Nərimanov rayonunda şəhid bulağının açılışı olub

İyunun 3-də Bakının Nərimanov rayonundakı Tahir Həsənov adına 57 saylı məktəbdə Vətən müharibəsi şəhidi Əbdülrza Rəfibəylinin xatirə bulağının açılışı olub.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, parlament sədrinin müavini Adil Əliyev, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri açılışda iştirak ediblər.

Adil Əliyev çıxışında şəhidlərimizin əziz xatirəsini yad edərək, qəhrəmanlarımızın Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi rəşadətli Ordumuzun tərkibində döyüşərək bizə möhtəşəm Qələbəni bəxş etdiyini diqqətə çatdırıb. Qeyd edib ki, mərd oğullarımızın döyüş meydanında göstərdiyi şücaət sayəsində tarixi torpaqlarımız artıq azaddır, üçrəngli şanlı bayrağımız Vətən göylərində qürurla dalğalanır. Tarixi torpaqlarımız işğaldan azad edildikdən sonra regiona uzun illərdən sonra sülhün gəldiyini qeyd edən sədr müavini ölkəmizin Vətən müharibəsində qazandığı tarixi Qələbə ilə öz gücünü bütün dünyaya nümayiş etdirdiyini vurğulayıb. Bildirib ki, bu gün Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri ilə yanaşı, işğaldan azad edilmiş digər ərazilərdə aparılan böyük abadlıq, quruculuq işləri Qarabağımıza yeni nəfəs gətirib.

Qeyd edək ki, Əbdülrza Rəfibəyli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün gedən Vətən müharibəsində iştirak edib və 2020-ci il oktyabrın 23-də şəhid olub.

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən, şəhidimiz “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

ƏvvəlkiMərkəzi Bankın bu səlahiyyəti Nazirlər Kabinetinə verilib
NövbətiABŞ konqresmenləri Azərbaycana səfərə gəlib