Macarıstanın dövlət bayrağı Beynəlxalq Türk Akademiyasında qaldırılıb

Beynəlxalq Türk Akademiyası (TWESCO) Qazaxıstan Respublikasının Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil edib.

AZƏRTAC xəbər verir ki, mərasim çərçivəsində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Çolpan-Ata Sammitində TWESCO-ya müşahidəçi üzv statusu alan Macarıstanın dövlət bayrağı akademiyaya təqdim edilib.

Tədbirdə Qazaxıstan xarici işlər nazirinin müavini Ercan Aşıkbayev çıxış edərək bildirib ki, Beynəlxalq Türk Akademiyası 2009-cu ildə Qazaxıstan Prezidentinin təşəbbüsü ilə TDƏŞ-in Azərbaycanın Naxçıvan şəhərində baş tutan sammitində yaradılıb. Hazırda təşkilat türk xalqlarının tarixi, coğrafiyası, ədəbiyyatı və mədəniyyətinin tədqiqində əldə etdiyi böyük uğurlar sayəsində beynəlxalq səviyyədə tanınmış elmi-tədqiqat mərkəzinə çevrilib. Akademiya türk dünyası ilə bağlı elmi araşdırmaları koordinasiya edən bənzərsiz bir təşkilata çevrilir. Akademiyanın həyata keçirdiyi layihələr yalnız elmi baxımdan deyil, türkdilli dövlətlərin inteqrasiyası baxımından da çox əhəmiyyətlidir.

Nazir müavini Macarıstanı Türk Şurasına və Beynəlxalq Türk Akademiyasına müşahidəçi üzv olması münasibətilə təbrik edib və qarşılıqlı əməkdaşlığın güclənəcəyinə ümidvar olduğunu bildirib.

TWESCO-nun prezidenti Darxan Kıdırəli rəhbərlik etdiyi təşkilatın üzv dövlətlərin milli günlərini qeyd etməsinin ənənə halı aldığını və bunun davam edəcəyini bildirib. O, türk xalqlarının bir-birinə yaxınlaşmasının məhz müstəqillik sayəsində mümkün olduğunu, TWESCO da daxil olmaqla bu istiqamətdə fəaliyyət göstərən təşkilatların dövlət başçıları tərəfindən dəstəklənməsinin türk xalqları arasında inteqrasiyaya böyük töhfə olduğunu qeyd edib. Darxan Kıdırəli Macarıstanın müşahidəçi üzv kimi qəbulunun akademiyanın beynəlxalq miqyasda daha yaxşı tanınmağa başlanmasının önəmli göstəricisi olduğunu deyib.

Sonra Macarıstanın Qazaxıstandakı səfiri Andraş Barani ölkəsinin dövlət bayrağını akademiyaya təqdim edib. Diplomat bildirib ki, Macarıstanın bayrağının Beynəlxalq Türk Akademiyasında dalğalanmasından böyük şərəf hissi duyur. Beynəlxalq Türk Akademiyasının baş qərargahının Astanada olması Macarıstan-Qazaxıstan əməkdaşlığının genişlənməsinə əlavə stimul verir.

Tədbirdə Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov da iştirak edib.

Əvvəlkiİlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
NövbətiBakı-Tbilisi-Qars marşrutunda hərəkət edəcək sərnişin vaqonlarının Almaniyada sınaq testləri keçirilir