Muğam Mərkəzində şair Məmməd İlqarın 70 illik yubileyi keçiriləcək

Fevralın 22-də Beynəlxalq Muğam Mərkəzində şair Məmməd İlqarın 70 illik yubileyinə həsr olunmuş tədbir keçiriləcək.

AZƏRTAC xəbər verir ki, şairin bədii-musiqili yaradıcılıq gecəsində ömür yoluna nəzər salınacaq, əsərlərindən poetik nümunələr səsləndiriləcək.

Qeyd edək ki, Məmməd İlqar 1950-ci ildə Qazax mahalının Aslanbəyli kəndində ziyalı ailəsində doğulub. Uşaq yaşlarından şeirə böyük marağı olan və artıq gənc yaşlarından rayon qəzetlərində şeirləri çap olunan Məmməd İlqar Bakıya gəldikdən sonra ədəbiyyat camesinin bir çox tanınmış imzalarıyla tanış olur və ara-sıra şeirləri o dövrün məşhur qəzet və jurnallarında (“Azərbaycan”, “Gənclik”, “Ulduz”, “Ədəbiyyat”) çap olunmağa başlayır. 1991-ci ildə “Məni baxtıma tapşırma” adli ilk şeirlər kitabı işıq üzü görür. Onun yaradıcılığı axımlı, yadda qalan, folklor örnəklərini qoruyub saxlayan və ehtiva edən, aşıq şeir şəkillərindən düzgün istifadə edən, zəngin yaradıcılıqdır.

Əvvəlkiİlham Əliyev Beynəlxalq Böhran Qrupunun prezidenti və baş icraçı direktoru ilə görüşdü
NövbətiPrezident xalq rəssamını təltif etdi