İran Ukrayna təyyarəsinin raketlə vurulması ilə bağlı iddiaları təkzib edib

Tehranda qəzaya uğrayan Ukraynaya məxsus sərnişin təyyarəsi texniki səbəblərdən partlayıb. Təyyarəyə qarşı heç bir raket hücumu olmayıb.

AZƏRTAC xəbər verir ki, bu fikirlər İran Mülki Aviasiya Təşkilatının yaydığı açıqlamada əks olunub.

Açıqlamada bildirilir ki, təyyarənin qəzaya uğramasının hər anının videogörüntüləri var. Təyyarənin vurulması haqqında səslənən fikirlər həqiqəti əks etdirmir.

Qeyd edək ki, Kanadanın Baş Naziri Castin Trüdo 167 sərnişinin ölümü ilə nəticələnən qəzaya səbəbin raket hücumu olduğunu bildirib. Onun sözlərinə görə, təyyarə İranın “yer-hava” tipli raketi ilə təsadüfən vurulub. ABŞ Prezidenti Donald Tramp da xüsusi xidmət orqanlarından təyyarənin vurulması barədə informasiya aldığını bildirib.

Rəsmi Tehran isə bəyan edib ki, təyyarə qəzasından siyasi məqsədlər və İrana qarşı növbəti qarayaxma kampaniyası üçün istifadə olunur.

İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Abbas Müsəvi də keçirdiyi mətbuat konfransında bildirib ki, təyyarənin vurulması ilə bağlı yayılan xəbərlər əsassızdır və İrana qarşı təbliğat xarakteri daşıyır.