Məhərrəm İbrahimovun məzarı ziyarət olunub

Jurnalist Məhərrəm İbrahimovun şəhid olmasının ildönümü münasibətilə anım mərasimi keçirilib.

“Report” xəbər verir ki, mərhumun Müşfiqabad qəsəbə qəbiristanlığındakı məzarı ziyarət olunub.

Mərasimdə M.İbrahimovun iş yoldaşları, media nümayəndələri, ailə üzvləri, dostları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Şəhid jurnalistin məzarı önünə əklil qoyulub, gül dəstələri düzülüb.

Şəhidin qardaşı, jurnalist Əsgər İbrahimov, bacısı Sevda İbrahimova Məhərrəmin ömür yolundan danışıb, xatirəsinin daim əziz tutduqlarına, ailəsinə göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

AZƏRTAC-ın İdarə Heyəti sədrinin müavini Dağbəyi İsmayılov çıxış edərək deyib ki, Məhərrəm İbrahimov peşəkar jurnalist kimi məhz AZƏRTAC-da formalaşıb, ordu həyatının işıqlandırılmasında yaxından iştirak edib, onun qaynar nöqtələrdən, hadisə yerindən hazırladığı reportajlar oxucular tərəfindən maraqla qarşılanıb.

Məhərrəmin verilən tapşırıqları yüksək səviyyədə yerinə yetirməsindən, həmçinin insani keyfiyyətlərindən danışan D.İsmayılov deyib: “O, 39 yaşında şəhidlik zirvəsinə ucaldı. Hamımız bu dünyadan köçəcəyik, bəlkə də çoxlarımızı xatırlamayacaqlar, ancaq Məhərrəm daim xatırlanacaq. Çünki şəhidlər ölmürlər, onlar qəlblərdə daim yaşayırlar”.

Şəhid jurnalistin məzarı önündə çıxış edən digər həmkarları da onunla bağlı xatirələrini dilə gətirib, doğmalarına səbir diləyiblər.

Bütün şəhidlərimiz kimi Məhərrəm İbrahimov da yaddaşlarda əbədi yaşayacaq, onun peşəkar müxbir kimi gördüyü işlər heç vaxt unudulmayacaq.

Qeyd edək ki, bu gün AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və Azərbaycan Televiziyasının (AzTV) operatoru Sirac Abışovun şəhid olmalarından bir il ötür. Xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcərə ezam olunmuş bir qrup jurnalisti aparan “KamAZ” markalı sərnişin avtomobili ötən il iyunun 4-də rayonun Susuzluq kəndində tank əleyhinə minaya düşüb.

Nəticədə çəkiliş qrupunun iki üzvü – S.Abışov və M.İbrahimov, habelə Kəlbəcər Rayon İcra Hakimiyyətinin nümayəndəsi Arif Əliyev şəhid olub, daha 4 nəfər isə yaralanıb.

ƏvvəlkiŞüvəlanda təmizlik aksiyası təşkil edilib
Növbətiİtaliyanın Ankaradakı səfiri Türkiyə XİN-ə çağırılıb