Koronavirus Azərbaycanda daha bir can aldı

Azərbaycan Respublikasında 67 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınmış, 1 nəfər vəfat etmiş, 41 nəfər müalicə nəticəsində sağalaraq evə buraxılmışdır.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Türk.az-a verilən məlumata görə, 1935-ci il təvəllüdlü vətəndaşın anamnezində ürək ritminin pozulması, ürəyin işemik xəstəliyi, postinfarkt kardioskleroz olduğu göstərilmiş, ondan koronavirus (COVID-19) üçün götürülən analiz nümunələri müsbət çıxmışdır. Bütün zəruri tibbi tədbirlərin həyata keçirilməsinə baxmayaraq pasiyent vəfat etmişdir.

Hazırkı dövrədək ölkəmizdə 1058 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 200 nəfəri müalicə olunaraq sağalmış, 11 nəfər vəfat etmiş, 847 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 27 nəfərin vəziyyəti ağır, 35 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ölkəmizdə müxtəlif karantin zonalarına yerləşdirilən 2840 nəfərin müayinəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.

ƏvvəlkiABŞ dünyada koronavirus qurbanlarının sayına görə birinci yerə çıxdı
Növbəti3 minə yaxın bilet geri qaytarıldı