İrəvan: həqiqət necə varsa

Regionun təcəvüzkar və terrorçu dövlətinə çevrilmiş Ermənistan Respublikasının
yerləşdiyi ərazi qədim türk-oğuz yurdudur. Cəmi ikiyüz il əvvəl bura Azərbaycan
dövləti olan İrəvan xanlığının torpaqlarıydı. İki min əvvəldə bu ərazinin aborigen
sahibləri Azərbaycan türkləri olub. Xalqımızın formalaşmasında iştirak etmiş
hürrilər, kimmerlər, iskitlər, saklar, hunlar və digər çoxsaylı oğuz və qıpçaq
türkləri bu regionda yaşayıblar.

Əslində bu həqiqətləri ermənilər özləri də bilir. Erməni tarixçisi Baxşi İşxanyan da
ermənilərin özlərinə həqiqi vətən hesab etdikləri “Böyük Ermənistan”ın Kiçik
Asiyada yerləşdiyini yazır.

Sadəcə olaraq ermənilər “Böhtan at, at, götürəcək” prinsipiylə informasiya
müharibəsi aparmaqda davam edirlər.

Tarixi sənədlər sübut edir ki, İrəvan şəhərinin yerləşdiyi ərazi müxtəlif zamanlarda
Urartu, Sasani, Ərəb xilafəti, Sacilər, Şəddadilər, Səlcuqilər, Eldənizlər, İlxanilər,
Teymurilər, Qaraqoyunlu, Ağqoyunlu, Səfəvilər, Əfşarlar, Qacarlar dövlətlərinin
tərkibinə daxil olub. Orta əsrlər tarixi mənbələrində şəhərin adı Rəvan və İrəvan
kimi çəkilir. İrəvan şəhərinin sosial-iqtisadi inkişafı isə Çuxur-Səəd bəylərbəyliyi
və İrəvan xanlığı dövrlərinə aiddir.

Bu barədə İsrafil Məmmədov, Yaqub Mahmudov, Nazim Mustafa, Vilayət Əliyev
kimi görkəmli tarixçilərimiz müxtəlif tədqiqatlar aparıblar. Qeyd edək ki, təqdim
etdiyimiz yazının hazırlanmasında həmin tədqiqatlardan da istifadə edilib.

Tarixə qısa bir baxış
Qərbi Azərbaycanda "Kitabi-Dədə Qorqud" dastanının izləri var. Xanlar xanı
Bayandur xaqan və bir çox digər oğuz-türk sərkərdələri burda yaşayıblar.
Qeyd etmək lazımdır ki, erməni katolikosluğu mərkəzinin 1441-ci ildə İrəvan
(Çuxursəd) bölgəsinə köçürülməsinə qədər bu torpaqlarda “hay”lara (ermənilər
özlərini belə alandırır) məxsus heç bir torpaq sahəsi olmayıb. Tədqiqatçılar sübut
edir ki, hətta erməni katolikosluğunun yerləşdiyi Üçkilsə (Valarşabad ) kəndi belə
1443-cü ildən başlayaraq ermənilər tərəfindən müxtəlif vasitələrlə hissə-hissə
Azərbaycan türklərindən alınıb.

1501-ci ildə Səfəvilər dövləti yarandıqdan sonra Azərbaycan vilayəti inzibati-ərazi
bölgüsü baxımından 4 bəylərbəyliyə bölünmüşdü və Çuxur-Səəd bəylərbəyliyi
onlardan biri idi. Bəylərbəyliyin mərkəzi İrəvan şəhəri idi və o, İrəvan
bəylərbəyliyi kimi də tanınırdı.

İrəvan xanlığı Ağrı (Ararat) dağı ilə Alagöz (Ələyəz) dağı arasında qalan və Araz
çayının hər iki sahilində yerləşən ərazini əhatə edib. Ərazisi təqribən  23,8 min  kv.

km idi və xanlığın yaranmasınadək olan dövrdə Qaraqoyunlu tayfa birliyinə daxil
olan Səədli tayfasının başçıları tərəfindən idarə olunub. Yerləşdiyi coğrafi
mövqeyinə görə Çuxur Səəd – yəni Səədin Çuxuru adlandırılıb.

