Korrupsiya ilə mübarizəyə həsr edilmiş dəyirmi masa təşkil edilib

“İctimai İştirakçılığın Dəstəklənməsi” İctimai Birliyi “Kommunal sahədə korrupsiyanın səbəbləri və  xüsusiyyətlərinin öyrənilməsi” layihəsini davam etdirir.

Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir.

Layihə Siyəzən və Şabran rayonlarını əhatə edir.

Layihə çərçivəsində Şabran rayonunun Heydər Əliyev Mərkəzində üçüncü dəyirmi masa keçirilib. Tədbirdə rayon icra hakimiyyətinin nümayəndələri, bələdiyyə üzvləri və yerli sakinlər iştirak edib.

Tədbiri layihə rəhbəri Şaban Nəsirov açıb.

O, kommunal xidmət sahələrində fəaliyyət göstərən qurumların işinin çətin və məsuliyyətli olduğunu deyib. Eyni zamanda qeyd edib ki, keyfiyyətli xidmətlərlə təmin olunmaq obonentlərin hüququdur. Amma çox təəssüf ki, vətəndaşlar bəzi hallarda kommunal xidmət göstərən orqanlar tərəfindən neqativ hallarla, rüşvət tələbləri ilə qarşılaşırlar. Bunun isə səbəbi çoxşaxəlidir. Ən vacib məqam isə vətəndaşların öz hüquqlarını bilməməsi, kommunal xidmət göstərən şirkətlərə müqavilə bağlayarkən onun şərtləri ilə maraqlanmırlar.

Digər səbəbləri araşdırmaq, o cümlədən rayon sakinlərinin konmmunal sahədə problemlərini dinləmək məqsədilə Şaban Nəsirov sözü tədbir iştirakçılarına verib.

Rayon sakini, Asif Hacıyev yaşadığı ərazidə elektrik xəttlərinin keyfiyyətli olmadığını bildirib. Qeyd edib ki, hava şəraiti bir qədər sərt olan – yağış yağan, külək əsən zaman elektrik enerjisinin verilişi dayanır. Rayonda kabelləşmə aparılsa da, həmin əraziyə elektrik xətti kəndlərə gedən xəttin üzərindən verilir. Dəfələrlə problemlə bağlı müvafiq qurumlara müraciət olunsa da, şikayətə baxılmayıb.

Dəyirmi masa iştirakçıları həmçinin təbii qaz, elektrik enerjisi və su tariflərinin baha olmasından şikayətləniblər.

Digər rayon sakini Murad Kazımov bəzi aztəminatlı ailələrə güzəştlərin tətbiq olunmasını məqsədəuyğun hesab etdiyini deyib: “Qadın tanıyıram ki, uşağı autizm, həyat yoldaşı qaraciyər xəstəsidir, xalça toxumaqla ailəsini dolandırır. Bu cür ailə qaz, işıq pulunu necə ödəsin. Baxsan evi də çox kiçikdir, onun işlətdiyi qazın, işığın dəyəri nə olacaq ki..Məncə bu cür, ağır vəziyyətdə olan ailələrə bəzi güzəştlər edilməsi kommunal qurumlar üçün çətin olmaz”.

Tədbir iştirakçıları kommunal sahədə olan digər problemlərdən də bəhs ediblər. İçməli su problemi, su kanallarının təmizlənməməsi məsələsi müzakirə olunub.

Şaban Nəsirov özünün həmçinin “Azəriqaz” İstehsalat Birliyinin yanında İctimai Şurada təmsil olunduğu qeyd edərək, bu istiqamətdə də şikayətləri əlaqədar qurumun diqqətinə çatdıracağını deyib.

Sonda layihə rəhbəri tədbirin təşkilində göstərdiyi köməyə görə, Şabran rayon icra hakimiyyətinə öz təşəkkürünü bildirib.

ƏvvəlkiRegionda silsilə ekoloji tədbirlər davam edir
NövbətiMəleykə Abbaszadə: “Apellyasiya şikayətləri ilə 200-ə yaxın şagirdin nəticəsi dəyişib”