“İşğal altındakı rayonlar istisnasız azad olunmalıdır” – Lavrovun bəyanatına deputatdan reaksiya

Məlum olduğu kimi Rusiya xarici işlər naziri Sergey Lavrov Dağlıq Qarabağ münaqişəsi ilə bağlı önəmli açıqlamalar verib. Rusiyanın baş diplomatı bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin mərhələli həlli gözlənilir. Lavrov qeyd edib ki, ilk mərhələdə ən aktual məsələlərin – Dağlıq Qarabağ ətrafındakı bir sıra rayonların azad olunması və kommunikasiya, nəqliyyat və iqtisadi əlaqələrin bərpası və s. nəzərdə tutulur.

Milli Məclisdə işğal olunmuş Kəlbəcər rayonunu təmsil edən deputat Aqil Məmmədov Turkustan.info-ya açıqlamasında bildirib ki, Lavrovun son bəyanatı, münasiqəşinin həlli ilə bağlı bundan əvvəlki bəyanatlarından fərqlənir: “Adətən, Rusiya xarici işlər nazirinin Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı fikirləri Azərbaycanda narahatlıq doğururdu. Bu dəfə isə Sergey Lavrov konstrktiv sayıla biləcək mövqe nümayiş etdirib. O, münaqişənin mərhələli həllinin gərəkliyini vurğulayıb. Həm, ATƏT-in Minsk Qrupunun üzvü, həm də münasiqəşnin həllində ciddi söz sahibinə malik Rusiyanın baş diplomatının bu bəyanatı əhəmiyyətli sayıla bilər. Bəllidir ki, Azərbaycan da münaqişənin mərhələli həllinin tərəfdarıdır. Ermənistan paket həll variantında israr edir. Bu isə danışıqlardan yayınmaq və Azərbaycan torpaqlarını işğalda saxlamaq üçün yalnız bəhanədir”.

Millət vəklinin sözlərinə görə bəyanatda səsləndirilən “Qarabağ ətrafındakı bir sıra rayonlar” ifadəsi müəyyən suallar yaradır. Çünki, zaman-zaman “5 rayon”, “5+1 və ya 5+2 rayon” ifadə işlədilib: “Lavrovun bəyanatında işlətdiyi “bir sıra rayonlar” ifadəsi də haradasa, həmin formatlara yaxındır. Ancaq həm, Ermənistan, həm onun havadarları, həm də ATƏT-in Minsk Qrupunun üzvləri, o cümlədən, Rusiya bilməlidir ki, Azərbaycanın dünya birliyi tərəfindən tanınmış suveren sərhədləri tam şəkildə azad olunmalıdır. Bu Azərbaycanın birmənalı mövqeyidir və bu mövqeni Azərbaycan Prezidenti ən mötəbər beynəlxalq kürsülərdən dəfələrlə bəyan edib. Bir sıra yox, bütün ətraf rayonların azad olunması mərhələli həllin birinci hissəsi kimi həyata keçirilməli, ikinci mərhələdə Dağlıq Qarabağın hüquqi statusu həllini tapmalıdır”.

ƏvvəlkiBirinci vitse-prezidentdən Ramazan təbriki
NövbətiQaz smart-kartlarına 10 manatlıq hədiyyə ilə bağlı məlumat