Erməni tarixçisi Hovannes Şahxatunyan yazır: “390 il (1441-1828) İrəvan
xanlığını idarə edən 49 xanın hamısı Azərbaycan türkü olub. Hətta İrəvan
xanlığının ərazisində yerləşən, bu gün də fəaliyyət göstərən erməni katolik
kilsələrinin keşişlərini də İrəvan xanları təyin edirdilər. Xanların adları olan siyahı
Erməni Sovet Ensiklopediyasında öz əksini tapıb”.

Çikaqo Universitetinin siyasi elmlər kafedrasının professoru Ronald Qriqor yazır:
“İrəvan Batumi konfransına qədər müsəlman şəhəri idi”. (Stephen Holmes,
"Collapse Legacies Cultural or State? The Dilemma probing Postcommunist", in
Michael Mandelbaum (ed), Postcommunism: Four Perspectives (New York):
Council on Foreign Relations, 1996, p. 5.)

XVI əsrdə osmanlı yürüşləri zamanı sultanın katibi İrəvan şəhərini «Azərbaycan
mülkünün gözü» adlandırmışdı .

AMEA, A.Bakıxanov adına Tarix İnstitutunun hazırladığı «İrəvan xanlığı. Rusiya
işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi» kitabında
İrəvan toponimi ilə bağlı daha dolğun şərh verilir. Kitabda yazılır: «Qədim Urartu
tarixinə şərik çıxmağa çalışan erməni müəllifləri İrəvan toponiminin əsassız olaraq
Urartu mənbələrində adı çəkilən Erebuni qalasının adından götürülməsi fikrini irəli
sürürlər. XIX əsr rus müəllifi İ.Zelinski isə İrəvan toponimini həm ermənilərin
qondarma «Nuh əfsanəsi» ilə bağlı yerevum «görünən», həm də tatarların
(Azərbaycan türkləri – red.) «teçet» axan, rəvan mənasında işlətdiyini qeyd edir
[16, 1]. Lakin, bu fikirlər elmi əsasa söykənmir. İr toponiminin erməni dilində
izahı yoxdur. İr (Yer) qədim türk sözü olub «yerin  günəşə baxan üzü»nə
deyilir[bax: 9, 218]. Bəzi tədqiqatçıların fikrincə İrəvan toponimi türk
dillərində İr «dağın gündüşən tərəfi», «dalğavari dağ zirvəsi» və farsca van «yer»
sözlərindən ibarətdir. İrəvan toponiminin qədim türk teonimlərdən törənən etnik
adlar sırasına daxil edilməsi və onun qədim türklərin İr (Yer) Tanrısı ilə
eyniləşdirilməsi fikri daha düzgündür.

İrəvanın işğalı və “Erməni vilayəti”nin yaradılması

1747-ci ildə Nadir şahın öldürülməsindən sonra Azərbaycan ərazisində 20-
dək xanlıq yarandı. Bu xanlıqlardan biri İrəvan xanlığı (1747-10.II.1828) idi.
Çuxursəd bəylərbəyliyinin böyük bir hissəsində yaranan bu xanlıq 15 mahaldan –
Qırxbulaq, Zəngibasar, Qarnibasar, Vedibasar, Şərur, Suran, Bəzək, Saatlı, Tala,
Seyidli-Axaclı, Sərdarabad, Qərpı, Abran, Dərəçiçək və Göyçədən ibarət olub.
İrəvan şəhərinin özü isə inzibati cəhətdən 3 məhəlləyə bölünürdü: şəhər
məhəlləsi, Topbaşı məhəlləsi və Dəmirbulaq məhəlləsi.
İvan Şopen 1828-1832-ci illərə qədər İrəvan xanlığında əhalinin mütləq çoxluğunu
müsəlmanların, yəni azərbaycanlıların təşkil etdiyini yazmışdır. Onun

hesablamalarına görə, İrəvan əyalətində 16.075 ailə (81.749 nəfər) müsəlman,
4.428 ailə (25.151 nəfər) isə erməni idi. Amerikalı professor Castin Makkarti
Rusiya işğalına – 1828-ci ilə qədər İrəvan xanlığı əhalisinin 80 faizinin
azərbaycanlı olduğunu təsdiq edir.

