İlham Əliyev keçmiş deputatın vəfatı ilə bağlı nekroloq imzalayıb

Prezident İlham Əliyev keçmiş deputat Miri Qənbərovun vəfatı ilə bağlı nekroloq imzalayıb.

Türk.az-ın xəbərinə görə, nekroloqda deyilir:

“Azərbaycan ictimaiyyətinə ağır itki üz vermişdir. “Azərkontrakt” Səhmdar Cəmiyyətinin sədri Miri Əhəd oğlu Qənbərov 2020-ci il fevral ayının 11-də ömrünün 85-ci ilində vəfat etmişdir.

Miri Qənbərov 1935-ci il mayın 25-də Lerik rayonunun Siyov kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1952–1954-cü illərdə Lənkəran kərpic zavodunda texnik-nəzarətçi və komsomol təşkilatının katibi işləmiş, 1954–1956-cı illərdə Bakı Kooperativ Texnikumunda oxumuş, 1959–1964-cü illərdə isə Azərbaycan Dövlət Universitetinin iqtisadiyyat fakültəsində əmtəəşünaslıq ixtisası üzrə ali təhsil almışdır.

Miri Qənbərov 1956-cı ildən etibarən Azərbaycan İstehlak Cəmiyyətləri İttifaqı sistemində fəaliyyət göstərmiş, 1961-ci ilədək “Azərittifaq”ın mərkəzi aparatında əmtəəşünas və baş əmtəəşünas, 1961–1978-ci illərdə “Azərittifaq”ın təsərrüfat, tikinti və sənaye malları satışı idarəsində direktor və baş direktor, 1978–1979-cu illərdə yenidən “Azərittifaq”ın mərkəzi aparatında baş əmtəəşünas, 1979–1980-ci illərdə “Azərittifaq” İstehsalat İdarəsinin rəisi olmuş, 1980–1981-ci illərdə Bakı Şəhər Ticarət İdarəsində şöbə rəisi, 1981–1982-ci illərdə Bakı şəhərinin Oktyabr rayonunda ticarət idarəsinin direktoru, 1982–1994-cü illərdə Respublika İdman və Mədəni Mallar İdarəsinin baş direktoru işləmişdir.

Miri Qənbərov 1994–1997-ci illərdə Azərbaycan Respublikasının Ticarət naziri olmuş, 1997-ci ilin iyun ayından ömrünün sonunadək “Azərkontrakt” Səhmdar Cəmiyyətinin sədri vəzifəsində çalışmışdır.

Uzun illər boyu çalışdığı vəzifəsindən asılı olmayaraq, bütün sahələrdə Miri Qənbərov daim işgüzarlıq, peşəkarlıq və təşkilatçılıq qabiliyyəti nümayiş etdirmişdir. Yüksək tələbkarlığı, dərin məsuliyyət hissi və dövlətçilik prinsiplərinə sadiqliyi ona həmkarları arasında nüfuz və hörmət qazandırmışdır. O, müxtəlif dövrlərdə respublikada ticarət sisteminin təkmilləşdirilməsi və zamanın tələblərinə uyğun qurulması, habelə ölkəmizin ticarət və iqtisadi əlaqələrinin genişləndirilməsi üçün böyük əmək sərf etmişdir.

Miri Qənbərov respublikanın ictimai həyatında fəal iştirak etmiş, bir neçə çağırış Bakı şəhər Sovetinin deputatı olmuş və müstəqil Azərbaycan Respublikasının ikinci çağırış Milli Məclisinə üzv seçilmişdir.

Miri Qənbərovun uzunmüddətli əmək fəaliyyəti yüksək qiymətləndirilmişdir. O, Azərbaycan Respublikasının iqtisadi inkişafındakı xidmətlərinə görə bir sıra orden və medallarla, eləcə də 2005-ci ildə ölkəmizin ali mükafatlarından olan “Şöhrət” ordeni ilə, 2010-cu ildə isə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilmişdir.

Tanınmış ictimai xadim və səmimi insan Miri Əhəd oğlu Qənbərovun əziz xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.

Allah rəhmət eləsin!”

Nekroloqu imzalayıblar:

İlham Əliyev

Mehriban Əliyeva

Əli Əsədov

Oqtay Əsədov

Samir Nuriyev

Şahmar Mövsümov

Natiq Əmirov

Eldar Əzizov

ƏvvəlkiSeçkiyə görə baş həkimə şiddətli töhmət verildi
NövbətiAzərbaycanın ekoloji risklər xəritəsi tərtib olunub