İyunun 16-dan ekspress avtobuslar xəttə buraxılmayacaq

Xüsusi karantin rejiminin gücləndirilməsi və Bakı Metropoliteninin fəaliyyətinin məhdudlaşdırılması ilə əlaqədar təşkil olunan 7 ekspress marşrut üzrə sərnişindaşımaları iyunun 16-dan dayandırılır.

Bakı Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildirilib ki, metro stansiyalarının fəaliyyətinin bərpa edilməsi səbəbindən ekspress marşrutlara olan sərnişin tələbatı kəskin şəkildə azalıb. Aparılan statistik təhlillər nəticəsində məlum olub ki, 7 sayda ekspress marşrut üzrə boş yürüşlərin sayı artıb, rentabelliyi azalıb. Bu da avtobusların səmərəsiz fəaliyyət göstərməsinə zəmin yaradır.

Belə ki, ekspress xətlər üzrə mayın 9-dan əvvəl orta hesabla gündəlik 45-46 min sərnişin daşınması həyata keçirilirdisə metro stansiyalarının fəaliyyətə başlamasından sonra daşıma tədricən azalaraq 94 faizədək enib və hazırda həmin xətlər üzrə 2-3 min ətrafında sərnişin səfər sayı həyata keçirilir. Qeyd olunan sayda sərnişinin metrodan istifadəsi hər hansı bir çətinlik yaratmayacaq.

Həmçinin ekspress xətlərdən çıxarılan avtobuslar müsabiqə nəticəsində “BakuBus” MMC-yə həvalə edilən xətlər üzrə sərnişindaşımalara cəlb ediləcək. Bununla da istismar müddətini başa vuran, texniki baxımdan yararsız avtobusların bir qismi sərnişindaşımalardan kənarlaşdırılacaq.

Xüsusi karantin rejimi günlərində həyat fəaliyyətinin təmin edilməsi baxımından zəruri hesab olunan sahələrdə çalışan vətəndaşların daşınmasını təmin etmək məqsədilə təşkil edilən 7 sayda ekspress xətt 2 ay müddətində fəaliyyət göstərib. Bu müddətdə ekspress xətlər üzrə avtobuslardan ümumilikdə 1 milyon 500 minədək sərnişin istifadə edib. Metronun fəaliyyətinin məhdudlaşdırıldığı müddətdə isə həm müntəzəm, həm ekspress xətlər üzrə avtobuslarla 30 milyonadək sərnişin daşınıb.

ƏvvəlkiAzərbaycanda əhalinin sayı 10 milyon 81 min nəfəri ötüb
NövbətiPrezident Baş Prokurorluğun yeni strukturunu təsdiqləyib