İrəvan xanlığında türkdilli azərbaycanlıların yerli xalq olmasını Qafqazın ali
baş komandanı İraəvan qalasının işğalına rəhbərlik etmiş general Paskeviç də qeyd
edib. O, əhalinin milli tərkibi haqda verdiyi məlumatda burada 10 min
azərbaycanlı, 3 min erməni ailəsinin yaşadığını bildirib.

1804-1813-cü illərdə Birinci Rusiya – İran müharibəsi zamanı İrəvan xanlığı
iki dəfə (2 iyul-3 sentyabr 1804-cü il; 3 oktyabr-30 noyabr 1808-ci il) Rusiya
qoşunlarının güclü hücumlarına məruz qalıb. 1804-1813-cü illərdə II Rus-İran
müharibəsinin gedişində rus qoşunlarının İrəvan qalasını ala bilməməsi bu qalaya
"alınmaz qala" adını qazandırmışdı.

1827-ci ilin aprelindən qala yenidən mühasirəyə alındı. Nəhayət 1 oktyabr
1827-ci ildə İrəvan qalası xəyanətkar ermənilərin köməyi ilə işğal edildi.
1828-ci il fevralın 10-da Rusiya ilə İran arasında bağlanan və Azərbaycanı iki
yerə parçalayan Türkmənçay müqaviləsi ermənilərin Cənubi Qafqazda Şimali
Azərbaycan torpaqlarında yerləşməsi üçün əsas oldu. Martın 20-də I Nikolay bu
müqaviləni təsdiq etdi və ertəsi gün “Erməni vilayəti” yaradılması haqqında
fərman verilir. Fərmanda deyilirdi: “İranla bağlanmış müqaviləyə əsasən İrandan
Rusiyaya birləşdirilən İrəvan və Naxçıvan xanlıqlarını bundan sonra Erməni
vilayəti adlandırmağı hökm edir və öz titulumuza daxil edirik. ”

Erməni vilayəti İrəvan və Naxçıvan əyalətlərinə və Ordubad dairəsinə
bölünmüşdü. İrəvan əyalətinə keçmiş İrəvan xanlığının 15 mahalı, Naxçıvan
əyalətinə 5 mahal və Ordubad dairəsinə 5 mahal daxil olub. Yaradılan inzibati-
ərazi vahidinin “Erməni vilayəti” adlandırılmasının əsas məqsədi ermənilərin İran
və Türkiyə ərazisindən köçürülüb gətirilərək yeni işğal olunmuş ərazilərdə xristian
bufer zolağı yaratmağa xidmət edirdi. Təqdqiqatçılar Rusiyanın öz niyyətinə
çatdıqdan sonra vilayətin adından “erməni” ifadəsi götürüldüyünü qeyd edirlər.

Ermənilərin Qafqaza köçürülməsi
General Paskeviç İrandan köçürülən ermənilərin İrəvan və Naxçıvan əyalətlərinə
istiqamətləndirilməsi haqqında göstəriş vermişdi. 1828-ci il fevralın 26-dan iyunun
11-dək, yəni üç ay yarım ərzində İrandan Şimali Azərbaycana – İrəvan, Naxçıvan
və Qarabağ xanlıqlarının ərazisinə 8249 erməni ailəsi, başqa sözlə, ən azı 40 min
nəfər erməni köçürüldü. Bundan bir az sonra Şimali Azərbaycan torpaqlarına
Osmanlı dövləti ərazisindən daha 90 min nəfərdən artıq erməni gətirildi. Arxiv
materialları ermənilərin İrandan və Türkiyədən Azərbaycan torpaqlarına
köçürülüb gətirilməsini sübut edir. Kütləvi köçürmələrə baxamayaraq İrəvan
xanlığı ərazisində demoqrafik vəziyyəti birdən-birə dəyişmədi. Paskeviç, hətta
ermənilərin köçürülüb gəlirilməsindən sonra belə, İrəvan bölgəsi əhalisinin dörddə
üç hissəsinin Azərbaycan türkləri olduğunu etiraf edirdi.

