Küveytdən Azərbaycana gələn turistlərin sayı 7,1 dəfə artıb

Bu ilin yanvar-mart ayları ərzində Azərbaycana dünyanın 151 ölkəsindən 629,4 min və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,4% çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, gələnlərin 27,4%-i Rusiya Federasiyası, 22,1%-i Gürcüstan, 15,8%-i İran, 11,6%-i Türkiyə, 4,7%-i Birləşmiş Ərəb Əmirlikləri, 1,9%-i Ukrayna, 1,8%-i İraq, 14,6%-i digər ölkələrin vətəndaşları, 0,1%-i isə vətəndaşlığı olmayan şəxslər olub. Gələnlərin 67,9%-ni kişilər, 32,1%-ni isə qadınlar təşkil edib. Əcnəbi və vətəndaşlığı olmayan şəxslərin 29,6%-i  yanvar, 26,4%-i fevral, 44%-i isə mart ayında ölkəyə gəlib. Mart ayında ölkəmizə gələnlərin 25,8%-ni İran vətəndaşları təşkil edib və onların sayı ötən ilin mart ayında gələnlərdən 4,6% çox olub.

Bu ilin yanvar-mart aylarında Körfəz ölkələrindən (İran istisna olunmaqla) gələnlərin sayında  daha çox artım müşahidə edilib. Ötən ilin yanvar-mart ayları ilə müqayisədə ölkəmizə gələn Küveyt vətəndaşlarının sayı 7,1 dəfə, Bəhreyn və Qətər vətəndaşlarının sayı hər biri üzrə 2,7 dəfə, Səudiyyə Ərəbistanı vətəndaşlarının sayı 2,4 dəfə, Oman vətəndaşlarının sayı 1,9 dəfə, İraq vətəndaşlarının sayı 1,7 dəfə, Birləşmiş Ərəb Əmirlikləri vətəndaşlarının sayı 1,3 dəfə artıb. İrandan gələnlərin sayında 6,4% azalma müşahidə edilib.

ƏvvəlkiPrezident İlham Əliyev Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin direktorunu qəbul edib
NövbətiGürcüstanda azərbaycanlı ailənin evinə silahlı basqın olub