İran İslam Respublikasının xarici işlər naziri Naxçıvan Muxtar Respublikasında səfərdə olub

Yanvarın 30-da İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif və rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasında səfərdə olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov İranın xarici işlər naziri Məhəmməd Cavad Zəriflə görüşüb.

Ali Məclisin Sədri qonağı Naxçıvanda görməkdən məmnunluğunu bildirib və muxtar respublikaya səfərinin əhəmiyyətini vurğulayıb.

Məhəmməd Cavad Zərif göstərilən səmimi münasibətə görə minnətdarlıq edərək deyib: “İran İslam Respublikası Azərbaycan və onun Naxçıvan Muxtar Respublikası ilə əlaqələrə mühüm əhəmiyyət verir. Sevinirəm ki, Azərbaycana budəfəki səfərimi Naxçıvan Muxtar Respublikasında başa çatdırıram. İran İslam Respublikası Qarabağın işğaldan azad olunmasına çox şaddır. Səfərimin məqsədi region ölkələri arasında sülhün bərqərar olunması və yeni əməkdaşlıq imkanları ilə bağlı müzakirələr aparmaqdır. Ümid edirik ki, yaxın gələcəkdə bölgədə çoxtərəfli əməkdaşlığın təşkilinə nail olunacaq. Bu mənada, Naxçıvan Muxtar Respublikasının regionun birləşməsində çox mühüm əhəmiyyəti vardır”.

Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İran İslam Respublikası arasındakı əlaqələrdən danışan Ali Məclisin Sədri bildirib ki, Ermənistanın işğalçılıq siyasətinə son qoyulması bölgə üçün geniş imkanlar açır. Naxçıvan isə bölgənin logistik mərkəzidir. Regional əməkdaşlığa 30 il bundan əvvəl də başlamaq olardı. Lakin Ermənistanın uzun illər həyata keçirdiyi işğalçılıq siyasəti bölgənin inkişafına böyük maneçilik törətdi.

Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri Seyid Abbas Musəvi və Naxçıvandakı Baş konsulu Seyid Əhməd Hüseyni görüşdə iştirak ediblər.

Səfərlə bağlı mətbuat bəyanatı olub

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zəriflə görüşündən sonra mətbuata bəyanatla çıxış olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov deyib: “İran İslam Respublikasının xarici işlər nazirinin Naxçıvana səfəri bölgə dövlətlərinin birgə əməkdaşlığının təşkili ilə bağlıdır. Bölgə dövlətlərini əhatə edən səfər Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında başa çatır. Ermənistanın işğalçılıq siyasətinə son veriləndən sonra bölgə dövlətləri arasında əməkdaşlığın yaradılması səfərin əsas müzakirə mövzusu olmuşdur. Təşəbbüsə və səfərə görə İran İslam Respublikasının xarici işlər nazirinə minnətdarlıq edirik. Əminik ki, bu səfərin nəticələri uğurlu olacaqdır. Təbii ki, bu da bölgə dövlətlərinin birgə fəaliyyətindən asılıdır”.

İran İslam Respublikasının xarici İşlər naziri Məhəmməd Cavad Zərif deyib: “Mən çox şadam ki, regiona səfərimi Bakıdan başlayıb Naxçıvanda bitirirəm. Naxçıvan Muxtar Respublikası gələcəkdə Qafqazda yaranacaq sülh əməkdaşlığı üçün mərkəz rolunu oynayacaqdır. Elə etməliyik ki, müharibənin acı nəticələri bir daha yaşanmasın. Buna da bir-birimizlə faydalı əməkdaşlıq etməklə nail olmaq mümkündür. Bu əməkdaşlıqda və kommunikasiya yollarının birləşməsində Naxçıvan Muxtar Respublikasının çox böyük əhəmiyyəti vardır. Beş ölkədə səfərdə olduğum zaman aparılan danışıqların nəticəsi olaraq əminəm ki, istər şimal-cənub, istərsə də cənub-qərb dəhlizləri olmaqla, gələcəkdə yaxşı əməkdaşlıq edə, telekommunikasiyalar quraraq əməkdaşlığımızı daha yüksək səviyyəyə çatdıra bilərik. Bunun nəticəsində də Fars körfəzini Rusiyaya və Qara dənizə birləşdirə bilərik. Bütün bu dəhlizlərin işə salınmasında Naxçıvan Muxtar Respublikasının böyük əhəmiyyəti olacaqdır”.

Əvvəlkiİlham Əliyev Vladimir Putinə zəng edib
NövbətiAzərbaycan ilə Rusiya arasında Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti müzakirə edilib