Naqif Həmzəyev: Artan yoluxma sayı SOS siqnalı verir

Məsuliyyətsizlik, karantin qaydalarına piayət etməmək cərimələrin məbləğinin artırılmasını, ictimai qınağı zərurətə çevirir

Aylardır ki, bəşəriyyət koronavirus bəlası ilə topsuz-tüfəngsiz vuruşur. Ölkəmizdə də pandemiya ilə əlaqədar məsələləri ciddi nəzarətdə saxlamaq, virusun geniş yayılmasının qarşısını almaq və insanların həyatını maksimum şəkildə qorumaq üçün zəruri və effektiv tədbirlər davam etdirilir. 

Bunu Milli Məclisin İnsan Hüquqları Komitəsinin üzvü Naqif Həmzəyev billdirib. Millət vəkili qeyd edib ki, virusun yayıldığı ilk mərhələdə yoluxma sayı minimuma endirildi, ölüm halları çox aşağı səviyyəyə düşdü, xüsusi rejimli xəstəxanalarda müalicə olunaraq sağalanların sayı yeni yoluxanların sayını xeyli üstələdi.

Əfsuslar olsun ki, xüsusi karantin rejimi yumşaldılandan və sərt qadağalar aradan qaldırılandan sonra yeni yoluxma hallarının sayında artım müşahidə olunmağa başlandı. Hətta son bir neçə gün ərzində koronavirusa yoluxma sayının 500 nəfəri keçməsi əldə edilmiş pozitiv nəticəni qoruyub saxlamağın mümkün olmadığını göstərdi. Koronavirus infeksiyasına yoluxma hallarının çoxalmasına səbəbi isə Operativ Qərargah tərəfindən müəyyən olunmuş qaydalara, sosial izolyasiya tədbirlərinə əməl edilməməsi, xüsusilə maska taxılmaması oldu.

500-dən çox yoluxma sayı SOS siqnalı verir. Normal həyata dönməyimizi əlçatmaz edənlər bilməlidirlər ki, daha əvvəlki qaydada yaşamaq, işləmək və illər boyu vərdiş etdiyin tək davranmaq mümkün deyil. Məsələnin ən təhlükəlisi isə bir sıra məsuliyyətsiz şəxslərin hələ də vəziyyətin ciddiliyinə etinasız yanaşmasıdır, pandemiyadan əvvəlki həyat tərzlərində yaşamağa cəhd etmələridir.

Məsələnin ciddiliyinə barmaqarası baxanların xüsusi karantin rejimi qaydalarını pozması, ictimai yerlərdə məsafə saxlamaması, qapalı məkanlarda maskadan istifadə etməməsi, sadəcə cərimələnməmək, polisə yaxalanmamaq üçün formal olaraq üzərində maska gəzdirməsi… Çox sadə qaydalara əməl etməmək min bir bəhanə ilə qaydaları pozmaq cəhdi ətrafımızdakı insanları təhlükəyə, koronovirusun cənginə sürüyür.

Xoş təəssüratlarla gəncəlilərin yaddaşına yaşılan 2020-ci il yunun 24-də Gəncə səfəri zamanı 1 saylı Gəncə Şəhər Xəstəxanasının modul tipli infeksion xəstəliklər korpusunun açılışında da Prezident İlham Əliyev vətəndaşların məsuliyyətsizliyinə diqqət çəkdi: “Bu qaydalar haqqında artıq bəlkə min dəfə deyilib. Həm mən demişəm, həkimlər deyib, tibb mütəxəssisləri deyib, müxtəlif insanlar deyib. Təkcə Azərbaycanda yox, bütün dünyada bu qaydalar çox sadədir və onlara əməl etmək o qədər də böyük əziyyət tələb etmir – maska, məsafə və dezinfeksiya. Bu üç əsas amil insanları qoruyur. Əgər bu üç amilə əməl olunarsa, onda yoluxmanın sayı kəskin azalacaq. Ancaq biz nəyi görürük? Onu görürük ki, yumşalma tədbirlərindən sonra Azərbaycanda bu qaydalar kütləvi surətdə pozulur və məhz buna görə biz yenidən məhdudlaşdırıcı tədbirləri tətbiq etdik”.

Karantin rejimləri dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilməməsinə görə cərimələr müəyyənləşdirilib və karantin tələblərini pozanlar məsuliyyətə cəlb olunurlar. Lakin görünən odur ki, qabaqlayıcı tədbirlər belə qayda pozuntularının qarşısını tam ala bilmir. Bu arzuolunmaz hallar isə cərimələrin məbləğinin artırılmasının vacibliyi fikrini ortaya çıxarır.

Artıq dövlət orqanları, yerli icra orqanları, hüquq mühafizə orqanları tərəfindən bu məsələyə daha ciddi nəzarətetməliidirlər. Dövlət başçısının da vurğuladığı kimi, bu, milli təhlükəsizlik məsələsidir. Dövlət nəzarəti, ictimai nəzarət, vətəndaşların nizam-intizamı və məsuliyyəti artmalıdır.

Dövlət başçısı xəstəxananın açılışındakı nitqində qeyd etdiyi kimi: “Bunun əsas və yeganə səbəbi odur ki, əfsuslar olsun, bəzi insanlar elementar qoruyucu qaydalara əməl etmirlər. Bu sərtləşdirilmiş rejim nə qədər davam edəcək, bunu həyat və koronavirusun yayılması göstərəcək”.

Hər kəs ictimai nəqliyyatda, ofislərdə, alış-veriş mərkəzlərində və digər yerlərdə maskadan istifadə etməli, məsafə saxlamalı, şəxsi gigiyena qaydalarına riayət etməlidir. Bunlarla yanaşı, qaydalara riayət etməyənlərə qarşı ictimai qınaq olmalıdır. Yalnız bu cür, təhlükəyə və təhlükə yaradanlara qarşı birgə mübarizə apararaq, həmrəy olaraq müsbət nəticə əldə etmək mümkündür. 

ƏvvəlkiAzərbaycanın BMT-dəki daimi nümayəndəsi Təhlükəsizlik Şurasındakı debatlarda Ermənistanın hərbi cinayətləri barədə danışıb
NövbətiAZAL-ın saytında Bakı-İstanbul-Bakı marşrutu üzrə reyslərə aviabilet satışı başlanıb