İlham Əliyev Türkiyənin nəqliyyat və infrastruktur nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 4-də Türkiyə Respublikasının nəqliyyat və infrastruktur naziri Mehmet Cahit Turhanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Dövlətimizin başçısı Türkiyənin nəqliyyat və infrastruktur naziri Mehmet Cahit Turhanın XXIV “Bakutel” Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgisində böyük heyətlə iştirakından məmnunluğunu bildirdi. Prezident İlham Əliyev Azərbaycanla Türkiyə arasında ikitərəfli münasibətlərin bütün sahələrdə, o cümlədən nəqliyyat və infrastruktur sahəsində uğurla inkişaf etdiyini bildirdi. Nəqliyyat sahəsində əməkdaşlığımıza toxunan dövlətimizin başçısı ölkələrimizin birgə həyata keçirdiyi layihələrdən danışaraq keçən il istifadəyə verilən Bakı-Tbilis-Qars dəmir yol layihəsinin təkcə regionda deyil daha geniş məkanda böyük önəm daşıdığını vurğuladı. Dövlətimizin başçısı rabitə sahəsində də ölkələrimizin birgə iş birliyi apardıqlarını, Türkiyə şirkətlərinin bu sahədə uzun illər fəaliyyət göstərdiklərini dedi və rabitə sahəsində əməkdaşlığımızın daha da genişləndirilməsi üçün böyük perspektivlərin olduğunu bildirdi.

Türkiyənin nəqliyyat və infrastruktur naziri Mehmet Cahit Turhan Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırdı. Azərbaycanla Türkiyə arasında əlaqələrin dərin tarixi köklərə malik olduğunu vurğulayan qonaq Azərbaycanda bütün sahələrdə, o cümlədən infrastruktur və şəhərsalmada böyük inkişafın şahidi olduğunu dedi. Mehmet Cahit Turhan bildirdi ki, ulu öndər Heydər Əliyevin ifadəsi ilə desək Azərbaycanla Türkiyə “Bir millət, iki dövlət”dir və Azərbaycanın əldə etdiyi uğurlar Türkiyədə böyük sevinclə qarşılanır. Türkiyəli nazir Azərbaycanla Türkiyənin bundan sonra da birgə uğurlu layihələr həyata keçirəcəklərini məmnunluqla qeyd etdi.

Dövlətimizin başçısı Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkiyə Prezidentinə çatdırmağı xahiş etdi.

Əvvəlkiİlham Əliyev İranın rabitə və informasiya texnologiyaları nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Növbətiİlham Əliyev ABŞ-ın Müdafiə Nazirliyinin nümayəndə heyətini qəbul edib