Tanınmış rus tədqiqatçısı N.Şavrov ermənilərin Cənubi Qafqaza köçürülməsi
prosesini və köçürülüb gətirilmiş ermənilərin sayını araşdırdıqdan sonra 1911-ci ildə yazırdı:- “Hazırda Cənubi Qafqazda yaşayan I milyon 300 min erməninin 1
milyondan çoxu bu diyarın yerli əhalisi deyil. Onları bura biz köçürüb gətirmişik”.
Bu köçürmələrlə Azərbaycan torpaqlarında ermənii dövləti yaratmaq üçün
ilk addımlar atıldı. Buna baxmayaraq 1828-ci ildə ermənilərin köçürülmə
kampaniyası başa çatdırıldıqdan sonra "Erməni vilayəti”ndə olan 1125
kəndin 1111-də ancaq Azərbaycan türkləri yaşayırdı.

1840-cı ildə “Erməni vilayəti" ləğv edildi və onun ərazisində İrəvan, Yeni Bayazid,
Gümrü və Sürməli qəzaları yaradıldı. 1849-cu ildə isə bu torpaqlarda yeni inzibati-
ərazi vahidi – İrəvan quberniyası yaradılması ilə Qərbi Azərbaycanda ermənilər
üçün dövlət yaradılması yolunda növbəti addım atıldı. Bundan sonra ermənilərin
İran və Türkiyədən İrəvan quberniyası ərazisinə, həmçinin digər Azərbaycan
torpaqlarına köçürülməsi prosesi daha da sürətləndirildi.

Teatr mədəniyyəti
Qərbi Azərbaycanın türk-oğuz yurdu olmasını qədim dövrlərə aid maddi-
mədəniyyət nümunələri ilə yanaşı son əsrlər ərzində buranın mədəniyyət həyatı da
sübut edir. Təsadüfi deyil ki, Firidun bəy Köçərli İrəvan şəhərini “mərkəzi-üləma,
füzəla və şüəra” şəhəri – yəni üləmalar, fazillər və şairlər şəhəri adlandırdı.
İrəvanda ilk təhsil müəssisəsi olan ibtidai məktəb 1832-ci ildə fəaliyyətə başlayıb.
Sonradan İrəvanda Gimnaziya və İrəvan Müəllimlər Seminariyası da açılıb. Bu
təhsil müəssisələrini bitirənlər Azərbaycan elminə, mədəniyyətinə, incəsənətinə
böyük töhfələr veriblər.

İrəvan şəhərində ilk teatr tamaşaları XIX əsrin ikinci yarısında göstərilib.
Əslində ondan çox-çox əvvəllərdə qədim mədəniyyət mərkəzlərindən biri kimi,
İrəvan şəhərində də azərbaycanlıların yüzillər boyu formalaşdırdığı müxtəlif
səpkili bayramlar, meydan tamaşaları, el şənlikləri və kütləvi dini mərasimlər
keçirilirdi. Ədəbi-bədii məclislərin keçirilməsi, şənlik və toy ənənələri, aşıqların
günlərlə dastan söyləmələri teatr tamaşalarını xatırladırdı. Xalq teatrlarının
yaranmasında mühüm rol oynayan bu tamaşa elementləri
hələ orta əsrlərdə Avropadan gələn səyyahları heyran edirdi. Fransız səyyahı Jan
Şardən 1673-cü ildə İrəvanda olarkən Xan sarayında olarkən göstərilən musiqili
kompozisiyanı Avropadakı teatr sənətinə bənzətmişdi.

Erməni tarixçisi Tadevos Hakopyan “İrəvan tarixinin oçerki” kitabında
azərbaycanlı müəllimlərin təşkil etdikləri teatr həvəskarları dərnəyi özünün ilk
tamaşasını gimnaziyanın müəllimi Firudin bəy Köçərlinin rəhbərliyi altında 1884-
cü ildə göstərdiyi etiraf edir. Tarixçi alim İsrafil Məmmədov İrəvanda Azərbaycan
dilində oynanılan ilk tamaşanın səhnələşdirmə tarixini dəqiqləşdirib. İrəvanda
erməni dilində nəşr edilən “Psaq” (“Çələng”) qəzetində 10 aprel 1882-ci il
tarixində “Xryusi” imzası ilə dərc edilən “Fars teatrı” başlıqlı məqalədən bəlli olur
ki, 1882-ci il aprelin 2-də İrəvanda Müqəddəs Qayane məktəbinin salonunda

