Milli Məclisin payız sessiyasında növbəti plenar iclası keçirilib

Noyabrın 25-də Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin payız sessiyasında növbəti plenar iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda Baş nazir Əli Əsədov və hökumət üzvləri iştirak ediblər.

Gündəliyə keçməzdən əvvəl, Sahibə Qafarova Milli Məclisin nümayəndə heyətinin noyabrın 20-dən 24-dək Kambocaya rəsmi və işgüzar səfərləri barədə qısa məlumat verib. Milli Məclisin sədri bildirib ki, işgüzar səfərdə məqsəd Cənub-Şərqi Asiya Ölkələri Parlamentlərarası Assosiasiyası Baş Assambleyasının 43-cü iclasında xüsusi qonaq qismində iştirak etmək idi.

ASEAN Parlamentlərarası Assambleyası 1977-ci ildə Manilada yaradılmışdır və hazırda 10 dövlətin parlamentlərini birləşdirir, təşkilatda isə artıq 20 ölkə müşahidəçi statusuna malikdir.

Ötən 45 il ərzində bu təşkilat siyasi, sosial-iqtisadi və digər problemlərin geniş spektri üzrə səmərəli qarşılıqlı əlaqə mexanizminə çevrilib.

Parlamentin sədri əminliklə qeyd edib ki, ASEAN Parlamentlərarası Assosiasiyası Baş Assambleyasının iclasına Milli Məclis sədrinin xüsusi qonaq qismində dəvət edilməsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin beynəlxalq aləmdə böyük nüfuz sahibi olduğunu göstərən əlamətdar bir hadisədir.

Milli Məclisin sədri bildirib ki, ASEAN Parlamentlərarası Assambleyasının plenar iclasında Azərbaycan, ABŞ, Nepal parlamentlərinə bu nüfuzlu parlament təşkilatında müşahidəçi statusu verilməsi ilə bağlı təntənəli mərasim keçirildi.

Sahibə Qafarova qeyd edib ki, o, Baş Assambleyanın birinci plenar iclasında etdiyi çıxışda Azərbaycanın apardığı müstəqil siyasət, irəli sürdüyü beynəlxalq təşəbbüslər, ölkəmizin iştirakı ilə həyata keçirilən transmilli nəqliyyat-enerji layihələri barədə iştirakçılara məlumat verib. Bildirib ki, bu gün dövlətimiz BMT-dən sonra dünyanın ikinci ən böyük təşkilatı olan Qoşulmama Hərəkatına uğurla sədrlik edir.

Sahibə Qafarova bir il bundan əvvəl Azərbaycanın dövlət başçısının təşəbbüsü ilə təsis edilmiş Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin sədri kimi vurğulayıb ki, bu yeni parlament qurumu digər parlament təşkilatları ilə fəal əlaqə qurmağa və ümumi hədəflərin əldə olunmasına töhfə verməyə hazırdır.

Tədbir çərçivəsində Cənub-Şərqi Asiya ölkələri qadın parlament üzvlərinin görüşü də keçirilib. Sahibə Qafarova görüşdə etdiyi çıxışda güclü və sabit cəmiyyət quruculuğunda qadınların iştirakı, müasir dövrdə gender problemlərinin həll edilməsi yolları barədə fikirlərini bölüşüb.

Eləcə də, 1918-ci ildə Azərbaycanın əksər Avropa ölkələrindən daha əvvəl qadınlara səsvermə hüququ verdiyini qeyd edib və ölkəmizdə gender bərabərliyinin təmin edilməsində əldə olunan nailiyyətlərdən də danışıb.

Milli Məclisin sədri hər iki toplantıda Azərbaycan torpaqlarının Ermənistan tərəfindən 30 illik işğalının nəticələri, Vətən müharibəsindən sonra regionda yaranmış vəziyyət, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işləri haqqında geniş məlumat verib.

O diqqətə çatdırıb ki, Ermənistan ziddiyyətli bəyanat və hərəkətlərdən çəkinmir, sülh sazişinin imzalanması üçün real addımlar atmır. Azərbaycan isə regionda uzunmüddətli sülh və sabitliyin təmin olunması üçün ardıcıl səylər göstərir.

Parlamentin sədri bildirib ki, Kambocaya səfər çərçivəsində o, 9 ikitərəfli görüş də keçirib.

Sahibə Qafarova Vyetnam Milli Assambleyasının sədri, Tailand Milli Assambleyası və Nümayəndələr Palatasının sədri, Sinqapur Parlamentinin sədri, Nepal Milli Assambleyasının sədri, Mərakeş Nümayəndələr Palatasının sədri və ASEAN Parlamentlərarası Assambleyasının baş katibi ilə görüşlərdə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin yaranması və fəaliyyəti barədə məlumat verib, bu yeni parlament əməkdaşlığı platformasında iş birliyinin vacibliyini vurğulayıb.

