Lüksemburqun Baş naziri Azərbaycan stendini ziyarət edib

Lüksemburq Böyük Hersoqluğunun təşkilatçılığı ilə keçirilən 62-ci Beynəlxalq Lüksemburq Bazarında bu ölkənin Baş naziri Ksavye Bettel Azərbaycan stendini ziyarət edib.

AZƏRTAC xəbər verir ki, ölkəmizin Lüksemburq Böyük Hersoqluğundakı səfirliyinin, “Azersun”, “Meyseri”, “Silkway Cargo” şirkətlərinin dəstəyi və bu ölkədə yaşayan soydaşlarımız Seymur Əhmədov və Samir Məmmədovun təşkilatçılığı ilə Lüksemburq Beynəlxalq Bazarında nümayiş olunan Azərbaycan stendi lüksemburqlu rəsmiləri yüksək qonaqpərvərliklə qarşılayıb. Lüksemburqun Baş nazirinə Azərbaycanın tarixi, mədəniyyəti, məhsulları haqqında məlumat verilib. Ksavye Bettel milli mətbəximizin təamlarından dadıb.

Azərbaycanın Əməkdar artisti, pianoçu, bəstəkar və aranjemançı İsfar Sarabski və tarzən Bəhruz Zeynal Lüksemburq Beynəlxalq Bazarında təşkil olunan Azərbaycan stendində musiqi proqramı ilə çıxış ediblər.

Azərbaycan musiqisinin sədalarını eşidən Beynəlxalq Bazarın ziyarətçiləri stendimizin qarşısına toplaşaraq, azərbaycanlı musiqiçiləri heyranlıqla dinləyiblər. Azərbaycan musiqisi xeyriyyə bazarına xüsusi rəng qatıb.

Qeyd edək ki, müxtəlif Avropa ölkələrində dəfələrlə konsertlər vermiş pianoçu İsfar Sarabski avropalılar tərəfindən çox sevilən musiqiçidir. Azərbaycanlı musiqiçilərin ifası ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb

Lüksemburq Beynəlxalq Bazarı noyabrın 13-dək davam edəcək.

ƏvvəlkiAzərbaycan və Fransa Prezidentləri arasında telefon danışığı olub
NövbətiAvstriyada hava şarı yerə çırpılıb, xəsarət alanlar var