Kəpəz dağının cənub ətəklərində XVIII əsrə aid qəbiristanlıq tapılıb

Kəpəz dağının cənub ətəklərində, dəniz səviyyəsindən təxminən 2500 metr yüksəklikdə qəbiristanlıq aşkar edilib.

AMEA-dan bildirilib ki, yerüstü əlamətləri olan və bir-birindən 2-3 metr aralıda yerləşən qəbirlərin əksəriyyətinin üzərində ərəb əlifbasında yazılara rast gəlinib. Bundan əlavə, ərazidə bir neçə kurqan-sərdaba tipli dəfn qaydasının izləri da müşahidə edilib.

Arxeoloq alim Elnur İmanov bildirib ki, epitafiyalara əsasən qəbirlərin bir çoxu XVIII əsrin sonlarına aiddir və qiblə istiqamətində olması onların müsəlmanlara mənsubluğunu göstərir.

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Anar Ağalarzadə isə qəbir daşlarında ərəb dilinin süls elementli nəstəliq xətti ilə sözlər yazıldığını qeyd edib.

Kəpəz qəbiristanlığında ölkəmizin digər ərazilərində oxşar həmdövr abidələrdəki sərdaba, baş və sinədaşları kimi daşların qoyulduğunu görmək mümkündür. Bir çox daşların bədii tərtibatına xüsusi önəm verilib. Daşların üzərində müxtəlif ornamentlər müşahidə olunur. Epiqrafik yazılar və təsvirlər qabartma, həmçinin oyma üsulu ilə işlənilib.

ƏvvəlkiBakıda “Rəqəmli hüquq: fərdi məlumatların mühafizəsi” tədbiri keçirilir
NövbətiTəhsil Nazirliyi: 3 min 100 təhsil müəssisəsi dezinfeksiya olunub