Milli Məclisin sədri çıxışının əvvəlində qeyd etdiyi kimi, Kamboca Krallığına rəsmi səfər də baş tutub. Səfər çərçivəsində ölkənin Baş naziri Hun Sen, Milli Assambleyanın sədri Henq Samrin, Kamboca Krallığı Senatının sədri Say Çum ilə görüşlər keçirilib.

Baş nazir Hun Sen ilə görüşdə qarşı tərəf ölkəmizə rəsmi səfərlərini böyük ehtiramla xatırladığını bildirib, Azərbaycanı torpaqlarını işğaldan azad etməsi münasibətilə təbrik edib. Həmçinin söhbət zamanı Qoşulmama Hərəkatına sədrlik edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə yüksək hörmət ifadə olunub.

Sahibə Qafarova onu da deyib ki, kambocalı həmkarı – Milli Assambleyanın spikeri ilə görüşdə Azərbaycan və Kamboca parlamentləri arasında Anlaşma Memorandumunun imzalanması mərasimi də keçirilib.

Söhbətlər zamanı ikitərəfli parlament əməkdaşlığının inkişaf etdirilməsi yolları və digər məsələlər barəsində də fikir mübadiləsi aparılıb.

Bütün görüşlər zamanı ölkəmizin inkişafı, Azərbaycanın 44 günlük Vətən müharibəsi, azad olunmuş ərazilərdə bu gün mövcud mina problemləri, aparılan bərpa-quruculuq işləri haqqında ətraflı məlumat verilib.

Sahibə Qafarova çıxışının sonunda Milli Məclisin nümayəndə heyətinin Kambocaya səfərinin uğurlu keçdiyini bildirib və bununla əlaqədar nümayəndə heyətinin hər bir üzvünə dərin minnətdarlığını ifadə edib.

Sonra Milli Məclisin sədri diqqətə çatdırıb ki, iclasın gündəliyinə 19 məsələ daxil edilib. Bunlar ikinci oxunuşda olan 2023-cü ilin dövlət büdcəsi və büdcə zərfinə daxil edilən sənədlər, habelə digər 3 qanun layihəsidir.

İclasda İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsini (ikinci oxunuş) təqdim edib.

O bildirib ki, 2023-cü ilin dövlət büdcəsi layihəsi Milli Məclisin plenar iclasında birinci oxunuşda müzakirə olunub. Müzakirə zamanı deputatlar çıxış edərək, təqdim olunan layihənin dövlət qarşısında duran çağırışlara cavab vermək üçün lazımi maliyyə imkanını yaradacağını söyləyiblər.

Komitə sədri diqqətə çatdırıb ki, 2023-cü il üçün dövlət büdcəsi layihəsində büdcə gəlirləri 2022-ci ilin dövlət büdcəsi gəlirlərindən 1 milyard 522,9 milyon manat çox olmaqla, 30 milyard 720,7 milyon manat, xərcləri isə 2022-ci ilə nisbətən 996,2 milyon manat artırılaraq 33 milyard 300 milyon manat nəzərdə tutulub. Dövlət büdcəsinin kəsiri 2 milyard 579,9 milyon manat, neftin bir barelinin orta illik qiyməti isə 50 dollar müəyyən edilib. Növbəti ildə inflyasiyanın orta illik göstəricisinin 6,9 faiz, Ümumi Daxili Məhsulun real artım tempinin 2,7 faiz, orta aylıq əməkhaqqının isə 898 manat olacağı proqnozlaşdırılır.

Qeyd edilib ki, dövlət büdcəsinin vergi və gömrük rüsumlarından formalaşan gəlirlərinin proqnozu 1 milyard 807 milyon manat artırılıb. Gəlirlərdə səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlərdən gələn gəlirlərin cari ilə nisbətən 3 dəfə çox, yəni 321,2 milyon manat olacağı planlaşdırılır.

