İtaliyanın Soverato şəhərində Şuşa ilə bağlı kitabın təqdimatı olub

Azərbaycanın İtaliyadakı səfirliyi “Şuşa İli” çərçivəsində tədbirləri davam etdirir. Dekabrın 15-də İtaliyanın Kalabriya regionunun Soverato şəhərində Şuşa şəhərinə həsr edilmiş tədbirdə italyan dilində nəşr olunmuş “Şuşa – Azərbaycanın mədəniyyət paytaxtı” kitabının təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycanın İtaliyadakı səfiri Rəşad Aslanov, Soverato şəhərinin meri Daniele Vakka və müavini Emanuele Amoruso, şəhər şurasının sədri Salvatore Riççio, Asiya üzrə İtaliya İnstitutunun rəhbəri Domeniko Palmieri, qonşu şəhərlərin rəhbərləri, şəhər sakinləri, məktəblilər və digər qonaqlar iştirak ediblər.

Soveratonun meri D.Vakka strateji müttəfiq olan İtaliya ilə Azərbaycan arasındakı faydalı əlaqələrdən danışıb. O, Azərbaycanla qurulmuş tərəfdaşlıq münasibətlərinə yüksək dəyər verildiyini, əməkdaşlığın dərinləşdirilməsində maraqlı olduqlarını bildirib.

Şəhər merinin müavini E.Amoruso Azərbaycan tarixində və mədəniyyətində xüsusi rol oynayan Şuşa şəhəri ilə bağlı tədbirin keçirilməsi üçün Soveratonun seçilməsinə görə məmnunluğunu ifadə edib. O, Şuşanın 30 ilə yaxın erməni işğalında qaldığını, şəhərin azad olunduğu 2020-ci ildəki müharibə zamanı Soveratonun Azərbaycan xalqı ilə həmrəylik nümayiş etdirdiyini vurğulayıb. Yaranmış dostluq əlaqələrinin gücləndirilməsi üçün turizm və mədəni mübadilə sahəsində əməkdaşlığın təşviqinin mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Bu istiqamətdə görülən işlər qismində Azərbaycan şəhərlərindən biri ilə Soveratonun qardaşlaşmasının mümkünlüyünü qeyd edib. Eyni zamanda, tədbirdə təqdimatı keçirilən kitabın Soverato sakinlərinin Azərbaycan mədəniyyəti haqqında məlumatlığının artırılmasına xidmət edəcəyinə əminliyini ifadə edib.

Kitabın həmmüəllifi, italiyalı professor Daniel Pommier Vinçelli Azərbaycanla bağlı qısa məlumat verərək coğrafi mövqeyinə görə Asiya və Avropa arasında strateji nöqtədə yerləşən ölkəmizin, eyni zamanda, şərq və qərb mədəniyyəti arasında körpü rolunu oynadığını deyib. O, müxtəlif mədəniyyət və dini etiqad daşıyıcılarının Azərbaycanda bir yerdə sülh və əmin-amanlıq şəraitində yaşadığını qeyd edib. Mədəni irsə verilən yüksək diqqət, eyni zamanda, müxtəlif etnik qrupların nümayəndələrinin öz dillərini və mədəniyyətlərini qoruması baxımdan Azərbaycan ilə İtaliya arasındakı oxşar cəhətlərdən də danışıb.

Professor həmmüəllifi olduğu kitab haqqında məlumat verərək və hələ işğaldan əvvəl Şuşa ilə bağlı çoxlu məlumat topladığını və bu barədə azərbaycanlılarla danışarkən şəhərin nə dərəcədə mənəvi çəkisinin olduğuna şahidlik etdiyini dilə gətirib. Şəhər azad olunduqdan sonra Şuşaya səfər edərkən bunun səbəbini anladığını və şəhərin ecazkar təbiət möcüzəsi olduğunu qeyd edib. Şuşanın hər guşəsində mədəni, tarixi və dini irsin gizləndiyini vurğulayıb, Ermənistanın işğalı zamanı bu irsin necə vandalizmə məruz qaldığını və bundan təəssüfləndiyini vurğulayıb.

