə göstərilən dövlət qayğısından bəhs olunub, ölkəmizdə vətəndaş cəmiyyəti quruculuğu sahəsində görülmüş zəruri tədbirlərdən danışılıb. Qeyd olunub ki, bu təşkilatların qanuna uyğun fəaliyyətinin təmini istiqamətində qanunvericiliklə müəyyən edilən tədbirlər həyata keçirilib, dövlət dəstəyinin olması onların fəaliyyətinə öz müsbət təsirini göstərib.

Vurğulanıb ki, qeyri-hökumət təşkilatları hökumətdən asılı olmayaraq fəaliyyət göstərən, özünü vətəndaş cəmiyyətinə aid edən müxtəlif ictimai birliklər, komitələr, fondlar, institutlar və digər təşkilatların şəbəkəsidir. Qeyri-hökumət təşkilatlarının fəaliyyətlərinin canlanmasında, onların səmərəli işləmələrinə müsbət təsir göstərən hüquqi bazanın formalaşması mühüm rol oynayır. Bu sahənin formalaşması və inkişafı ilə bağlı qəbul edilmiş qanunvericilik aktları bu qurumların hərtərəfli fəaliyyətinə zəmin yaradıb.

Seminarda mövzu ilə yanaşı, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin ayrı-ayrılıqda maraqlandıqları mövzular ətrafında müzakirələr aparılıb.

ƏvvəlkiPeşəkar Mühasib Sertifikatı üçün keçirilən imtahanın nəticələri elan olunub
NövbətiAzərbaycanda media orqanlarına 5 illik vergi güzəşti tətbiq edilə bilər