Milyonların səs verdiyi çağırış

“Qarabağ Azərbaycandır!” çağırışı hər bir azərbaycanlının ürəyinin səsi
idi. 28 illik Qarabağ həsrətinin artıq sona çatacağının sevinc sədasıdı…

İllərdir yurd-yuvasından didərgin düşərək vətən həsrəti ilə yaşayan
kəlbəcərlilərin, şuşalıların, laçınlıların, xocalıların, ağdamlıların və digər
məcburi köçkün yurddaşlarımızın ümid harayıdı…
Bu, Ali Baş Komandan İlham Əliyevin xalqa ünvanlanmış qələbə,
Qarabağa qayıdış, xoşbəxtlik, sevinc nidaları duyulan çağırış mesajı idi…
Və 10 milyonluq Azərbaycan xalqı, dünyada yaşayan bütün
soydaşlarımız Prezident İlham Əliyevə məxsus bu qələbə paroluna səs verdi,
bu çağırışa qoşuldu, dəstək aksiyaları düzənlədi, hərəkatlar başlandı…
Bu gün bütün fəaliyyət istiqamətlərimizin yalnız bir ünvanı var:
Qarabağ…
Artıq dünya bu faktı qəbul etmək məcburiyyətindədir: Qarabağ
Azərbaycandır və nida işarəsi…
Hər bir Azərbaycan vətəndaşı qəti surətdə əmindir ki, qələbə sevinci
uzaqda deyil.
Prezident-xalq birliyi zəfərə gedən yolumuzun açarıdır. İstənilən
beynəlxalq toplantıların ali tribunalarından Azərbaycanın haqq səsini
dünyaya bəyan edən, əsl həqiqətləri faktlarla, sübutlarla ortaya qoyan
Prezident İlham Əliyevin son bəyənatı, “Valday” Beynəlxalq Diskussiya
Klubunda “Qarabağ Azərbaycandır!” nidasını səsləndirməsi bir daha işğalçı
Ermənistana çox ciddi mesaj oldu. Bu ölkənin baş naziri Nikol Paşinyanın
Xankəndidə səsləndirdiyi cəfəng, məsuliyyətsiz bəyanatının üstündən qırmızı
bir xətt çəkdi.
İlham Əliyev daha bir erməni uydurmasını ifşa etdi: “Dağlıq Qarabağ
xalqı” məfhumu mövcud deyil. Dağlıq Qarabağın münaqişəyədək birlikdə
yaşayan azərbaycanlılardan və ermənilərdən ibarət əhalisi vardır. Ermənistan-
Azərbaycan Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü
çərçivəsində, BMT-nin bütün dünya tərəfindən qəbul edilmiş Nizamnaməsi,
BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri və Helsinki Yekun Aktı
çərçivəsində həll olunmalıdır!”
Ali Baş Komandan bir daha bəyan etdi ki, Azərbaycanın bütün dünya
tərəfindən tanınmış ərazi bütövlüyü bərpa olunmalı, qaçqınların və məcburi
köçkünlərin öz doğma torpaqlarına, o cümlədən Dağlıq Qarabağa qayıtması
təmin olunmalıdır!
İlham Əliyevin “Qarabağ Azərbaycandır!” nidasını səsləndirməsi
Dağlıq Qarabağdan məcburi köçkün düşmüş, etnik təmizləməyə məruz
qalmış azərbaycanlıları çox sevindirdi, yurdlarına dönəcəklərinə ümidlərini
artırdı.

O cümlədən biz gənclərdə də qələbə əhvalını yüksəltdi. Azərbaycan
gəncliyi bu müqəddəs çağırışa hazırdır və bütün gücü ilə bu nidaya dəstək
verməyə, vətənə borcunu yerinə yetirməyə qadirdir. Eyni zamanda virtual
aləmin imkanlarından da istifadə edib sosial şəbəkələrdə, informasiya
müharibəsi gedən bütün platformalarda fəaliyyət istiqamətlərimizi
genişləndirməliyik. Qarabağa dair bütün tarixi, sənədli faktları dünya
ictimaiyyətinin nəzərinə bir daha çatdırmaq, yalançı erməni təxəyyülünün
məhsulu olan uydurma xəbərlərə qarşı mübarizə aparmaq da məhz biz
gənclərin üzərinə düşür.
Əminəm ki, bu haqq işdə uğur bizimlədir və tezliklə xalqımız qələbə
sevincini qeyd edəcək. Bu inam isə Ali Baş Komandan İlham Əliyevin daxili
və xarici siyasətinin uzaqgörənliyindən, qətiyyətindən doğur. Şanlı, qüdrətli
Azərbaycan ordusunun zəfər əzmindən irəli gəlir. Biz hər zaman sülh
tərəfdarıyıq, amma ana torpağımızın hər qarışı uğrunda çarpışıb vuruşmağı,
lazım gəlsə canımızdan belə keçməyi də bacarırıq. Elə bircə Lələtəpə
qələbəsində igid ordumuzun əsgərlərinin qəhrəmanlıqlarına, şücaətlərinə
nəzər salmaq kifayətdir…
Bu gün Silahlı Qüvvələrimiz dünyanın ən güclüləri sırasındadır. Bu
gün ordumuz istər döyüş qabiliyyətinin yüksək olması, istərsə də şəxsi
heyətdən tutmuş maddi-texniki təminata qədər əldə etdiyi nailiyyətlər ilə
dünya liderləri sırasında yer almağı bacarıb. Elə bu səbəbdəndir ki, ordumuz
yağı düşməni getdikcə daha çox lərzəyə salır, təcavüzkar istənilən an ən sərt
zərbəni ala biləcəyini yaxşı dərk edir.
Ordusuna tam güvənən hər bir Azərbaycan vətəndaşı, elə dünya
ictimaiyyəti də çox yaxşı bilir ki, işğal altındakı ərazilərin azad olunacağı gün
uzaqda deyil.
Buna görə də, Dağlıq Qarabağdakı cinayətkar erməni ünsürləri
Azərbaycan Prezidentinin qətiyyətli bəyanatlarından lazımi nəticə
çıxarmalıdırlar. Artıq bu cinayətkar qruplaşmanın yeganə çıxış yolu
Azərbaycan Respublikasının suverenliyini, ərazi bütövlüyünü qəbul
etməkdən keçir…
Tezliklə üçrəngli bayrağımız Şuşada, Xankəndidə, Laçında,
Kəlbəcərdə, Ağdamda, Qubadlıda, Cəbrayılda, Zəngilanda və işğal altında
olan hər qarış torpağımızda dalğalanacaq…
Qarabağ Azərbaycandır, Qarabağ Azərbaycanındır… Bu, dünya var
olduqca belə olub və indən sonra da belə olacaq…

Həbib MİSİROV,
“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədr müavini

Əvvəlki“Qızıl top”a iddialıların siyahısı açıqlanıb
NövbətiNazir: “Gürcüstanı Azərbaycanla əlaqələndirən mühüm yol inşa edilir”