İstanbulun mərkəzi küçələrindən biri “Azərbaycan” adlandırılıb

Dünyanın ən böyük meqapolislərindən olan İstanbulun mərkəzi bölgələrindən biri olan Sarıyer rayonunun qədim ərazisindəki “Cendere” küçəsinin adı ölkəmizin bu şəhərdəki baş konsulluğunun təklifi və təşəbbüsü əsasında dəyişdirilərək “Azərbaycan” adlandırılıb. Bu, “İki dövlət, bir millət!” şüarı altında birləşən Azərbaycan ilə Türkiyə arasındakı tarixi qardaşlıq bağlarının daha bir bariz nümunəsidir.

Bu barədə AZƏRTAC-a baş konsulluqdan məlumat verilib.

Bildirilib ki, küçənin adının dəyişdirilməsi Sarıyer Bələdiyyəsi Məclisinin müvafiq qərarı ilə baş tutub. Qərar rəsmi prosedurların yekunlaşdırılması məqsədilə İstanbul Böyük Şəhər Bələdiyyə Məclisinin bu il iyulun 13-də keçirilməsi nəzərdə tutulan iclasına təqdim olunub.

Qeyd edək ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adını daşıyan və heykəlinin ucaldıldığı park da məhz Sarıyer Bələdiyyəsinin ərazisində yerləşir. Ulu Öndərin doğum və vəfat tarixləri İstanbuldakı baş konsulluğumuzun təşəbbüsü əsasında Sarıyer Bələdiyyəsinin cari protokol tədbirlərinin təqviminə daxil edilib.

ƏvvəlkiParlamentdə 12 layihənin müzakirəyə çıxarılması təxirə salınıb
NövbətiAtambayev xəstəxanaya yerləşdirildi