Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

Dekabrın 16-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Komissiyanın 2023-cü il oktyabrın 18-də və 20-də, dekabrın 8-də keçirilmiş iclaslarının protokolları təsdiq olunub.

Sonra bəzi seçki dairələri üzrə yeni seçki məntəqələrinin yaradılması məsələsinə baxılıb. Bildirilib ki, işğaldan azad edilmiş ərazilərdə məskunlaşan və uzunmüddətli tikinti-quruculuq işlərində çalışan çoxsaylı seçicilərin seçki hüquqlarının qanunvericiliyə uyğun təmin edilməsi, eləcə də Seçki Məcəlləsinin bununla bağlı tələbinin ödənilməsi məqsədilə müvafiq seçki dairələrinin dairə seçki komissiyaları tərəfindən yeni seçki məntəqələrinin təşkili zərurəti yaranıb. Komissiyanın qərarı ilə 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası prezidenti seçkilərində qanunvericiliyin tələblərinə uyğun olaraq 1 saylı Şərur–Sədərək, 2 saylı Şərur–Kəngərli, 3 saylı Babək–Şahbuz–Kəngərli, 4 saylı Naxçıvan şəhər, 5 saylı Babək–Naxçıvan–Culfa, 47 saylı Sumqayıt–Abşeron–Qaradağ, 75 saylı Yardımlı–Masallı, 84 saylı Füzuli, 97 saylı Tərtər–Naftalan–Goranboy, 118 saylı Ağdam şəhər, 120 saylı Cəbrayıl–Qubadlı, 121 saylı Laçın, 122 saylı Xankəndi, 123 saylı Kəlbəcər, 124 saylı Şuşa–Ağdam–Xocalı–Xocavənd, 125 saylı Zəngilan–Qubadlı seçki dairələrinin hüdudları daxilində yeni seçki məntəqələrinin yaradılması və həmin seçki məntəqələri üzrə yeni məntəqə seçki komissiyalarının formalaşdırılması aidiyyəti seçki dairələrinin dairə seçki komissiyalarına həvalə olunub.

İclasda sözügedən seçkilərlə əlaqədar maarifləndirmə tədbirlərinin təşkilinə dair məsələyə də baxılıb. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”na və Seçki Məcəlləsinə əsasən seçki iştirakçıları üçün müxtəlif istiqamətlər üzrə çoxsaylı layihələri əhatə edən genişmiqyaslı maarifləndirmə proqramının gerçəkləşdirilməsi qərara alınıb.

Media nümayəndələri tərəfindən geniş işıqlandırılan iclasda, həmçinin bəzi seçki dairələri üzrə dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilib və cari məsələlərə baxılıb.

ƏvvəlkiPrezident İlham Əliyev Küveyt Dövlətinin Əmirinə başsağlığı verib
NövbətiBu ilin 11 ayında Türkiyədə 1069 terrorçu zərərsizləşdirilib