Tahir Mirkişilli bildirib ki, büdcə layihəsində sosialyönümlü xərclər ümumilikdə 1 milyard 289,2 milyon manat artırılaraq 15 milyard 218,9 milyon manata çatdırılıb. Bu, dövlət büdcəsi xərclərinin 45,7 faizini təşkil edir. İşğaldan azad edilmiş ərazilərin bərpası və bu ərazilərdə əhalinin məskunlaşması üçün şəraitin yaradılmasına ayrılan xərclər 330 milyon manat artırılaraq 3 milyard manata, ölkənin müdafiə potensialının gücləndirilməsi və Silahlı Qüvvələrin maddi-texniki təminatının daha da yaxşılaşdırılması, habelə hüquq-mühafizə orqanları üçün ayrılan xərclər 495,9 milyon manat artırılaraq 8 milyard 062,9 milyon manata çatdırılıb. Bununla yanaşı, təhsil xərclərinin 4 milyard 423 milyon manat, səhiyyə xərclərinin 1 milyard 906 milyon manat olacağı proqnozlaşdırılır. Əməyin ödənişi xərclərinin 420 milyon manat, məqsədli kənd təsərrüfatı tədbirləri, ərzaq təhlükəsizliyi üçün ayrılan xərclərin isə 350 milyon manat artırılması planlaşdırılır. Həmçinin 2023-cü ildə dövlət büdcəsindən dotasiya almayacaq rayonların sayı 6 rayon artaraq 57-yə çatacaq.

Komitə sədri təqdim edilmiş layihənin büdcə qaydasına uyğun hazırlandığını deyib. O, proqnoza əsasən, 2023-cü il üzrə icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft Ümumi Daxili Məhsula nisbətinin 24,9 faiz, dövlət borcunun ÜDM-ə nisbətinin isə 16,6 faiz olacağını qeyd edib.

Bildirilib ki, komitələrdə 2023-cü ilin dövlət büdcəsi layihəsinin və büdcə zərfinə daxil olan digər layihələrin ikinci oxunuşda geniş müzakirəsi keçirilib. Müzakirələrdə deputatları maraqlandıran suallar ətraflı cavablandırılıb. Komitələr tərəfindən 2023-cü ilin dövlət büdcəsi layihəsinə müsbət rəy verilib. Qeyd edilib ki, sənədin növbəti ildə ölkəmiz qarşısında duran hədəflərə çatmaq və yaranacaq çağırışlara cavab vermək üçün lazımi maliyyə imkanı yaradacaq.

Milli Məclisin sədri Sahibə Qafarova komitə sədrinin çıxışına münasibət bildirərək qeyd edib ki, 2023-cü ilin dövlət büdcəsi layihəsinin birinci oxunuşda müzakirəsi zamanı 54 deputat çıxış edərək, fikirlərini səsləndirib.

Sənəd ətrafında aparılan müzakirələr zamanı çıxış edən komitə sədrləri Qənirə Paşayeva, Zahid Oruc, deputatlardan Qüdrət Həsənquliyev, Vüqar Bayramov, Elşad Mirbəşir oğlu, Fazil Mustafa, Aydın Hüseynov, Tahir Kərimli, Müşfiq Məmmədli, Musa Qasımlı, Tamam Cəfərova, Məlahət İbrahimqızı, Etibar Əliyev, Jalə Əhmədova, Rauf Əliyev, Jalə Əliyeva, Sabir Rüstəmxanlı sənədlə bağlı fikirlərini bildiriblər, bəzi qeyd və təkliflərini səsləndiriblər.

Sonra iclasda maliyyə naziri Samir Şərifov çıxış edib. O, növbəti ilin dövlət büdcəsinin Milli Məclisin komitələrində və plenar iclasda birinci oxunuşda müzakirələri zamanı deputatlar tərəfindən verilən təklif və tövsiyələrin təhlil edildiyini, büdcə xərclərinin artırılması ilə bağlı təkliflər üçün əlavə maliyyə təminatının yaradılmasına 2023-cü il və sonrakı 3 ildə makroiqtisadi sabitliyin qorunub saxlanması, makrofiskal uyğunluğun təmin edilməsi baxımından yanaşıldığını bildirib.

O qeyd edib ki, 2023-cü il dövlət büdcəsinin layihəsi Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasının və Böyük Qayıdış Proqramının reallaşdırılması, dövlət sərhədlərinin bərpası və etibarlı mühafizəsinin daha da möhkəmləndirilməsi, ordunun müdafiə qabiliyyətinin və milli təhlükəsizliyin daim gücləndiriməsi, müasir hərbi infrastrukturların təchizatının yaradılmasının təmin edilməsi kimi strateji çağırışların mərhələli həlli vəzifəsini təmin edir. Eyni zamanda, növbəti ilin dövlət büdcəsinin layihəsində dövlətin digər funksiyalarını, o cümlədən beynəlxalq fəaliyyət, məhkəmə-hüquq, mərkəzi və yerli idarəetmə sistemlərinin fəaliyyətini təmin etməklə yanaşı, dövlət borcuna xidmət göstərilməsini, iqtisadi artımı, sahibkarlığın inkişafını dəstəkləyən, həssas və aztəminatlı əhalinin sosial müdafiəsi, elm, təhsil, səhiyyə, sosial təminat sahələrində islahatların davam etdirilməsini təmin edən proqram və tədbirlər üçün maliyyə təminatı yaradılıb.

