Naqif Həmzəyev: Biz Azərbaycanı sevməyi Heydər Əliyevdən öyrənmişik

Biz Azərbaycanı “Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim Vətənimdir, mənim torpağımdır” deyən Ulu öndər Heydər Əliyevidən öyrənmişik. “Həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” deyən dahi şəxsiyyətin şərəfli həyat yolu,çoxşaxəli, misilsiz fəaliyyəti, Vətənəvə, xalqa fədakar xidməti hər zaman daim bizim üçün örnək olub. Çünki, Azərbaycançılıq məfkurəsinin müəllifi, müasir Azərbaycanın memarı və qurucusu Ulu öndər Heydər Əliyev Azərbaycanı bütün dünyaya tanıdıb, ölkəmizə əbədi müstəqillik bəxş edib, Vətənimizi təhlükələrdən xilas edib. Ən əsası isə ümummilli liderimiz milli qürurumuzu özümüzə qaytarıb, bizə Azərbaycanı məhz onun kimi sevməyi öyrədib.

Bunu Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib. Millət vəkili qeyd edib ki, Heydər Əliyev xalqımız qarşısında tarixi xidmətləri ilə insanlığın zirvəsinə ucalıb, dünyanın ən nəhəng siyasətçiləri sırasında dayanan böyük azərbaycanlı, ümummilli lider kimi əbədilik qazanıb.

46 yaşında liderlik xüsusiyyəti, dövlətçilik təcrübəsi, təşkilatçılıq bacarığı ilə rəhbər seçilən Heydər Əliyev Azərbaycanı düşmüş olduğu ağır vəziyyətdən çıxarmaq üçün qətiyyətli addımlar atıb. Sovet rejiminin bütün xüsusiyyətlərinə dərindən bələd olan ulu öndər 1969-1982-ci illərdə milli kadr hazırlığı məsələsinin həllinə, təhsil şəbəkələrinin genişləndirilməsinə, bu sahənin maddi-texniki bazasının möhkəmləndirilməsinə nail olub. Həmin dövrdə ümummilli lider özünü Azərbaycanın yüksəlişinə həsr edərək, bütün sahələrdə digər sovet respublikaları ilə müqayisədə dəfələrlə geridə qalan ölkəmizi dirçəltmək missiyasını uğurla icra edib, gələcəyə hesablanmış mühüm addımlar atıb. Hələ 1969-1982-ci illərdə Heydər Əliyevin müstəqil dövlətçilik ideyalarının güclənməsi və gələcəkdə reallaşması üçün etdiyi məharətli siyasi gedişlər nəticəsində Azərbaycan dili respublika Konstitusiyasında dövlət dili kimi təsbit edilib. Həmin illərdə Ümummilli liderin qarşısında duran əsas məqsədlərdən biri Azərbaycanı müstəqilliyə doğru aparmaq üçün iqtisadiyyatı müstəqil ölkə kimi yaşaya biləcək səviyyəyə qaldırmaq idi. Dahi şəxsiyyətin uzaqgörənliyi, praqmatik, dərin, siyasi baxışları nəticəsində Azərbaycan nəinki keçmiş İttifaqda, həmçinin dünyanın bir çox ölkələrində təkcə “Neft Bakısı” kimi deyil, həmçinin öz qədim tarixi, zəngin mədəniyyəti, yüksək intellekti ilə tanınan diyara çevrildi. Məhz o illərdə Vətən sevgisi bütün varlığına hopmuş dahi şəxsiyyət Azərbaycanın gələcəyini hesablayır, bu gününü qururdu. 

Naqif Həmzəyev vurğulayıb ki, Ümummilli liderin 1993-cü ildə ikinci dəfə hakimiyyətə qayıdışı ilə Azərbaycan dövlətçiliyi özünün yüksək zirvəsinə çatdı. Ötən əsrin 90-cı illərində ölkədə baş verən qarşıdurmalar, hərc-mərcliklər, səriştəsiz idarəetmə ölkəmizi uçurumun kənarına sürükləmişdi. 1991-ci ilin oktyabrında müstəqilliyimizin bərpa olunmasına baxmayaraq, hakimiyyətə gəlmiş təsadüfi adamların səriştəsizliyi ilə ölkədə xaos yaranmışdı, özbaşınalıq baş alıb gedirdi, müstəqilliyimiz süquta uğramaq təhlükəsi ilə qarşı-qarşıya qalmışdı.

