Milli Məclisin sədri Yaponiya Parlamentinin Müşavirlər Palatasının sədri ilə görüşüb

Avstriyanın paytaxtı Vyanada işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova sentyabrın 7-də Yaponiya Parlamentinin Müşavirlər Palatasının sədri Akiko Santo ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, yaponiyalı həmkarını salamlayan Milli Məclisin sədri “Tokio-2020” 32-ci Yay Olimpiya Oyunlarının uğurla başa çatması münasibətilə Akiko Santonu təbrik edib. Milli Məclisin sədri Azərbaycanın Yaponiya ilə əlaqələrin inkişafında maraqlı olduğunu və bu sahədə yüksək səviyyəli qarşılıqlı səfərlərin həyata keçirilməsinin mühüm rol oynadığını diqqətə çatdırıb.

Qeyd edilib ki, iki ölkə arasında bir çox sahələri əhatə edən münasibətlər uğurla inkişaf edir. Ölkələrimiz arasında imzalanmış çoxsaylı sənədlər əməkdaşlığımızın hüquqi bazasını formalaşdırıb.

Görüşdə Azərbaycan və Yaponiya parlamentləri arasında münasibətlərə toxunan Sahibə Qafarova hər iki ölkənin parlamentində fəaliyyət göstərən qarşılıqlı əlaqələr üzrə işçi qruplarının fəaliyyətinin əhəmiyyətini vurğulayıb.

Söhbət zamanı Sahibə Qafarova bölgədə yaranmış yeni reallıqlar, 44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı Qələbə, ötən il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın icrası istiqamətində ölkəmizdə görülən işlər barədə həmkarına ətraflı məlumat verib. Həmçinin Ermənistanın regionda sülh və sabitliyin təmin olunmasına əngəl törədən təxribatları barədə də həmkarını məlumatlandırıb.

Milli Məclisin sədri Sahibə Qafarovanı salamlayan Yaponiya Parlamentinin Müşavirlər Palatasının sədri Akiko Santo ölkəsinin Azərbaycanla münasibətlərin inkişafında maraqlı olduğunu diqqətə çatdırıb. O, Azərbaycanla Yaponiya arasında bir çox sahələrdə olduğu kimi, parlamentlərarası münasibətlərin inkişafı üçün də böyük potensialın olduğunu qeyd edib.

Görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə tərəflər bir-birilərini qarşılıqlı səfərlərə dəvət ediblər.

ƏvvəlkiBirinci MDB Oyunları: Azərbaycan tayboksçuları iki medal qazanıblar
NövbətiCəmil Babayev iki erməni əsgərlə dəyişdirilərək Azərbaycan tərəfinə qaytarıldı