Milli Dram Teatrında Xalq artisti Mustafa Mərdanovun xatirəsi yad olunub

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında görkəmli teatr və kino xadimi, Xalq artisti Mustafa Mərdanovun 125 illiyinə həsr edilmiş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir Mədəniyyət Nazirliyi, Azərbaycan Teatr Xadimləri İttifaqı, Milli Dram Teatrı və Azərbaycan Dövlət Teatr Muzeyinin birgə təşkilatçılığı ilə reallaşıb.

İştirakçılar əvvəlcə teatrın foyesində sənətkarın həyat və fəaliyyətinin əks olunduğu fotosərgiyə baxıblar.

Teatrın bədii rəhbər – direktoru, Xalq artisti Azər Paşa Nemətov çıxış edərək sənətkarın həyat və yaradıcılığından danışıb, onun Azərbaycan teatrı və kinosunun inkişafında xidmətlərinə nəzər salıb.

Bildirib ki, Mustafa Mərdanov 1894-cü il fevralın 28-də Cənubi Azərbaycanın Mərənd şəhərində anadan olub. Tiflis gimnaziyasında təhsil alıb. Şəhərin mədəni mühiti onun həyata baxışını formalaşdırır, teatra böyük maraq göstərir. Buradakı müsəlman dram dərnəklərində 1910-cu ildən çıxış edən Mustafa Mərdanov 1921-1922-ci illərdə Tiflis Azərbaycan Dram Teatrının direktoru vəzifəsində çalışır. 1924-cü ildə Moskva Dövlət Teatr Sənəti İnstitutunu bitirərək Bakıya gəlir və Azərbaycan Dövlət Dram Teatrında fəaliyyətini davam etdirir.

Qeyd olunub ki, yüksək aktyorluq texnikası, yumşaq yumor onun sənəti üçün xarakterik olan cizgilər idi. Mustafa Mərdanovun ilk yaratdığı rollarda belə klassik ənənələr çox güclü idi.

Xalq artisti Hacı İsmayılov çıxış edərək görkəmli sənətkarın kinodakı uğurlarından söz açıb. Vurğulanıb ki, 20-ci illərin sonu, 30-cu illərin əvvəllərində çəkilən əksər filmlərdə bu aktyora rollar həvalə edilir və o da səssiz kinonun imkanları daxilində öz personajlarına həyat verirdi. Qardaşı, kinorejissor Səməd Mərdanovun “Kəndlilər” filmi aktyorun yaradıcılığında yeni bir hadisə idi. Bu ekran əsərindən sonra 1940-cı ildə “Yeni horizont” (trest müdiri), 1941-ci ildə “Səbuhi” (akademiya rəisi) filmlərində çəkilib. Bu rolları kiçik olsa da, tamaşaçı diqqətindən yayınmır. Aktyorun ən uğurlu rollarında biri “O olmasın, bu olsun” filmindəki “intelligent” Həsən bəy obrazı idi.

Sənətkarın ailəsi adından çıxış edən qardaşı qızı Nuranə Mərdanova aktyorun xatirəsinə göstərilən ehtirama görə öz minnətdarlığını bildirib.

Sonra Mustafa Mərdanovun rol aldığı filmlərdən fraqmentlər nümayiş olunub.

Tədbirdən sonra qonaqlar teatrın səhnəsində Mustafa Mərdanovun xatirəsinə həsr olunan “Müfəttiş” tamaşasına baxıblar.

Rus yazıçısı N.Qoqolun eyniadlı pyesi əsasında, Sabit Rəhmanın tərcüməsində hazırlanan ikihissəli səhnə əsərinin quruluşçu rejissoru Mikayıl Mikayılov, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, musiqi tərtibatçısı Kamil İsmayılovdur.

Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanan səhnə əsərində Xalq artistləri Rafael Dadaşov və Ramiz Novruz, Rafiq Əzimov, Əməkdar artistlər Elşən Cəbrayılov, Şəlalə Şahvələdqızı, Nigar Güləhmədova, Kazım Həsənquliyev, Məzahir Cəlilov və başqaları çıxış edib.

ƏvvəlkiAzərbaycanın ilk milli xəbər agentliyi olan AZƏRTAC-ın fəaliyyətə başlamasından 99 il ötür
NövbətiNazirlər Kabinetinin növbəti iclası keçirilib