Minskdə “Mənim Azərbaycanım” adlı sərgi açılıb

Azərbaycanın Belarusdakı səfirliyi Azərbaycan Xalq Cümhuriyyətinin 100 və iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinə həsr olunmuş “Mənim Azərbaycanım” adlı sərgi təşkil edib.

AZƏRTAC xəbər verir ki, səfirlik Belarus Milli İncəsənət Muzeyində təşkil olunan bu sərgi ilə əlamətdar hadisələrə həsr etdiyi silsilə tədbirlərə yekun vurub.

Sərgidə Azərbaycanın milli geyimləri və musiqi alətləri, xalça nümunələri və milli mətbəximizə aid qablar nümayiş etdirilib.

Tədbirdə Minskdə fəaliyyət göstərən diplomatik nümayəndəliklərin rəhbərləri, Belarus parlamentinin yuxarı və aşağı palatalarının deputatları, xarici işlər və mədəniyyət nazirlərinin birinci müavinləri, Belarusun tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Sərginin açılış mərasimində Belarus Milli İncəsənət Muzeyinin direktoru Vladimir Prokoptsov, Belarusun mədəniyyət nazirinin birinci müavini Natalya Korçevskaya, bu ölkənin xarici işlər nazirinin birinci müavini Andrey Yevdaçenko, Azərbaycanın Belarusdakı səfiri Lətif Qəndilov, Belarus Rəssamlar İttifaqının sədri Rıqor Sitnitsa, Yazıçılar İttifaqının sədri Nikolay Çerqinets və rəssam Nailə Qəndilova çıxış ediblər.

Səfir Lətif Qəndilov Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ilə bağlı qonaqlara ətraflı məlumat verib. Bildirib ki, ümummilli lider Heydər Əliyevin müdrik rəhbərliyi sayəsində Azərbaycan xalqı müstəqilliyini qoruyub saxlaya bilib və daha da möhkəmləndirib. Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü uzaqgörən və qətiyyətli siyasət nəticəsində ölkəmiz dünyada layiqli dövlətlərdən birinə çevrilib.

Bildirilib ki, bu il Azərbaycan ilə qardaş Belarus arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi qeyd olunur. Səfir 25 il ərzində hər iki dövlətin çətin və şərəfli yol keçdiyini qeyd edərək bildirib ki, iki ölkənin rəhbərləri arasında dostluq münasibətləri sayəsində dövlətlərarası münasibətlərin yeni modeli formalaşıb. Bu da beynəlxalq aləmdə nümunə kimi göstərilə bilər. O, siyasi-iqtisadi münasibətləri yüksək səviyyədə olan Azərbaycan ilə Belarus arasında mədəniyyət sahəsində əlaqələrin genişləndirilməsinin günün vacib tələbi kimi qarşıda durduğunu söyləyib.

Belarus xarici işlər nazirinin birinci müavini Andrey Yevdaçenko iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi ilə əlaqədar səfirlik tərəfindən çoxsaylı tədbirlərin keçirildiyini və səfirliyin yüksək fəallığının təqdirəlayiq olduğunu vurğulayıb. O, bu sərgidə nümayiş etdirilən eksponatların xalqlarımız arasında münasibətlərin daha da yaxınlaşmasına xidmət edəcəyinə əminliyini bildirib.

Tədbir çərçivəsində iki ölkə arasında münasibətlərin inkişafında göstərdikləri xidmətə görə “Belta” İnformasiya Agentliyinin rəhbəri İrina Akuloviçə və Belarus Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Universitetinin rəisi İvan Polevoda diplomatik münasibətlərin 25 illiyi münasibətilə səfirlik tərəfindən hazırlanmış gümüş xatirə nişanı və kitab təqdim edilib.

Təntənəli tədbirdə simfonik kvartetin ifasında Azərbaycan bəstəkarlarının əsərləri səsləndirilib.

Tədbir Belarusun yerli radio, televiziya, qəzet və internet mediası tərəfindən geniş işıqlandırılıb.

ƏvvəlkiAzərbaycan və Ermənistan XİN başçıları bu gün Milanda görüşəcəklər
Növbətiİlham Əliyev “Bakutel-2018” sərgisi ilə tanış olub