Nazir bildirib ki, deputatların çıxışlarında təmsil etdikləri regionların qaz və su təchizatı, təhsil, mədəniyyət, idman müəssisələrinin, yol infrastrukturunun inşası və yenidən qurulması, habelə zəlzələ nəticəsində dağılmış evlərin bərpa olunması və digər qaldırdıqları məsələləri aidiyyəti dövlət qurumları araşdırıb və bu məsələlərin 2023-cü il büdcə təsisatları çərçivəsində həll edilməsi və ya sonrakı illərin büdcə layihələrində nəzərə alınması üçün müvafiq addımlar atılacaq. O, büdcə zərfinin əhatəliliyi ilə bağlı səsləndirilən fikirlər və Hesablama Palatasının rəyi ilə əlaqədar diqqətə çatdırıb ki, “Büdcə sistemi haqqında” Qanuna uyğun olaraq, bütün sənədlər Milli Məclisə təqdim olunmuş büdcə zərfində yer alıb.

Samir Şərifov qeyd edib ki, dövlət büdcəsi layihəsində göstərilən məcmu gəlirləri və xərcləri dəyişmədən, yəni mövcud xərclər daxilində dövlət büdcəsinin komponentlərində və strukturunda bəzi dəyişikliklərin edilməsi təklif olunur. Dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasına nəzərdə tutulan dotasiyanın 31,1 milyon manat azaldılaraq, dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərində sərbəstləşən həmin vəsaitin ümumi dövlət xidmətləri xərc bölməsi daxilində 15,9 milyon manatın beynəlxalq fəaliyyətlə bağlı xərclərə, 11,1 milyon manatın isə müdafiə və milli təhlükəsizlik xərcləri bölməsinə yönəldilməsi təklif olunur. Həmçinin bir texniki düzəlişin – “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin və Şəmkir rayonunun yerli xərclərinin tənzimlənməsi üçün qanunun müvafiq xərc bölmələri arasında 1,5 milyon manat məbləğində yerdəyişmələrin aparılması da nəzərdə tutulub.

Bildirilib ki, bununla əlaqədar icmal büdcədə də dəyişikliklər baş verəcək. Naxçıvan Muxtar Respublikası büdcəsinin gəlirlərinin 20 milyon manat artırılması nəticəsində icmal büdcənin gəlirləri 33 milyard 26 milyon manat, xərcləri isə 37 milyard 969 milyon manat təşkil edəcək. Kəsiri isə eyni səviyyədə, yəni 4 milyard 944 milyon manat məbləğində qalacaq. İcmal büdcənin tərkibində Naxçıvan Muxtar Respublikası büdcəsinin gəlir və xərcləri bərabər olmaqla, 635,3 milyon manat, dövlət büdcəsindən ayrılan dotasiya 449,8 milyon manat, öz gəlirləri isə 185,5 milyon manat təşkil edəcək.

Maliyə naziri bildirib ki, edilən dəyişikliklər büdcə qaydasının tələblərinə uyğundur və icmal büdcənin qeyri-neft baza kəsirinin, qeyri-neft Ümumi Daxili Məhsulun xüsusi çəkisinə hədəflənən yuxarı xəttinin göstəricisini keçməyəcək. Qeyd olunan düzəlişlər nəzərə alınmaqla, qanun layihəsinin ümumi dövlət xidmətləri, müdafiə və milli təhlükəsizlik, mədəniyyət, mənzil-kommunal təsərrüfatı, incəsənət, informasiya, bədən tərbiyəsi bölmələri üzrə müvafiq maddələrində dəyişikliklərin edilməsi, eyni zamanda, icmal büdcənin xərclərinin yuxarı həddinin 37 milyard 949 milyon 346,5 manat rəqəminin 37 milyard 969 milyon 346,5 manat rəqəmi ilə əvəz edilməsi təklif olunur.

Sonra “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Dövlət Sosial Müdafiə Fondunun 2023-cü il büdcəsi haqqında” (ikinci oxunuş) və “İşsizlikdən Sığorta Fondunun 2023-cü il büdcəsi haqqında” (ikinci oxunuş) qanun layihələrini təqdim edib. Qeyd olunub ki, birinci oxunuşdan sonra qanun layihələrinə dair heç bir əlavə və dəyişikliklər olmayıb.

