Lənkəranda media nümayəndələri ilə görüş keçirilib

Lənkəran-Astara Regional Təhsil İdarəsinin birillik fəaliyyəti ilə bağlı regionun bir qrup media nümayəndəsi ilə görüş keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Lənkəran şəhər Heydər Əliyev Mərkəzində təşkil olunan hesabat xarakterli tədbirdə 29 müxtəlif media qurumunu təmsil edən jurnalist iştirak edib. Görüşdə Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Elxan Nəcəfovun idarənin birillik fəaliyyəti barədə geniş məzmunlu çıxışı dinlənilib.

İdarə müdiri ötən bir il müddətində görülən işlər barədə (işə qəbul, vətəndaş müraciətləri, şagird nailiyyətləri, təhsil işçilərinin peşəkar inkişafına yönəlmiş təlim və vebinarlar, MİQ və sertifikasiya üzrə statistika, buraxılış və ali məktəblərə qəbul imtahanının nəticələrinin təhlili, idarənin tabeliyindəki ümum təhsil müəssisələrinin təmir-tikinti, istilik təminatı və məktəbli formasına keçid və s. ilə bağlı) ətraflı məlumat verib.

Bildirilib ki, ölkənin ən böyük regional idarələrindən olan Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində 553 ümumi təhsil müəssisəsi (Lənkəran – 86, Masallı – 95, Astara – 62, Cəlilabad – 127, Lerik – 105, Yardımlı – 78) fəaliyyət göstərir. Region üzrə ümumilikdə 127263 şagirdin təlim-tərbiyəsi ilə 13375 müəllim məşğuldur.

Sonra təhsil müəssisələri ilə media mənsubları arasında operativ və səmərəli kommunikasiyanın qurulması barədə fikir mübadiləsi aparılıb, jurnalistlərin sualları cavablandırılıb, təklifləri dinlənilib.

Müzakirələr zamanı birgə əməkdaşlığın perspektivləri, o cümlədən mediada təhsil sahəsinin daha geniş və obyektiv işıqlandırılmasının, eləcə də bu cür görüşlərin əhəmiyyətindən danışılıb.

Tədbirdə bir neçə media nümayəndəsi Lənkəran-Astara Regional Təhsil İdarəsi tərəfindən “Təşəkkürnamə” ilə təltif edilib.

Qeyd edək ki, AZƏRTAC-ın müxbiri İlkin Adıyev də təltif olunanlar sırasındadır.

ƏvvəlkiPrezident: Azərbaycan və Özbəkistan ictimaiyyəti bugünkü danışıqların nəticəsini hər iki ölkədə layihələrin praktiki olaraq reallaşmasında görəcək
NövbətiBakıda Özbəkistan Prezidenti və xanımının şərəfinə dövlət ziyafəti verilib