Mərkəzləşdirilmiş karyera portalı yaradılacaq

Gənclərin peşə təhsilindən əmək bazarına inteqrasiyasının gücləndirilməsi Prezident İlham Əliyevin 2018-ci il 30 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2019–2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”nın hədəfləri sırasındadır. Bu məqsədlə sənəddə bir sıra fəaliyyət istiqamətləri əksini tapır. Onlardan biri də karyera (peşə) – məsləhət və karyera – planlaşdırma xidmətlərinin təkmilləşdirilməsi, o cümlədən rəqəmsal texnologiyalardan geniş istifadəyə keçidin təmin edilməsi və mərkəzləşdirilmiş karyera portalının yaradılmasıdır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, portal ali və orta ixtisas müəssisələrini bitirən gənclərlə bağlı məlumatları əhatə etməklə, işəgötürənlərin həmin məlumatlara real vaxt rejimində çıxışına imkan yaradacaq.

Portalda əmək bazarında peşə və ixtisaslara olan tələbat barədə dolğun və real məlumatlar toplanacaq. Yeni peşə və ixtisas qazanmış gənclərin həmin məlumatlarla, eləcə də peşə və ixtisaslarla bağlı işəgötürənlərin tələbləri ilə tanışlığına şərait yaradacaq. Digər tərəfdən, əmək bazarına daxil olmağa hazırlaşan gənclər portal vasitəsilə əmək bazarında rəqabətədavamlı peşə və ixtisaslar barədə məlumatlar əldə edəcəklər.

ƏvvəlkiRusiyadan gələn Azərbaycan vətəndaşı yarım kq-dan çox qızıl sikkələr keçirməyə cəhd edib
Növbəti“Azərsu” Nobel prospektində tıxac yaradan yol çökməsi məsələsinə aydınlıq gətirdi