NASA Yer kürəsinə təhlükə yaradan asteroidin fotoşəklini yayıb

ABŞ-ın Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) spektral interpretasiya üzrə kosmik zondu “OSIRIS-Rex” son aylar mətbuatda qiyamətin əlaməti kimi qələmə verilən və Yer kürəsindən 110 milyon kilometr aralıda yerləşən “Bennu” asteroidinin fotoşəklini çəkib.

NASA-nın yaydığı məlumatda deyilir ki, “OSIRIS-Rex” kosmik zondu yüksək texnologiyadan istifadə edərək 500 metr eni olan bu göy cisminin fotoşəklini çəkə bilib. “Qiyamət asteroidi adlanan bu nəhəng qaya parçası Yerlə Marsın arasında yerləşir və ümumi çəkisi təxminən 87 milyon tondur. Alimlərin fikrincə, “Bennu”nun Yerə düşməsi 2700 ehtimalda bir ola bilər və bu, növbəti əsrdə baş verəcək. “Daily Star” qəzetinin yazdığına görə, ötən ilin dekabrında NASA-nın missiyası bu asteroiddə suyun əlamətlərini də aşkar edib.

Astronomlar bildiriblər ki, asteroiddə su və ya su molekullarının olması Günəş sisteminin necə formalaşdığı və planetlərin tarixi haqqında əlavə məlumat əldə etməyə imkan verəcək. Hazırda “OSIRIS-Rex” “Bennu” asteroidinin orbitində yerləşir və onun bu göy cismindən nümunələr götürərək 2023-cü ildə Yerə qayıtması planlaşdırılır.