Milli Atçılıq Festivalının açılış mərasimi keçirilib

Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan Milli Atçılıq Festivalının açılış mərasimi keçirilib.

“Report”un məlumatına görə, tədbir Binə Atçılıq Mərkəzinin qapalı manejində baş tutub.

Tədbirdə çıxış edən gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan idmanının gündən-günə inkişaf etdiyini bildirib:

“Atçılıq idman növünün inkişafındakı əməyinə görə Azərbaycan Respublikası Atçılıq Federasiyası rəhbərliyinə təşəkkürümü bildirirəm. Yarışla bağlı Azərbaycana təşrif buyuran bütün qonaqlara xoş gəlmisiniz deyirəm”.

Daha sonra kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov qonaqları salamlayıb: “Çövkən üzrə dünya çempionatının və cıdır yarışının tamaşaçılar tərəfindən maraqla qarşılanacağı indidən görünür. Sevindirici haldır ki, bu yarışlar milli cins atların qaçışı ilə təşkil olunacaq. Atçılıq sahəsi istiqamətində görülən işlər nazirlik üçün prioritet məsələlərdən biridir”.

Daha sonra Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Dövlət Himni səsləndirilib. Sonda iştirakçı ölkələrin bayraqları meydana gətirilib.

Qeyd edək ki, bu gün çövkən üzrə dünya çempionatına start veriləcək. İlk gündə 3 oyun keçiriləcək.

Mötəbər yarışda Azərbaycanla yanaşı, Türkiyə, Qazaxıstan, Özbəkistan, Polşa və Mərakeş milliləri də iştirak edəcəklər. Festivalda milli cins atların – Qarabağ və Dilbaz atlarının iştirakı ilə noyabrın 7-də cıdır yarışları və yorğa qaçışları təşkil olunacaq. Dünya çempionatına noyabrın 8-də keçiriləcək 3-cü yer uğrunda oyun və final görüşü ilə yekun vurulacaq.

ƏvvəlkiAzərbaycanda əmək müqavilələrinin sayı artıb
NövbətiAzərbaycan karateçisi beşqat dünya çempionu olub