İrəvan qaynayır, Kreml pat durumda: Növbəti gediş…

Köçəryanın həbsinin daxili siyasətdə Paşinyan üçün hər hansı neqativ nəticələrini gözləməyə dəyməz. Dağlıq Qarabağdakı silahlı birləşmələr üzərində bu klikin təsiri nə qədərdir, onu bilmirəm. Bəlkə də Paşinyanın tez-tez Qarabağa getməsi Ermənistanda klanın zərərsizləşdirilməsi ilə əlaqədar orada etirazların baş qaldırması ehtimalı qarşısında preventiv tədbirlər görmək və öz mövqelərini möhkəmləndirməyə çalışmaq niyyətindən irəli gəlir.

Türk.az xəbər verir ki, bu sözləri politoloq Şahin Cəfərli deyib. O bildirib ki, bu gün o vaxtkı prezident, etirazların qan içində boğulması əmrini vermiş Robert Köçəryan təqsirləndirilən şəxs qismində müstəntiqlərin qarşısındadır və onun barəsində həbs qərarı çıxarılması üçün məhkəmə prosesi başlayıb:

“Köçəryan bunu “vendetta” və “dövlətin altına bomba qoyulması” kimi qiymətləndirir. Vendetta məsələsində bəlkə də haqlıdır. Ölkənin 2-ci, “Arsaxın 1-ci prezidenti”ni, müharibənin ermənilər adına qəhrəmanlarından birini həbs etmək riskli addım kimi görünür, amma Ermənistan toplumunda Qarabağ klanının nüfuzu heç vaxt güclü olmayıb. Nə qədər qəribə görünsə də, Qarabağ və ətraf rayonların işğalında xüsusi rol oynamış bu adamlara Ermənistanda simpatiya saman alovu şəklində effektli olub və tez sönüb. Başqa bir paradoks Ermənistanın və ermənilərin tarixində çox mühüm rola malik Rusiyaya xüsusi sevginin olmamasıdır”.

Politoloq vurğulayıb ki, Ermənistanda baş verən prosesləri izləyən Rusiya pat vəziyyətindədir:

“Bir tərəfdən Rusiyanın Ermənistanda mövqeləri çox güclüdür, amma xalqın qəbul edəcəyi bir lider tapıb, onun üzərində öz siyasətini qurmaqda çətinlik çəkir. Sərkisyanın varisi qismində “Qazprom”un kadrı Karapetyanı hazırlamışdılar, amma plan iflasa uğradı. Növbəti gedişləri nə olacaq, maraqlıdır, yəqin ki, uzun müddət seyrçi qalmayacaqlar”.

ƏvvəlkiDÜNYANI İDARƏ EDƏN MƏRKƏZLƏRDƏN BİRİ: BİLDERBERQ KLUBUNDA SON DURUM
NövbətiMətbuat Şurası ilə Udmurtiya Jurnalistlər İttifaqı arasında memorandum imzalanıb