İnsanabənzər robotlar kosmosda çalışacaq

Boyu 188 santimetr və çəkisi 136 kiloqram olan NASA-nın insanabənzər “Valkyrie” robotları tezliklə kosmosda fəaliyyət göstərəcək.

AZƏRTAC “Reuters” agentliyinə istinadla xəbər verir ki, Skandinaviya mifologiyasındakı qadın fiqurunun adını daşıyan və Texas ştatının Hyuston şəhərindəki Conson Kosmik Mərkəzində sınaqdan keçirilən “Valkyrie” NASA-nın məlumatına görə, təbii fəlakətlərin vurduğu ərazilər kimi “deqradasiya edilmiş və ya zədələnmiş insan mühəndisliyi mühitlərində” işləmək üçün nəzərdə tutulub. Amma bu robotlar gələcəkdə kosmosda da işləyə bilər.

Mühəndislər hesab edirlər ki, düzgün proqram təminatı ilə insanabənzər robotlar nəhayət insanlar kimi fəaliyyət göstərə, eyni alət və avadanlıqlardan istifadə edə biləcəklər. NASA-nın Çevik Robotlar Qrupunun rəhbəri Şaun Əzimi deyib ki, kosmosdakı insanabənzər robotlar potensial olaraq günəş panellərini təmizləmək və ya kosmik gəminin xaricində nasaz işləyən avadanlıqları yoxlamaq kimi riskli vəzifələri yerinə yetirə bilər, astronavtlar isə kəşfiyyat və yeni tədqiqatlarla məşğul olmağa daha çox imkan əldə edəcəklər. O əlavə edib: “Biz insan ekipajlarını əvəz etməyə çalışmırıq, sadəcə olaraq, onların diqqətini daha yüksək səviyyəli fəaliyyətlərə yönəltmək üçün darıxdırıcı, çirkli və təhlükəli işləri robotlara həvalə etmək istəyirik”.

NASA yerüstü məqsədlər üçün hazırlanmış insanabənzər robotların kosmos üçün nəzərdə tutulan gələcək insanabənzər robotlara necə fayda verə biləcəyini öyrənmək üçün Texas ştatının “Austin” və “Apptronik” kimi robot şirkətləri ilə əməkdaşlıq edir. Sonuncu kompaniya insanabənzər robot olan “Apollon”u inkişaf etdirir. Şirkət 2025-ci ilin əvvəlində insanabənzər robotları NASA-ya təhvil verəcək.

“Apptronik”in mütəxəssisi Nik Peyn “Apollon” robotunun insanlarla müqayisədə daha dözümlü olduğunu bildirib: “Biz bu sistemin gündə 22 saat onlayn olmasını hədəfləyirik. Onun dəyişdirilə bilən batareyası var, ona görə də siz dörd saat işləyə, batareyanı dəyişdirə və dərhal işə davam edə bilərsiniz.”

ƏvvəlkiKəlbəcər və Laçında 5 KSES-in bərpası üçün iki şirkət ilə müqavilə imzalanıb
NövbətiJak Delor vəfat edib