Milli Məclisin Sədr müavini Adil Əliyev: Karantin rejiminin tələblərinə əməl etməliyik

Koronavirus epidemiyasının müharibədən fərqi yoxdur. Bəziləri hətta hazırki epidemiyanı İkinci Dünya Müharibəsindən sonra bəşəriyyətin üzləşdiyi ən ciddi problem hesab edir. Bu dəyərləndirmə ilə razıyam. Misal üçün ABŞ-da cəmi bir neçə ay ərzində koronavirusdan ölənlərin sayı bu ölkənin Birinci Dünya Müharibəsində ölən vətəndaşlarının sayından çoxdur. Bu, bir daha bəşəriyyəti qəfil haqlayan virusun yayılma miqyasından xəbər verir.

Bunu Trend-ə açıqlamasında Milli Məclis Sədrinin müavini Adil Əliyev deyib.

O bildirib ki, Azərbaycan virusla mübarizəyə fevral ayından başladı. Dövlət başçısı İlham Əliyevin və birinci vitse-prezident Mehriban xanım Əliyevanın təlimatıyla zəruri işlər görüldü, ölkəyə virusla mübarizədə zəruri tibbi avadanlıqlar gətirildi, modul tipli xəstəxanaların tikintisinə qərar verildi, maska istehsal edən müəssisələr işə salındı. Dövlət öz üzərinə düşən işləri etməyə çalışdı: “Bundan sonrakı mərhələdə vətəndaşlarımız qaydalara riayət etməli idilər. Hamımızdan 3 sadə şərti yerinə yetirmək tələb olunurdu, bu şərtlərə indi də riayət etməliyik: qapalı yerlərdə maska taxmalı, məsafə saxlamalı və gigiyena qaydalarına riayət etməliyik.

Mart və aprel aylarında müəyyən qədər bu qaydalara riayət olundu, ölkədə yoluxma miqyası böyük deyildi. Eyni zamanda, karantin qaydaları da tətbiq edilirdi. Ancaq sərt karantin qaydalarını uzatmaq mümkün deyil, iqtisadiyyat qapalı şəkildə uzun müddət qala bilməzdi. Ona görə də sərt karantin tədbirlərindən sonra yumşalmaya qərar verildi. Bizdən əvvəl digər dövlətlər də eyni qərarı vermişdilər. Başqa alternativ yox idi. Müəssisələr işləməli, ticarət və iaşə mərkəzləri fəaliyyətlərini davam etdirməli idilər. Ancaq elə bu mərhələdə aydın oldu ki, bir qisim vətəndaşımız yumşalmanı epidemiyanın sonu kimi dəyərləndirərək, maska taxmamağa və başqalarıyla məsafə saxlamamağa üstünlük verdilər. Elə bu mərhələdən başlayaraq yoluxanların sayı artdı”.

Onun sözlərinə görə, hazırda vəziyyət göz qabağındadır: “Virus, məcazi mənada desək, ayaq tutub yeriyir. Belə olan halda, dövlət vətəndaşını qorumaq məqsədilə yenə karantin qaydalarını sərtləşdirməyə qərar verdi. Ancaq ciddi karantin qaydalarına nəzarət etməyə məsul olan polisimiz hər bir vətəndaşa nəzarət etmək iqtidarında deyil. İnsan özü məsuliyyətli olmalıdır. Təəssüf ki, qapalı məkanlara, o cümlədən avtobus və supermarketlərə maskasız daxil olanların sayı artıb. Həmin vətəndaşlar anlamalıdırlar ki, onlar özləri ilə yanaşı ətrafdakılar üçün də təhlükə mənbəyinə çevriliblər. Sübut olunub ki, xəstəliyi simptomsuz keçirən və virusa yoluxmasından xəbəri olmayan hər hansı vətəndaş ətrafında onlarla, bəlkə də, yüzlərlə insanı yoluxdura bilər, bu isə həmin insanlardan bir qrupunun ölümünə gətirib çıxaracaq. Ancaq hamı qapalı məkanda maska taxsa və məsafəni qorusa virusa yoluxmamız risqi dəfələrlə aşağı enər. Sual olunur: Qaydalara riayət edən vətəndaş niyə məsuliyyətsiz vətəndaşın qurbanına çevrilməli, virusa yoluxmalı və ölümlə savaşmalıdır?”

A.Əliyev qeyd edib ki, bu şəraitdə dövlətin karantin tədbirlərinin sərtləşdirməsinin tərəfdarıdır: “Aydındır ki, bu tədbirlər virusu tam ortadan qaldırmayacaq. Ancaq, hər halda, sərt karantinin tətbiqi və maarifləndirmə işinin gücləndirilməsi hesabına virusun yoluxma sürətini azalda bilərik. Bunun üçün məsuliyyətli olmalı, bir-birimizi qorumalıyıq! Bunu etməyənləri isə hər yerdə tənbeh etməliyik! Marketlərə, avtobuslara və digər qapalı məkanlara maskasız daxil olan şəxslərə iradımızı bildirməliyik! Belə ağır şəraitdə ictimai qınağın əhəmiyyətini xüsusi vurğlamaq lazımdır! Bilməliyik ki, virusa qarşı peyvənd və dərmanın icadı gələn ilin əvvəlinə və ya ortalarına qədər uzana bilər. Həmin müddətə qədər özümüzü, Azərbaycanımızı və övladlarımızı qorumaq məcburiyyətindəyik!”

ƏvvəlkiTürkiyə Milli Müdafiə Nazirliyi Azərbaycanı Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib
NövbətiAzərbaycanda koronavirusa daha 534 yoluxma qeydə alınıb