Komitə sədri bildirib ki, Dövlət Sosial Müdafiə Fondunun 2023-cü il üçün gəlirləri və xərcləri bərabər olmaqla 6 milyard 264 milyon manat proqnozlaşdırılır ki, bu da cari ilin büdcəsinə nisbətən 657,7 milyon manat və ya 11,7 faiz çoxdur. Fondun büdcəsi 2018-2023-cü illər ərzində 2,5 milyard manat, yaxud 67 faiz artıb.

Diqqətə çatdırılıb ki, məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların 62,7 faizi qeyri-büdcə sektorunun, 37,3 faizi isə büdcədən maliyyələşən təşkilatların hesabına təmin ediləcək. Orta aylıq əməkhaqqının cari ilin sonuna 838 manat təşkil edəcəyi proqnozlaşdırılır ki, bu da gələn ildə pensiyaların orta hesabla 14,5 faiz artırılmasını təmin etməyə imkan yaradacaq.

Musa Quliyev diqqətə çatdırıb ki, İşsizlikdən Sığorta Fondunun büdcəsi cari illə müqayisədə 2023-cü ildə 31,3 milyon manat, yaxud 17,3 faiz çox olmaqla 212,7 milyon manat məbləğində proqnozlaşdırılır. Fondun xərcləri 13 istiqaməti əhatə edəcək. Bunların böyük bir hissəsi aktiv sosial müdafiə tədbirlərinin genişləndirilməsinə, o cümlədən 41 faizi özünüməşğulluq proqramlarının təmin olunmasına yönələcək.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili təqdim olunan qanun layihələri barədə təmsil etdiyi komitənin rəyini səsləndirərək bildirib ki, hər iki Fondun iqtisadi cəhətdən maliyyə dayanıqlığı yüksək hesab olunur.

Müzakirələrdə komitə sədri Qənirə Paşayeva, deputatlardan Sahib Alıyev, Vüqar Bayramov, Fazil Mustafa, Etibar Əliyev çıxış edərək fikirlərini açıqlayıblar.

Sonra əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev çıxış edərək, Dövlət Sosial Müdafiə Fondunun və İşsizlikdən Sığorta Fondunun 2023-cü il üçün büdcə layihələri ilə bağlı həm birinci oxunuşda, həm də ikinci oxunuşda səslənən fikirlərə münasibət bildirib.

Nazir əsas məqsədin məhz aktiv məşğulluq, peşə hazırlığı, ortaq maliyyələşdirmə proqramlarının genişləndiriməsindən ibarət olduğunu deyərək, bu istiqamətdə mərhələli şəkildə görülən işlər barədə ətraflı məlumat verib. Qeyd edib ki, bu istiqamətdə şəhid ailələrinə, müharibə əlillərinə, müharibə veteranlarına xüsusi dəstəyin göstərilməsi diqqətdə saxlanılır. Postmünaqişə dövründə bu kateqoriyadan olan 9 min nəfərə özünüməşğulluq aktivləri təqdim olunub. Bununla yanaşı, 16 mindən çox şəhid ailələrinin üzvləri, müharibə əlilləri və veteranları işlə təmin edilib. Bu istiqamətdə iş növbəti illərdə də davam etdiriləcək.

Nazir Sosial Müdafiə Fondunun büdcəsi ilə bağlı bildirib ki, dövlət büdcəsindən asılılığın azaldılması və Fondun maliyyə dayanıqlığının artırılması istiqamətində lazımi addımlar atılır.

Müavinət və təqaüdlərin artırılması ilə bağlı diqqətə çatdırılıb ki, bu istiqamətdə 2019-cu ildən bu günədək 3 böyük sosial islahat paketi həyata keçirilib və 4 milyon insanı əhatə edən 6 milyard manat vəsait illik olaraq bu sahəyə yönəldilib. Ölkə vətəndaşlarının rifahının təmin olunması üçün bu istiqamətdə işlər gələcəkdə də ardıcıl olaraq həyata keçiriləcək.

Sahib Babayev bildirib ki, nazirliyin fəaliyyəti ilə bağlı aylıq hesabatlar, rüblük icmallar mütəmadi olaraq nazirliyin saytında yerləşdirilir. Eyni zamanda, görülən işlər barədə rüblük hesabatlar Milli Məclisə təqdim olunur.

Nazir müzakirələr zamanı pensiya sistemi və digər məsələlərlə əlaqədar səsləndirilən fikirlərlə bağlı açıqlamalar da verib.

Sonra “Dövlət Sosial Müdafiə Fondunun 2023-cü il büdcəsi haqqında” və “İşsizlikdən Sığorta Fondunun 2023-cü il büdcəsi haqqında” qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” qanun layihəsi (ikinci oxunuş) barədə məlumat verib. Bildirilib ki, növbəti ildə yaşayış minimumunun artırılması nəzərdə tutulub. Layihəyə əsasən, 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilib.

Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev layihəyə dair rəhbərlik etdiyi komitənin müsbət rəy verdiyini söyləyib.

Qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Sonra Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Azərbaycan Respublikasında 2023-cü il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsini (ikinci oxunuş) təqdim edib. Bildirib ki, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2023-cü il üçün ehtiyac meyarının məbləği cari ildəkinə nisbətən 23 faiz və ya 46 manat artırılaraq, 246 manat məbləğində nəzərdə tutulub. Komitə sədri növbəti ildə ehtiyac meyarının yaşayış minimumuna bərabərləşdiriləcəyini də qeyd edib.

Tahir Mirkişili rəhbərlik etdiyi İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sənəd barədə müsbət rəy verdiyini diqqətə çatdırıb.

Qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini (ikinci oxunuş) təqdim edib. Bildirib ki, Məcəlləyə 5 istiqamətdə 42 dəyişiklik edilməsi nəzərdə tutulub. Təqdim olunan layihədə investisiya mühitinin, o cümlədən yerli istehsalın təşviqi ilə bağlı vergi yükünün azaldılması, ləğv prosesində olan kredit təşkilatlarının sabit vergi xərclərinin azaldılması, bank hesablarının açılması, bir sıra inzibatçılıq tədbirlərinin təkmilləşdirilməsi, sosial xarakterli güzəştlər vasitəsilə əhalinin vergi yükünün azaldılması və beynəlxalq reytinqlərdə ölkənin mövqeyinin qorunması ilə bağlı istiqamətlər üzrə dəyişiklikləri əhatə edən müddəalar öz əksini tapıb.

Sənəddə işğaldan azad edilmiş ərazilər üzrə vergi təşviqlərinin verilməsi nəzərdə tutulub. Məcəlləyə bununla bağlı yeni fəslin əlavə edilməsi təklif olunur. Əlavədə işğaldan azad edilmiş ərazinin rezidentlərinin 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində mənfəət (gəlir), əmlak, torpaq və sadələşdirilmiş vergidən azad edilməsi, habelə bu azadolmanın işğaldan azad edilmiş ərazinin rezidentinin həmin ərazidəki fəaliyyəti ilə bağlı əldə olunan satışdankənar gəlirlərinə də şamil edilməsi nəzərdə tutulur. Bununla yanaşı, ƏDV-nin məqsədləri üçün qeydiyyatda olan işğaldan azad edilmiş ərazinin rezidentləri tərəfindən istehsal fəaliyyəti sahələri üzrə xammal və materialların idxalının 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində ƏDV-dən azad edilməsi, hüquqi şəxslərin səhmdarlarının dividend gəlirlərinin 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində vergidən azad edilməsi və bir sıra digər güzəştlər təklif olunur.

Layihədə aqrar emal fəaliyyəti ilə məşğul olan vergiödəyicilərinə də vergi təşviqlərinin verilməsi ilə bağlı güzəştlər nəzərdə tutulur. Belə ki, idxal mallarını yerli istehsal malları ilə əvəz edəcək qida məhsullarının istehsalını həyata keçirən fərdi sahibkarların və hüquqi şəxslərin əldə etdiyi gəlirin 50 faizinin gəlir vergisindən, habelə həmin fəaliyyət prosesində istifadə etdikləri əmlaka və torpağa görə əmlak və torpaq vergilərindən müvafiq siyahının təsdiq edildiyi ildən etibarən 7 il müddətinə azad edilməsi təklif olunur.

Bildirilib ki, Məcəllədə sosial xarakterli güzəştlər vasitəsilə əhalinin vergi yükünün azaldılmasına yönəlmiş dəyişikliklər də yer alıb. Belə ki, şəhid statusu verilmiş şəxsin valideynlərinin, dul arvadlarının (ərlərinin) və övladlarının əməkhaqqı gəlirləri ilə bağlı 800 manat məbləğində vergi güzəştinin verilməsi planlaşdırılır. Bu, ölkədə şəhid ailələrinə dövlət tərəfindən göstərilən diqqət və qayğının bariz nümunəsidir.

Qanun layihəsi ikinci oxunuşda qəbul olunub.

