Milli Məclisdə keçirilən görüşdə Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələrinin əhəmiyyətindən danışılıb

Noyabrın 11-də Milli Məclisin Aqrar siyasət komitəsinin üzvləri ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin Azərbaycanla dostluq qrupunun rəhbəri Şamil Ayrımın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, qonaqları salamlayan Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev Azərbaycanın və Türkiyənin tarixin çətin dövrlərində bir-birinə dəstəyindən, xalqlarımızı sıx bağlayan tarixi köklərdən söz açıb. Qeyd edib ki, dövlət başçılarımız arasındakı yüksək səviyyəli dostluq iki ölkə arasındakı münasibətləri strateji müttəfiqlik səviyyəsinə qaldırıb. Komitə sədri 44 günlük Vətən müharibəsi zamanı qardaş Türkiyənin ölkəmizə birmənalı mənəvi-siyasi dəstək göstərməsinə görə minnətdarlıq ifadə edib.

Səmimi sözlərə görə təşəkkürünü bildirən TBMM-in Azərbaycanla dostluq qrupunun rəhbəri Şamil Ayrım Zəfər günü münasibətilə təbriklərini çatdırıb. Azərbaycan-Türkiyə münasibətlərindən bəhs edən qonaq işğaldan azad edilmiş torpaqlara səfərindən, orada Ermənistanın müharibə və işğal vaxtı törətdiyi cinayətlərinin və vandallığının izlərinin şahidi olmasından bəhs edib.

Görüşdə iştirak edən Milli Məclisin Aqrar siyasət komitəsi sədrinin müavini Sabir Hacıyev, komissiya sədri Eldar İbrahimov, deputatlar Cavanşir Paşazadə, Azər Badamov, Aydın Hüseynov, İqbal Məmmədov, Müşfiq Cəfərov və TBMM-in Azərbaycanla dostluq qrupunun üzvləri ölkələrimiz arasında bir çox sahələrdə yüksək səviyyəli əməkdaşlıqdan, bu əlaqələrin, xüsusən də aqrar sahədə təcrübə mübadiləsindən, parlamentlərarası münasibətlərin əhəmiyyətindən danışıblar.

Kənd təsərrüfatı sahəsində əməkdaşlıq imkanları barədə geniş fikir mübadiləsi şəraitində keçən görüşdə bu sektorda təcrübə mübadiləsinin aparılmasının əhəmiyyəti vurğulanıb və tərəfləri maraqlandıran digər məsələlər müzakirə edilib.

ƏvvəlkiBeynəlxalq Türk Akademiyasının prezidenti Azərbaycanı Zəfər Günü münasibətilə təbrik edib
NövbətiPrezident İlham Əliyev Türkiyə Respublikasına səfərə gəlib