D.Pommier şəhərin Azərbaycan mədəniyyəti və tarixində oynadığı roldan danışarkən Şuşadan çıxan ictimai və incəsənət xadimlərini yada salaraq buranın Azərbaycan milli kimliyinin bir parçası olduğunu qeyd edib. Şuşanın qərb dünyasında tanıdılmasına verdiyi töhfəyə görə özünü xoşbəxt hiss etdiyini və şəhərin məruz qaldığı işğaldan nəinki Azərbaycanın, bütün dünya mədəniyyətinin zərər gördüyünü bildirib. O, Şuşanın öz ana vətəninə geri döndüyünü və Azərbaycan rəhbərliyinin şəhərin bərpasına yüksək diqqət yetirdiyini vurğulayıb. Qeyd edib ki, Azərbaycan Şuşanı bərpa etməklə nəinki öz mədəni irsini qoruyur, eyni zamanda, dünya mədəniyyətinin növbəti nəsillərə ötürülməsinə töhfə verir. İtaliya şirkətlərinin də bərpa proseslərində fəal iştirakından məmnunluğunu ifadə edib.

Səfir Rəşad Aslanov isə 30 illik işğaldan sonra öz ana yurduna qovuşan Şuşa şəhərini Azərbaycanın qərb dünyasında yaxın dostu və dünya mədəniyyətinə böyük töhfələr vermiş italyan xalqına tanıtmaqdan məmnunluq ifadə edib. O, Şuşanın nəinki Azərbaycanın, eyni zamanda, dünya mədəni irsinin bir parçası olduğunu vurğulayıb və bu xüsusda şəhərin növbəti ildə türk dünyasının mədəniyyət paytaxtı elan edildiyini deyib.

Ərazilərimiz işğaldan azad olunarkən Soverato rəhbərliyi və əhalisinin verdiyi dəstəyi Azərbaycan xalqının unutmayacağını qeyd edən səfir 30 illik işğala məhz bu şəhərin azad edilməsi ilə son qoyulduğunu nəzərə alaraq Şuşa ilə keçirilən tədbirlər silsiləsinin məkanlarından biri kimi Soverato şəhərinin daxil edilməsinin təsadüfi olmadığını bildirib. R.Aslanov kitabla tanış olan Soverato əhalisinin Şuşa barədə daha ətraflı məlumata sahib olacağını və onların Azərbaycan xalqı ilə həmrəylik göstərməklə əslində ədalət, mədəniyyət və humanizm tərəfdarı olduqlarından əmin olacaqlarını qeyd edib.

Səfir hazırda Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın bərpasında İtaliya şirkətlərinin cəlb edilməsinin məhz ölkələrimiz arasındakı dostluğun nümunəsi olduğunu bildirib. Soverato ilə əməkdaşlığın dərinləşməsi məqsədilə təhsil sahəsində mübadilənin əhəmiyyətini qeyd edib. Bu baxımdan, İtaliyanın 5 nüfuzlu universiteti ilə ADA Universitetinin əməkdaşlığı nəticəsində yaranan İtaliya-Azərbaycan Universitetinin əhəmiyyətindən danışıb və tədbirdə iştirak edən məktəblilərin gələcəkdə bu universitetdə təhsil almaqla ölkələrimiz arasında körpü rolunu oynaya biləcəklərini və Azərbaycan xalqının da italyan xalqı kimi tolerant və multikultural dəyərlərə hörmət etdiyinin şahidi olacaqlarını vurğulayıb.

Tədbir iştirakçıların böyük marağına səbəb olub və ölkəmizi ziyarət etmiş Soverato sakinləri Azərbaycanla bağlı öz xoş təəssüratlarını bölüşüblər.