Sonra komitə sədri Tahir Mirkişili Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş) barədə məlumat verib. Bildirib ki, layihə gömrük orqanları tərəfindən gömrük işi sahəsində aşkar edilmiş cinayətlər və inzibati xətalar haqqında işlər üzrə məhkəmələrin qərarları əsasında dövlət mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin satışından əldə edilən vəsaitdən, cərimələrdən və gömrük ödənişlərindən istifadənin təkmilləşdirilməsi məqsədilə hazırlanıb. Sənədə əsasən, bu vəsaitin istifadəsi istiqamətlərinə yeni istiqamətin – dövlət büdcəsinə köçürülməklə gömrük orqanının əməkdaşlarının aylıq vəzifə maaşlarına əlavələrin verilməsi daxil edilir. Təklif olunan dəyişiklik gömrük əməkdaşlarının sosial müdafiəsinin daha da gücləndirilməsinə xidmət edəcək.

Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) diqqətə çatdırıb. Qeyd edilib ki, mövcud qanunvericilikdə pensiya yaşına çatan və 2006-2018-ci illər aralığında fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı olan şəxslərə pensiya təyin edilərkən 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Sənəddə təklif olunan dəyişikliyə görə sığorta stajının müddətinin 3 il artırılaraq 2026-cı ilə qədər uzadılması nəzərdə tutulur. Bu dəyişiklik amnistiya xarakteri daşıyır və pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsinə xidmət edəcək.

Qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Sonra komitə sədri Musa Quliyev “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) təqdim edib.

Bildirib ki, layihədə təklif olunan dəyişiklik Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində qeyri-dövlət qeyri-neft-qaz sektoru üzrə 10 il müddətində məcburi dövlət sosial sığorta haqqının subsidiyalaşdırılması mexanizmini, o cümlədən tətbiq ediləcək kontingent və şərtləri müəyyən edir. Dəyişikliyə əsasən, işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən qeyri-dövlət sektoru üzrə neft-qaz sahələrində fəaliyyəti olmayan sığortaedənlər tərəfindən ödənilən məcburi dövlət sosial sığorta haqqının dövlət büdcəsinin vəsaiti hesabına subsidiyalaşdırılması nəzərdə tutulub. Sosial sığorta haqlarının subsidiyalaşdırılması 2023-2026-cı illərdə 100 faiz, 2026-2029-cu illərdə 80 faiz, 2029-2031-ci illərdə 60 faiz, 2031-2033-cü illərdə 40 faiz miqdarında təmin ediləcək.

Bununla yanaşı, layihədə fərdi baytarlıq xidməti praktikası ilə məşğul olan fiziki şəxslər üçün güzəştli sosial sığorta haqqı müəyyən olunur və həmin fəaliyyət növü də dövlət sosial sığorta haqqının subsidiyalaşdırılmasına aid edilir.

Qanun layihəsi ikinci oxunuşda qəbul olunub.

Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) diqqətə çatdırıb. Bildirib ki, sənəd “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsinə uyğun olaraq hazırlanıb. Məcəlləyə təklif olunan dəyişikliyə əsasən, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində əmək fəaliyyətinə cəlb edilənlərə münasibətdə iş icazəsinin müddəti hər dəfə 2 ildən çox olmamaq şərti ilə uzadıla bilər. Qanun layihəsi ölkə ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün həmin kateqoriyadan olan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə iş icazəsinin verilməsinə və müddətinin uzadılmasına görə dövlət rüsumunun məbləğini müəyyən edir.

Qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Sonra Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini (ikinci oxunuş) təqdim edib. Bildirilib ki, Miqrasiya Məcəlləsinə təklif olunan dəyişikliklər Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində əmək miqrasiyası proseslərinin tənzimlənməsi ilə əlaqədardır.

Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) qanun layihəsi ilə bağlı məlumat verib. Bildirilib ki, dəyişikliyə əsasən, işğaldan azad edilmiş ərazilərdə işləyən mütəxəssisə Əmək Məcəlləsinin 21-1-ci maddəsi nəzərə alınmaqla, bu ərazilərdə işləmək üçün azı bir il müddətinə bağlanılmış əmək müqaviləsi olduqda, ilkin maddi-məişət şəraitinin dəstəklənməsi üçün 2023-cü il yanvarın 1-dən 5 il müddətinə birdəfəlik müavinət müəyyən olunur.

Qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Sonra komitə sədri Musa Quliyev Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini (ikinci oxunuş) təqdim edib. Diqqətə çatdırılıb ki, layihəyə əsasən, Məcəlləyə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssis” anlayışı əlavə olunur. Həmin mütəxəssislərə Məcəllə ilə güzəşt və imtiyazlar müəyyən olunur. Təklif olunan dəyişiklikdə mütəxəssislərin 2023-cü ildən 5 il müddətində əsas və əlavə məzuniyyət müddətindən asılı olmayaraq, əlavə 5 gün ödənişli məzuniyyət hüququ əldə etməsi qeyd olunur. Məcəllənin 159-cu maddəsinə 2023-cü il yanvarın 1-dən 5 il müddətində işğaldan azad edilmiş ərazilərdə işləyən mütəxəssislərin əməkhaqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların tətbiq edilməsi ilə bağlı dəyişiklik nəzərdə tutulub.

Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

Gündəliyin növbəti məsələsi – “Tibbi sığorta haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) ilə bağlı Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov məlumat verib. Komitə sədri bildirib ki, qanun layihəsinin birinci oxunuşundan sonra sənədlə bağlı komitəyə əlavə, təklif və irad daxil olmayıb. O, deputatlardan qanun layihəsini ikinci oxunuşda da dəstəkləməyi xahiş edib.

Qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Gündəliyin 15-ci məsələsi olan “Büdcə sistemi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) ilə bağlı İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili məlumat verib. O, bildirib ki, “Tibbi sığorta haqqında” Qanuna əsasən, icbari tibbi sığorta fondunun yaradılması nəzərdə tutulub. İcbari tibbi sığorta fondu büdcədənkənar fond olduğu üçün bu qanun layihəsi onun gəlir və xərclərinin icmal büdcənin gəlir və xərclərində nəzərə alınması qaydasını müəyyən edir.

Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

16-cı məsələ – “Nağdsız hesablaşmalar haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) ilə bağlı məlumatı da komitə sədri Tahir Mirkişili təqdim edib. O, deyib ki, mövcud qanunvericiliyə əsasən, tibb müəssisələrində tibbi xidmətlər üzrə bir əməliyyat çərçivəsində beş yüz manatdan artıq olan ödənişlər nağdsız qaydada həyata keçirilir. Bu qanun layihəsi tibb müəssisələri ilə yanaşı, özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən tibbi xidmətlər üzrə də eyni müddəanın təsbit olunmasını özündə ehtiva edir. Bununla da bütün özəl tibb fəaliyyətinə (hüquqi şəxs yaradıb-yaratmamasından asılı olmayaraq) nağdsız əməliyyatlara münasibətdə eyni hüquqi rejim tətbiq olunur.

Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, gündəliyin son üç məsələsi beynəlxalq sazişlərin təsdiqi ilə bağlı qanun layihələridir və “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununa əsasən onlar bir oxunuşdan keçəcək.

Parlamentin sədri gündəliyin 17-ci məsələsi olan “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı arasında 2023-cü il 14-17 mart tarixlərində Bədən Tərbiyəsi və İdman üzrə Nazirlərin və Yüksək Vəzifəli Şəxslərin VII Beynəlxalq Konfransının (MİNEPS VII), eləcə də əlaqədar yığıncaqların təşkilinə dair Ev Sahibliyi haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsi ilə bağlı məlumat vermək üçün sözü parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyevaya təqdim edib.

Sevinc Fətəliyeva qeyd edib ki, sənəd Bakıda UNESCO-nun VII Beynəlxalq Konfransının keçirilməsi məsələlərini tənzimləyir və tədbirdə 100-yaxın ölkənin idman sahəsi üzrə nazirləri və digər yüksəkvəzifəli şəxsləri iştirak edəcək.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Sonra Sahibə Qafarova bildirib ki, gündəliyin 18-ci və 19-cu məsələləri cənab Prezidentin bir məktubu ilə Milli Məclisə daxil olub və hər iki məsələ Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında sazişlərin təsdiq edilməsi ilə bağlıdır.

“Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında Azərbaycan-Qırğız İnkişaf Fondunun yaradılması haqqında” Sazişin təsdiq edilməsi barədə və “Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikasının Nazirlər Kabineti arasında bitki karantini sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihələri barədə də Sevinc Fətəliyeva məlumat verib.

O bildirib ki, sənədlər ötən ay Prezident İlham Əliyevin Qırğız Respublikasına səfəri zamanı imzalanıb. S.Fətəliyeva qeyd edib ki, Azərbaycan-Qırğız İnkişaf Fondunun yaradılması iki ölkə arasında bir çox sahələrdə əlaqələrin inkişafına böyük töhfə verəcək. “Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikasının Nazirlər Kabineti arasında bitki karantini sahəsində əməkdaşlıq haqqında” Saziş isə iki ölkənin ərazilərinə karantin tətbiq edilən zərərli orqanizmlərin daxil olmasının və yayılmasının qarşısını almaq üçün bitki karantini sahəsində əməkdaşlıq məsələlərini tənzimləyir.

Hər iki qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq qəbul edilib.

Bununla da Milli Məclisin növbəti plenar iclası başa çatıb.