İrəvanın kasıb müsəlman tələbələrinə kömək məqsədilə, Azərbaycan türkcəsində
“Tamahkarlıq düşmən qazanır” pyesi ikinci dəfə tamaşaya qoyulub.
XX əsrin əvvəllərində İrəvanda Azərbaycan teatrı ciddi uğurlara imza atıb. Və
1928-ci ildə dövlət statusu alıb. 1935-ci ildə isə teatra görkəmli dramaturq Cəfər
Cabbarlının adı verilir və tək İrəvanın deyil, bütün Ermənistanın mədəni həyatında
xüsusi yer tutmağa baçlayır. Lakin 1948-ci ildən başlayaraq İrəvan və onun ətraf
rayonlarında yaşayan türk əhalisinin məcburi olaraq Azərbaycana deportasiyası bu
sahəyə də mənfi təsirini göstərdi – 1949-cu ildə teatr Göyçə mahalının Basarkeçər
rayonuna köçürüldü. 1967-ci ildə Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan
Dram Teatrı yenidən bərpa olundu və İrəvan şəhərinə geri qaytarıldı. Teatrın
rəhbərlərindən olmuş Hidayət Orucovun xatirələrində İrəvan teatrına qarşı
ermənilərin münasibətinin getdikcə soyuqlaşması haqqında ətraflı məlumatlar
verilir. Qeyd edək ki, erməni vandalları 1988-ci ildə teatrın ləvazimatlarını
yandıraraq fəaliyyətini dayandırdılar.

İrəvan xalçaları
Ermənilər ərazilərimizə olan iddialarını buranın maddi-mədəniyyət tarixinə də
yönəltməyə çalışırlar. Lakin tarixi saxtalışdırmaq cəhdləri gec-tez cavabın tapır.
Ermənilər xalçalarımıza sahib çıxmaq istəsələrdə İrəvan xalçarının Azərbaycan
xalçalarının xüsusi bir qrupu olduğu tarixi həqiqətdir.

İrəvan qrupu Qərbi Azərbaycanın Ağbaba, Şörəyel, Loru, Pəmbək, Şəmşəddin,
Göyçə, Vedibasar, Gərnibasar, Zəngibasar, Talın, Aparan mahallarında, həmçinin
İrəvan şəhərində “Gördəst” üsulu ilə toxunan xalça və xalça məmulatlarını əhatə
edir. Xalçaçı-ekspert, professor Vidadi Muradov ağ, qara, qırmızı, sürməyi, mor,
mavi,sarı, yaşıl kimi təbii mənşəli boyaqlarla boyanan dəvə, qoyun yunundan
hazırlanmış iplərdən, keçi qəzilindən toxunan İrəvan qrupuna aid xalça nümunələri
həndəsi və nəbati elementlərin, mifoloji quş, heyvan təsvirlərinin zənginliyi ilə
seçildiyini yazır. Coğrafi baxımdan Şərqi Anadolu, Naxçıvan, Qazax-Borçalı,
Qarabağ və Təbrizlə yaxınlığı Qərbi Azərbaycan xalçalarının həmin bölgələrdə
toxunan xalça nümunələri ilə oxşarlığını şərtləndirən əsas amildir.
1948-53-cü illər deportasiyası və 1988-ci ildə Ermənistandan

Azərbaycanlıların didərgin salınması
1918-ci il mayın 28-də cənubi Qafqazda üç müstəqil dövlət – Azərbaycan,
Gürcüstan, Ermənistan dövlətləri yarananda Azərbaycan Milli Şurası 29 may
tarixli qərarı ilə İrəvan şəhərini ermənilərə paytaxt kimi güzəştə getməyə məcbur
oldu. 1918-1920-ci illərdə mövcud olmuş daşnak hakimiyyəti dövründə Qərbi
Azərbaycanın hər yerində olduğu kimi İrəvan şəhərində də azərbaycanlılara qarşı
soyqırım, xalqımıza məxsus maddi-mədəniyyət abidələrinə qarşı isə vandalizm
aksiyaları həyata keçirildi.