“Belə bir vəziyətdən Azərbaycanı yalnız möcüzə xilas edə bilərdi. Azərbaycanın xoşbəxtliyi onda oldu ki, müdrik şəxsiyyət, dahi insan, qüdrətli rəhbər – Heydər Əliyev Azərbaycanın möcüzəsi oldu, ölkəmizi parçalanmaqdan, qardaş qırğınından, xaosdan xilas etdi. Xalqın müdrik qərarı, təkidli tələbi ulu öndər Heydər Əliyevi yenidən hakimiyyətə gətirdi. Ümummilli liderin ikinci dəfə hakimiyyətə gəlişi ölkəmizi milli fəlakətdən, silahlı müxalifət ənənələrindən, beynəlxalq aləmdə təklənməkdən xilas etdi. Fitri zəkaya malik bu dahi şəxsiyyətin uzaqgörən siyasəti sayəsində bütün sahələrində gedən köklü islahatlar Azərbaycanın dirçəlişi, qurtuluşu oldu. Azərbaycanda dövlət və cəmiyyət həyatının, sosial-siyasi vəziyyətin saflaşdırılması, sağlamlaşdırılması prosesi başlandı. Heydər Əliyev dünyanın siyasət zirvəsində Azərbaycanın, ən böyük azərbaycanlının adını əbədi həkk etdirdi”.

N.Həmzəyev əlavə edib ki, Azərbaycanın bugünkü dinamik inkişafı, iqtisadiyyatımızın yüksəlişi böyük öndər Heydər Əliyevin qoyduğu bünövrənin üzərində davam edir. Dünya birliyində ləyaqətli yer tutan, demokratik, hüquqi, dünyəvi dövlət, sivil cəmiyyət quruculuğu yolu ilə inamla addımlayan müasir, müstəqil Azərbaycanın təməli Heydər Əliyev siyasi fəlsəfəsindən güc alır:

“Ulu öndərin uzaqgörən, məqsədyönlü siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi sayəsində ölkənin bütün bölgələrində – şəhərdən, rayondan tutmuş ucqar dağ kəndlərinədək – hər yerdə aparılan genişmiqyaslı quruculuq prosesləri müstəqil dövlətimizin hüsnünü daha da gözəlləşdirib. Həyata keçirilən iqtisadi islahatlar makroiqtisadi sabitliyin bərqərar olunmasını təmin edib, iqtisadiyyatın dinamik inkişafına təkan verib və əhalinin həyat səviyyəsini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb”

Millət vəkili onu da qeyd edib ki, Ulu öndərin layiqli davamçısı, ölkə Başçımız dünyada çox mürəkkəb proseslərin baş verdiyi zamanda yer kürəsində sülhün, ədalətin bərpa olunmasına çalışır, problemlərin həlli üçün çox aydın baxışlar, konkret proqramlarla çıxış edir. Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda keçirilən Zirvə görüşü, orada səsləndirdiyi fikirlər, çağırışlar bütün dünyaya əsl liderlik nümunəsini nümayiş etdirdi. Ölkə Prezidentinin milli maraqlara əsaslanan fəaliyyəti, yürütdüyü siyasət dünya ictimaiyyəti tərəfindən razılıqla qarşılanır. “Bu gün Azərbaycan öz gücünə arxayın olan, öz gücünə arxalanan, bütün tərəfdaşlar ilə münasibətləri qarşılıqlı hörmət və ehtiram prinsipləri əsasında qurmağa çalışan, dinamik inkişaf edən gənc və eyni zamanda, təcrübəli ölkədir. Azərbaycan artıq böyük bir regional amildir. Sabitlik, təhlükəsizlik və inkişaf amilidir”. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan öz gücünə, milli birliiyinə arxalanır, dünyaya sülh, birlik, qarşılıqlı hörmət və ehtiram mesajlarını ötürür.

Məhz bunu üçün də Azərbaycan xalqı ölkəmizi dünya miqyasında qətiyyəti, zəngin dövlətçilik təcrübələri ilə yüksəldən öz müdrik liderləri ilə fəxr edir.