Mingəçevirdə “Şahin” hərbi-idman oyunlarının final mərhələsinə start verilib

Elm və Təhsil, Gənclər və idman, Müdafiə, Fövqəladə Hallar nazirlikləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, eləcə də Veteranlar Şurasının birgə qərarı ilə ümumtəhsil məktəblərinin VIII-X sinif şagirdləri arasında keçirilən “Şahin” hərbi-idman oyunlarının final mərhələsi məktəblilərin hərbi orkestrin ifası altında təntənəli marşla mərkəzi meydana daxil olmaları ilə başlayıb.

“Report”un Qarabağ bürosunun verdiyi xəbərə görə, tədbiri giriş sözü ilə açan gənclər və idman naziri Fərid Qayıbov “Şahin” hərbi-idman oyunlarının yeniyetmə və gənclərin hərbi vətənpərvərlik tərbiyəsi işinin gücləndirilməsində və məktəblilərin hərbi xidmətə hazırlıq səviyyəsinin yüksəldilməsində əhəmiyyətini vurğulayıb.

Bildirilib ki, “Şahin” hərbi-idman oyunlarının keçirilməsində əsas məqsəd böyüməkdə olan gənc nəslin hərbi-vətənpərvərlik tərbiyəsinə diqqəti daha da artırmaq, məktəbliləri hərbi-idman oyunlarına cəlb etməklə onların ordu sıralarında xidmətə hazırlanmasına kömək göstərməkdir.

N saylı hərbi hissənin xususi təyinatlı dəstəsinin müxtəlif çıxışları, döyüş tapşırıqlarının icrası, şərti terrorçuların məhv edilməsi izlənildikdən sonra yarışda iştirak edən komandalar sıra hazırlığı, fiziki hazırlıq, maneələrin dəf olunması, mülki-müdafiə hazırlığı və digər mərhələlər üzrə tapşırıqları icra ediblər. Yekun nəticələrə əsasən sonda qaliblər diplom və kubokla mükafatlandırılacaqlar.

Xatırladaq ki, respublikanın 10 müxtəlif şəhər və rayonundan (Bakı, Sumqayıt, Naxçıvan şəhərləri, Bərdə, Lerik, Neftçala, Qax, Samux, İsmayıllı və Nizami rayonları) 150 nəfərin iştirakı ilə keçirilən idman oyunlarının final mərhələsi İyunun 16-dan 18-dək “Heydər Əliyev İli” çərçivəsində “Kür” Olimpiya Tədris-İdman Mərkəzində baş tutacaq.

Tədbir çərçivəsində axşam saatlarında Ulu Öndər Heydər Əliyevin 100 illiyinə və 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş konsert proqramı keçiriləcək.

Əvvəlki“Anatolian Phoenix – 2023” təlimində “Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirilib
NövbətiAzərbaycan, Rusiya və Ermənistan Baş prokurorlarının üçtərəfli görüşü başlayıb