Sovet hakimiyyəti illərində də azərbaycanlıların diskriminasiyası Ermənistanın
dövlət siyasətinin ana xətti olmuşdur. 1924-cü ildə Aleksandr Tamanyanın

layihəsi əsasında həyata keçirilən İrəvan şəhərinin rekonstruksiyası, əslində türk-
oğuz izini silməyə hesablanmışdı. Zal xan (Şəhər) məscidi Rəssamlar İttifaqının
sərgi salonuna çevrildi, Dəmirbulaq məscidindən başqa qalan bütün məscidlər
yerlə yeksan edildi, Göy məsciddə isə İrəvan şəhər Tarix Muzeyi yerləşdirildi.
II Dünya müharibəsindən sonra ermənilərin bu sahədə canfəşanlığı gücləndi. 1948-
1953-ci illərdə 150.000 nəfərə yaxın azərbaycanlı öz ata-baba yurdlarından –
dağlıq-yaylaq iqliminə malik torpaqlardan Azərbaycan SSRİ-nin isti Mil-Muğan
düzünə deportasiya olundu. İ.Stalinin imzaladığı qərarda köçürülmə müddəti 1948-
1950-ci illər müəyyən olunduğu halda azərbaycanlıların köçürülməsi prosesi 1953-
cü ilə qədər davam etdirildi. 1948-53-cü illər deportasiyası zamanı məqsədli
şəkildə soydaşlarımızın Qarabağ bölgəsinə və ümumiyyətə Ermənistanla
həmsərhəd rayonlara köçürülməsinin qarşısı alınırdı.

1945-ci ildə SSRİ-də qəbul eilən 5 illik planda Azərbaycanın Kür-Araz ovalığının
yenidən qurulması və 104 min hektar ərazini əkin üçün yaralı vəziyyətə salmaq
nəzərdə tutulurdu. Əsl məqsəd isə Emənistanda yaşayan yerli əhali olan
azərbaycanlıların deportasiyasına hüquqi əsas qazandırmaq idi. O dövrün
şahidlərinin bildirməsinə görə, “Türksüz Ermənistan” planın bu mərhələsi 1946-
47-cı illlərdə Suriya, İran, Misir, Livan və digər ölkələrdən 85 mindən çox ermənin
Ermənistana köçürülməsiylə başlamışdı. Onları məqsədli şəkildə azərbaycanlıların
sıx yaşadığı bölgələrə yerləşdirirdilər. Həmin vaxtlrda İrəvan şəhəri və ətraf
ərazilərdə də etnik təmizləmə aparıldı.1948-53 cü illərdə Ermənistanın 24
rayonunun 200 yaşayış məntəqəsindən 150 mindən çox azərbaycanlı
“könüllülük” adıyla qədim yurdlarından çıxarıldı.

1948-1953-ci illər deportasiyasında doğma yurd-yuvasını tərk etməyən
azərbaycanlılar isə 1988-ci ildə – Sovet İttifaqının dağılması ərəfəsində erməni
silahlı birləşmələri tərəfindən kütləvi soyqırıma məruz qaldılar və tarixi
torpaqlarından qovulub çıxarıldılar. Həmin hadisələrdə 216 nəfər soydaşımız qətlə
yetirildi. Onlardan 34-ü işğəncə ilə öldürüldü, 1 nəfər asıldı, 15 nəfər yandırıldı, 48
nəfər borana düşdü və 20 nəfər isə xəstəxanalardan yoxa çıxarıldı. Həmin vaxtda
Ermənistanın 37 rayonunun 16-sında azərbaycanlılar yaşayırdılar. Onların tərk
etməyə məcbur qaldıqları ərazi isə 15 min kvadrat km-dən çox idi. Bununla da
“Türksüz Ermənistan” planın son mərhələsi həyata keçirildi.

Ötən əsrin əvvəllərində İrəvanda yağış yağanda erməniləri bazardan çıxarırdılar ki,
onların üzərindən tökülən su torpağı murdarlamasın.

İndi həm İrəvan, həm də bütün Qərbi Azərbaycan torpaqları həmin təmiz
yağışların həsrətindədir…

Şöhrət Eyvazov

Məqalə Vətəndaş İştirakçılığının Təşviqinə Dəstək İctimai Birliyinin “Tarixi torpaqlarımız – Göyçə, Zəngəzur, İrəvan” mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur.

ƏvvəlkiErivan Fortress
NövbətiYAP Gəncə şəhər Təşkilatı ADAU-da konfrans keçirib