İcra hakimiyyəti videogörüntülərə münasibət bildirdi

Sabunçu Rayon İcra Hakimiyyəti (RİH) sosial şəbəkələrdə yayılan videogörüntülərə münasibət bildirib.

İcra hakimiyyətindən “Report”unn sorğusuna cavab olaraq bildirilib ki, Əmlak Məsələləri Dövlət Komitəsinin balansında olan Zabrat qəsəbəsi, Aşıq Ələsgər (keçmiş Tramvay) küçəsi 6 ünvanında yerləşən “Azərkirayə”nin 150 yerlik avtomobil qarajının yarımçıq tikilisində 42 məcburi köçkün və 1346-cı məhəllə 65 ünvanında yerləşən İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin balansında olan Mexanizasiya və Tikinti-İstehsalat İdarəsinin ərazisində 38 məcburi köçkün ailəsi məskunlaşıb:

“FHN-in rəyinə əsasən göstərilən ünvanlardakı tikililər kəskin qəzalı hesab olunduğundan orada yaşayan məcburi köçkün ailələrinin Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən yaşayış şəraitinin yaxşılaşdırılması məqsədilə köçürülməsi başlanılıb. Bu tikililərdə məcburi köçkün ailələrindən başqa 11 ailə respublikanın müxtəlif bölgələrində qeydiyyatda olmaqlarına baxmayaraq qeyd olunan ünvanda yaşayırlar.

Sosial şəbəkələrdə yayılan videogörüntülərlə bağlı bildiririk ki, qeyd olunan ünvanda yaşayan 11 ailəyə Heydər Əliyev Fondunun nümayəndələri, Sabunçu rayon İcra Hakimiyyəti başçısının Zabrat qəsəbəsi üzrə nümayəndəliyi və Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsi tərəfindən ərazaq yardımı göstərilib”.

ƏvvəlkiSəfirlik Türkiyədəki Azərbaycan vətəndaşlarının durumu ilə bağlı məlumat yayıb
NövbətiPrezident bu qurumun nizamnaməsini dəyişdi