İranda pandemiyadan ölənlərin sayı 2 898-ə çatdı

İranda daha 141 nəfər koronavirusun qurbanı olub.

Türk.az IRNA-ya istinadən xəbər verir ki, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur ölkədə infeksiyadan ölənlərin sayının 2 898 nəfər olduğunu açıqlayıb.

O bildirib ki, daha 3 111 nəfərdə koronavirus aşkarlanıb və bununla da virus daşıyıcılarının sayı 44 606 nəfərə çatıb.

K.Cahanpur həmçinin 14 656 nəfərin koronavirusdan sağalaraq xəstəxanalardan buraxıldığını da vurğulayıb.

Eyni zamanda İran Səhiyyə Nazirliyinin sözçüsü 3 753 pasiyentin vəziyyətinin ağır olduğunu söyləyib.

Qeyd edək ki, ölkənin birinci vitse-prezidenti İshaq Cahangiri, sənaye, mədən və ticarət naziri Rza Rəhmani, səhiyyə nazirinin müavini İrəç Hərirçi, vitse-prezident Məsumə Ebtekar, ali rəhbərin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti, fövqəladə hallar təşkilatının başçısı İsmayıl Naccar, sabiq ədliyyə naziri Mustafa Purməhəmmədi də daxil olmaqla 23 deputat koronavirusa yoluxub.

Bundan başqa, qadın deputat Fatimə Rəhbər, İranın Vatikandakı keçmiş səfiri Hadi Xosrovşahi, İran Məsləhət Şurasının üzvü Seyid Məhəmməd Mirməhəmmədi,İran XİN başçısının sabiq müşaviri Hüseyn Şeyxülislam və İran Ekspertlər Şurasının üzvü Seyid Həşim Bəthayi koronavirusdan ölüb.

Martın 11-i koronavirusa yoluxmuş İran parlamentinin millət vəkili Zöhrə İlahian və səhiyyə nazirinin müavini İrəç Hərirçi tam müalicə olunaraq evə buraxılıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 200 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 789 800-ü ötüb. Bunların 166 730 nəfəri sağalıb, 38 101 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

ƏvvəlkiQazaxıstanda koronavirus infeksiyasından ikinci ölüm hadisəsi qeydə alınıb
NövbətiOrdu sıralarından tərxis aprelin 20-dən 25-dək həyata keçiriləcək